Əlaqə Arxiv
news Image
2018.09.13
09:00
| A A A
Ərəb turistləri Azərbaycandan kimlər uzaq salmaq istəyir?!
Səfayə Əhmədova: “Azərbaycan İİV virusunun yoluxma səviyyəsinə görə, ən aşağı olan ölkələr sırasına daxildir” Esmira Alməmmədova: “Son iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb” Zülfiyyə Mustafayeva: “Ərəb turistlərin 8 min nəfərinin Bakıda İİV-ə yoluxduğunu iddia etmək üçün sübutlar olmalıdır” Nahid Bağırov: “Ərəb turistlərin üstünlük verdiyi ölkə kimi Azərbaycan bir çox ölkələrin rəqibidir”

İİV(QIÇS) bütün dünyada viruslar arasında ən təhlükəli və yoluxucu xəstəlik hesab edilir. İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Son günlər isə bu virusun Azərbaycanda geniş yayıldığına dair əsası olmayan məlumatlar yayılıb. Ərəb bloqer Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında hazırladığı videoreportajında Bakıya gələn ərəblərin gecə həyatı, onların yüngül həyat tərzi sürən qadınlarla cinsi münasibətdə olması nəticəsində səkkiz min ərəbin QİÇS xəstəliyinə yoluxduğunu iddia edib.

Rəsmi qurumlar isə Azərbaycanın İİV virusunun yoluxma səviyyəsinə görə, ən aşağı olan ölkələr sırasına daxil olduğunu bildirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova «Mövqe» qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Həmçinin İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir: "Azərbaycanda AİDS-li xəstələrin sayı  5 937 nəfərdir. Bunlardan isə yalnız 30% -i qadındır. Və bütün yoluxmuş insanların gecə həyatı sevənlər olduğunu iddia etmək yalnışdır. Çünki, Azərbaycanda İİV-ə yoluxma cinsi deyil, inyeksiya yolu ilə daha çox qeydə alınır”.

S. Əhmədova yayılmış məlumatın heç bir əsası olmadığını bildirir. Nazirlik səlahiyyətlisi bildirir ki, indiyə qədər bu virusa yoluxma ilə bağlı heç bir ərəb turist Azərbaycanda tibb müəssisələrinə müraciət etməyib: “Nə Azərbaycan vətəndaşı, nə də ərəb vətəndaşları bir-birini AİDS-ə yoluxdurmayıb. Blogger tərəfindən yayılmış məlumat böhtan xarakterlidir”.

 Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova da deyirlənləri təkzib edir. Həmsöhbətimiz bildirir ki, 8 min ərəb turistin ölkəmizdə İİV-ə yoluxduğunu heç bir rəsmi statistika olmadan iddia etmək cəfəngiyyatdır: “Biz rəsmi şəkildə bəyan edirik ki, son iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb. Bizim könüllü müayinə mərkəzlərinə də heç bir müraciət edilməyib. Ümumiyyətlə, İİV-ə yoluxan turistlərin sayının səkkiz min olduğunu iddia etmək gülüncdür.  Bunu hansı rəsmi statistikaya əsaslanaraq iddia edirlər, o özü sual doğurur. Çünki, bunu sübut edən heç bir rəsmi məlumat yoxdur. Elə bundan görünür ki, bu məlumat məqsədli şəkildə yayılıb. Hansısa maraqlara xidmət edir”.

"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayevanın  sözlərinə görə, 2016-cı ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4 faizində heteroseksual (cinsi) kontakt yolu ilə baş verib: “ 2017-ci ildə isə İİV-ə hiteroseksual kontakt nəticəsində yoluxma 50 faizdən yüksək olub.  Bu onu göstərir ki, son illər Azərbaycanda cinsi yolla İİV-in yayılmasında artım var. Amma bununla belə ərəb turistlərin 8 min nəfərinin Bakıda İİV-ə yoluxduğunu iddia etmək üçün sübutlar olmalıdır. Bunun üçün həmin turistlərin Bakıya gəlməzdən üç ay öncə İİV-ə görə müayinədən keçdiyini təsdiqləyən arayış olmalıdır. Həmçinin onlar cinsi partnyorlarını göstərməli, onların İİV daşıyıcısı olduğu laborator müayinə ilə təsdiqlənməlidir. Yalnız bu halda ölkəmizə gələn turistlərin neçəsinin bu virusa Azərbaycanda yoluxduğunu iddia etmək olar”.

Z. Mustafayevanın sözlərinə görə, Azərbaycanda İİV-ə yoluxdurma üzrə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bunda birmənalı olaraq azərbaycanlı qadınların günahkar olduğunu söyləmək də doğru olmaz: “İİV-in heteroseksual kontakt nəticəsində yayıldığını ölkəmizə gələn turist də bilməlidir. Ona görə də onların  heteroseksual kontakt zamanı prezervativ (qoruyucu)  istifadə etməsi vacibdir. Ola bilər ki, partnyorlardan biri prezervativ istifadə etməyi təklif etsin. Amma qarşı tərəf bundan imtina etsin. Bu zaman məsuliyyət birinci tərəfin üzərindən götürülür. Bütün bunlarla belə biz ölkəmizdə İİV-in yayılması ilə bağlı vəziyyəti analiz edərkən ancaq rəsmi statistikamıza güvənirik. Ərəb bloqer isə öz reportajında ərəb turistlərin ölkəmizdə İİV-ə yoluxduğunu təsdiqləyən rəsmi məlumat göstərməyib. Ona görə də bu reportajın Azərbaycanda turizmin inkişafına qarşı məqsədli kampaniyanın tərkib hissəsi də hesab etmək olar.

Z. Mustafayeva deyir ki, ümumiyyətlə turizmin inkişaf etdiyi ölkələrdə turistlərin cinsi yollarla müxtəlif viruslara yoluxma halları var: “Turizmin inkişaf etdiyi Türkiyədə əcnəbi turistlərin siflisə yoluxma faizi daha yüksəkdir. Amma rəsmi qurumlar ölkəyə gələn turistlərin sayı azalmasın deyə bu məlumatı mühafizə edir, yayılmasına imkan vermir.  Ona görə də, turistlər istər Azərbaycan, istər də digər ölkələrə turist kimi səyahət etdikdə cinsi yolla yoluxan xəstəliklərdən özləri özlərini qorumalı, məlumatlı olmalıdırlar.

Turizm üzrə ekspertlər də ölkəmizdə ərəb turistlərin İİV-ə yoluxmasının ərəb turistlərin Azərbayacana gəlişinin qarşısını almağa hesablanmış addım olduğunu söyləyirlər.

Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov deyir ki, ölkəmizdə 8000 ərəb turistin  AİDS-ə yoluxması barədə məlumat  Azərbaycanın turizmini qaralamaq, xarici turistlərin ölkəmizə axışını dayandırmaq məqsədi daşıyır: “Çünki ərəb turistlərin üstünlük verdiyi ölkə kimi Azərbaycan bir çox ölkələrin rəqibidir. Bəlkə də bu video həmin bizim rəqiblərimizin birinin sifarişi ilə çəkilibdir. Gecə klublarına gəlincə, gecə əyləncəsi dünyanın hər bir ölkəsində var. Heç bir fakta əsaslanmadan rəqəmlər səsləndirmək qeyri-peşəkarlıqdır. Rəsmi rəqəm yoxdursa, deməli sübut da yoxdur”.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz