Əlaqə Arxiv
news Image
2017.10.16
16:52
| A A A
Şəkər xəstələrinin sayı artır
Yusif İsmizadə: “İkinci tip şəkər xəstələrinin sayının artması əsasən düzgün qidalanmamaq, stress, piylənmə ilə əlaqədardır”

Son illər şəkərli diabetdən əziyyət çəkən xəstələrə daha çox rast gəlinir. İkinci tip diabet xəstələri ilə demək olar ki, çox tez-tez rastlaşırıq. Əvvəllər ikinci tip şəkər xəstələrinə 50 yaşdan yuxarı olan insanlarda rast gəlinirdisə, son illər şəkər xəstəliyinin artımı ilə yanaşı cavanlaşması da müşahidə edilir. Bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə də təsdiqləyir. Y. İsmizadə deyir ki, ümumiyyətlə dünyada hər il şəkər xəstələrinin sayında 10-15 faiz artım qeydə alınır. Y. İsmizadə əsasən ikinci tip diabet xəstələrinin sayında artımın müşahidə edildiyini söyləyir. Onun sözlərinə görə, dünyada olduğu kimi bu proses Azərbaycanda da müşahidə edilir.  Onun sözlərinə görə, hazırda respublika üzrə qeydiyyatda 242000 şəkər xəstəsi qeydiyyatdadır. Y. İsmizadə onların çoxunun ikinci tip diabet xəstələri olduğunu söylədi. Həmsöhbətimiz 2014-cü ildə bu rəqəmin 226000 olduğunu bildirdi: “Ümumiyyətlə dünyada şəkər xəstələrinin sayında artım müşahidə  edilir. Eyni proses bizim ölkəmizdə də qeydə alınır. Bunun da bir sıra səbəbləri var. İkinci tip şəkər xəstələrinin sayının artması əsasən düzgün qidalanmamaq, stress, piylənmə ilə əlaqədardır. Dünya ölkələrinin çoxunda insanlar piylənmədən əziyyət çəkir. Artı    q çəkidən əziyyət çəkən insanların sayı da günü-gündən artır. Bu da nəticədə şəkər xəstələrinin sayının artmasına gətirib çıxardır. Atmosferin çirklənməsi də şəkər xəstəliyinin artmasına öz təsirini göstərir. İnsanlar bu xəstəlikdən qorunmaq üçün ilk növbədə  düzgün və sağlam qidalanmaya üstünlük verməlidirlər. Ayaqüstü, fəsd-fud yeməklərdən çəkinmək, sağlam həyat tərzi keçirmək üçün idman etmək vacibdir. Stressdən də maksimum kənar olmaq lazımdır. Bütün bunlar şəkər xəstəliyindən qorunmağa kömək edir”.

Y. İsmiyev birinci tip diabetə uşaqlar arasında rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, birinci tip diabetin səbəbləri bəlli deyil: “Respublika Endokrinoloji Mərkəz tərəfindən diabetdən əziyyət çəkən uşaqlar  insulin pompaları və onların ləvazimatları ilə təmin edilir.  Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı Respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb”. 

Həmsöhbətimiz deyir ki, ölkədə şəkər xəstələrinə pulsuz dərmanların verilməsi və özünənəzarət aparatlarının paylanması da şəkərli diabet xəstələrinin sayının artmasında rol oynayır: "Şəkər xəstələri əvvəl qeydiyyata düşmürdülər. Çünki bunu lazımlı hesab etmirdilər. Ancaq indi dövlət tərəfindən pulsuz dərmanlar və aparatlar almaq üçün heç kəs qeydiyyatdan kənarda qalmır".

Zülfiyyə QULUYEVA     

Sizin Reklam Yeriniz