İsti yay günlərində su istehlakı artır. Yayın qorabişirən aylarında ürəyini sərinlətmək istəyənlər əsasən soyuq suya, soyuq qidalara üstünlük verirlər. Bəs görəsən bu ağız boşluğu, dişlərimiz üçün hansı fəsadlar yaradır?
Movqe.az-ın bu sualını " 531 Dental" klinikanın həkim-stomatoloqu Vasif Mahmudov cavablandırıb.
“Yay fəslinin gəlişiylə, havaların qızmasıyla bərabər bədənimizdən tər vasitəsiylə itirilən mayenin miqdarı artır. Bu da orqanizmimizin suya olan tələbatının artması deməkdir. Bildiyimiz kimi bədənimizin yarıdan çoxu (70-75%) sudan ibarətdir. Məhz buna görə suya olan tələbatını ödəmək üçün insan gün ərzində çoxlu miqdarda maye qəbul etməlidir. Soyuq su içmək qızmar yay günlərində birazda olsun içimizi sərinlətsə də, bərabərində orqanizmimiz üçün bır sıra fəsadlar da törədir. Bir çox orqanımız soyuq-buzlu, qazlı, tərkibində bir çox qatqılar (o cümlədən şəkər, turşular və s.) olan sular və ən əsası ilk kontakda olduğu dişlərə mənfi təsir göstərə bilir.
Bildiyimiz kimi, dişlərimiz xaricdən bədənimizin ən sərt toxuması olan mina qatıyla əhatə olunub. Mina qatı dişlərimizi fiziki və kimyəvi qıcıqların təsirindən qoruyur. Mütəmadi soyuq sular qəbul etdikdə mina qatında çatlaqlar, daha ağır hallarda isə dişlərdə qırıqlar yarana bilər. Çat yarandıqda mina qatının tamlığı pozulur, bu isə həmin dişlərdə güclü həssaslığa və ağrılara yol açır.
Soyuq su həmçinin, dişəti xəstəlikləri və s. səbəblərdən dişəti çəkilmələri olan, dişin kökünün çılpaqlaşdığı dişlərdə də çox güclü həssaslığa yol açır. Soyuq su bu dişlərdə bir növ Şok Effekti yaradır, bu isə dişin pulpası üçün çox zərərlidir.
Qazlı içkilərin tərkibində olan karbon qazı mina qatı üçün zərərlidir. Karbon qazının yüksək konsentrasiyası mina üçün aşılayıcı təsir göstərir, dişlərin həssaslaşmasına səbəb olur, kariyesin yaranmasını sürətləndirir.
Həmçinin, qazlı içkilərin tərkibinə dadlandırıcı və rəf ömrünü artırmaq məqsədiylə əlavə olunan şəkər və turşular da (xüsusən də limon turşusu) dişlər üçün zərərlidir. Şəkərin və turşuların təsirindən kariyesin yaranması sürətlənir. Bəzi turşuluğu yüksək olan suların təsirindən hətta dişlərin boyun hissəsində eroziyalar da yarana bilər, bu isə özünü yenə də həssaslıq və ağrılarla biruzə verəcək.
Çalışın, qazlı içkiləri yemək zamanı, “çöp” vasitəsiylə qəbul edəsiniz. Qazlı su içdikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Bu zaman fırçanın mexaniki təsirindən, dişlərdə pazabənzər qüsurlar formalaşır və güclü həssaslığa səbəb olur.
Bir çox ölkələrin həkim-stomatoloqları bu kimi içkilərin istehsalçılarından, şəkər və qazın səviyyəsini maksimal olaraq azaltmasını və dişləri qoruyan və möhkəmləndirən mineralların əlavə olunmasını tələb edirlər.
İngilis Journal of Dentistry yazarlarının araşdırmalarına görə qazlı içkilərdən diş minası zərər görməklə birlikdə ağrı, həssaslıq və çürümələrə (kariyes) gətirib çıxarır.
Həmçinin soyuq sular, ağız boşluğunda yerli immuniteti zəiflədərək, altda yatan bir sıra xroniki proseslərin kəskinləşməsinə, bu da şiddətli ağrılara səbəb ola bilər.
Avstraliyalı elm insanları, diş minasının zədələnməsi və diş həssaslığının qarşısının alınması üçün qazlı içkilərdən uzaq dayanmaq, süd məhsullarının istehlakının ardından bir stəkan su içilməsi, diş fırçalarından istifadə, yemək yedikdən dərhal sonra diş fırçalanmaması təklifini irəli sürüb”.
Zülfiyyə QULUYEVA