Əlaqə Arxiv
news Image
2019.02.16
20:12
| A A A
Qəbizlik orqanizmdə çox böyük fəsadların yaranmasına səbəb ola bilər

Müasir insanı narahat edən əsas xəstəliklərdən biri də mədə-bağırsaq problemləri ilə əlaqədardır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri, professor Xaləddin Musayev deyir ki, onlara müraciət edən xəstələrin təxminən 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbizliklə əlaqədar olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə aparıb çıxarır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, professor verdiyi müsahibədə deyib ki, bəzən müəyyən xəstəliklər ucbatından öd kisəsində və mədədə əməliyyat aparılsa da, əsas patologiya qalır və xəstələrin əksəriyyəti tam sağalmır. Nəticədə qəbizlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur.

Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Xəstə dəri-zöhrəvi həkiminə və allerqoloqa üz tutur, lakin müalicənin səmərəsi olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqədar olduğu üzə çıxır, - deyə professor söhbətinə davam edib. - Bağırsağın uzanması və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb psixi-emosional durumla bağlıdır. Həmin hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər özlərini gərgin hiss edir, kurslara, repetitor yanına gedir və normal qidalanmanın pozulması qəbizlik yaradır.

Qəbzliyin yarada biləcək təhlükəsindən danışan professor Xaləddin Musayev bildirib: "Elə yeniyetmə və gənclər var ki, dərsdən çıxıb dönər, hamburger və s. fastfudla qidalanır, üstündən də hazır şirələr içir və axşama qədər başqa heç nə qəbul etmir. Təsəvvür edin, evdə təmiz meyvələrdən çəkilən şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Həmin şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gedib çatır. Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz həmin hüceyrələr orqanizmə düşən zərərli maddələrlə birləşərək inkişaf etməyə başlayır, sanki orqanizmin içində avtonomiya yaranır. Təəssüf ki, onlar inkişaf etdikcə, xərçəng hüceyrələri yaranır. Həmin səbəblərdən xərçəng xəstəliyi getdikcə cavanlaşır. Bizə müraciət edənlərin az qala üçündən biri gənc nəslin nümayəndəsidir".

Vaxtında müayinə olunmağın vacibliyinə toxunan professor bildirib ki, vəziyyətin kritik həddə gətirib çıxmasına bais çox vaxt xəstələrin özləri olur. "Məsələn, bəzən elə xəstələr var ki, onlara dəqiq diaqnoz qoyulması üçün mütləq qastroskopiyaya ehtiyac olur. Amma xəstələr loru dilsə desək, "şlanq udmaqdan" imtina edir, yaxud kolonoskopiyaya razılıq vermirlər. Bu yaxınlarda baş verən bir hadisəni xatırlayıram. Qarın ağrıları olan, qanla defekasiyaya gedən, zəifləyən gənc bir gadın müayinələrdən imtina etdi. Ailə üzvləri onun bərk soyuqlama nəticəsində bu hala düşdüyünü söylədilər. İki aydan sonra isə onu xərəkdə xəstəxanaya gətirdilər. Anemiya və qanaxma ilə müraciət edən xanımda artıq kron xəstəliyinin olduğu aşkarlandı. Halbuki vaxtında müayinə edilsə xəstəliyi müalicə ilə qabaqlamaq olardı. Onu təcili olaraq əməliyyat masasına götürdük. Yoğun bağırsaq sanki əski parçasına çevrilmiş və qapqara qaralmışdı. Əgər bir qədər də gecikmiş olsaydı perfarasiya edilməli idi...".

Professor bildirib ki, bəzən əməliyyat aparılması mütləq göstəriş olur. Amma hər bir əməliyyatın fəsadları ola bilər. Məsələn, kolonoskopiya zamanı bağırsağı işləməyən 34 yaşlı gənc bir xəstədən 12-13 litrə yaxın bağırsaq möhtəviyyatı boşaldıldı. Xəstə əməliyyata razı olmadı. Amma bir müddət sonra qarnı həddən artıq köpmüş formada yenidən müraciət etdi, onda kəskin bağırsaq keçməzliyi inkişaf etmişdi. Əməliyyat uğurla keçsə də, sonradan fəsad ortaya çıxdı, tromboz yarandı. Əlbəttə ki, əməliyyatdan qabaq mümkün fəsadların ola biləcəyi barədə xəstəyə xəbərdarlıq edirik. Şübhəsiz ki, belə halla üzləşmək nə xəstə, nə də həkim üçün xoşagələn deyil. Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır, vəziyyətin ağırlaşmasını gözləmək daha böyük problemlər yaradır.

Sizin Reklam Yeriniz