Əlaqə Arxiv
news Image
2019.04.17
14:07
| A A A
Saç boyaları bu fəsadlara yol aça bilər-Həkimlər həyəcan təbili çalır!

Qadınlar görünüşlərində dəyişikliyə adətən saçlarının rəngindən başlayırlar. Amma saçlarını müxtəlif rənglərə boyayan qadınlar arasında çox az qismi saç boyasının zərəri barədə düşünür. Həkim trixoloqlar və kosmetoloqlar isə bəzi saç boyalarının insan orqanizminə və vücuda mənfi təsiri olduğu barədə həyəcan təbili çalırlar. Məlumatlara görə, araşdırmalar zamanı Avropada saç boyalarının tərkibinə qatılan kimyəvi maddələrdən 22-i qadağan olunub. Mütəxəssislər həmin kimyəvi maddələrin nəinki baş və üz dərisinə, hətta daxili orqanlara belə mənfi təsir göstərdiyini üzə çıxardıblar. Məlumatlara görə, saç boyalarının tərkibinə qatılan bir sıra kimyəvi maddələr qaraciyərimizi belə zədələyə bilər. Təcrübələr əsasında Avropa alimləri qərara gəliblər ki, saçın ay ərzində bir dəfədən çox rənglənməsi orqanizmə böyük zərər yetirir. Belə ki, saç üçün boyanın tərkibində çox zərərli maddələr var. Bu maddələr ciyərin hüceyrələrini öldürür. Kaliforniya alimləri isə sübut ediblər ki, saç boyalarından uzun müddətli istifadə etmək sidik kisəsi xərçənginin yaranmasına səbəb olur. Bu xəstəliyi sadəcə saça rəng çaları verən boyalar belə yara bilər. Saçın daim rənglənməsi leykemiya kimi xəstəlik də yaradır. Saçı boyayan qadınlar limfoma adlanan qorxulu xəstəliyə də tutulurlar. Bu, xərçəng xəstəliyidir. Bu xəstəlik limfa sistemini sıradan çıxarır.
Terapevtlər də saç boyasının daxili orqanlara mənfi təsirinin olduğunu söyləyirlər. Terapevt Emin Dadaşzadə Movqe.az-a bildirib ki,  satışdakı saç boyalarının mütləq əksəriyyətinin tərkibi kimyəvi maddələrdən ibarət olduğundan, qadınların daha çox istifadə etdiyi məhsulların orqanizminə mənfi təsiri getdikcə artır: “İlk növbədə onu deyim ki, saç boyalarından istifadə yaşı cavanlaşır. İllər öncə saç boyalarından ancaq saçlar ağardıqda istifadə edirdilərsə, bu gün gənc xanımlar da saçını gündə bir rəngə boyayır. Yəni, saç boyalarından istifadə yaşı cavanlaşıb. Bir həkim olaraq saç boyalarından erkən istifadəni düzgün hesab etmirik. O ki, qaldı saç boyalarının orqanizmə vurduğu zərərə, biz bu gün əsasən saç boyalarının allergik təsiri ilə rastlaşırıq. Bu saç boyalarının görünən, daha çox rast gəlinən yan təsiridir. Amma saç boyalarının tərkibindəki kimyəvi maddələr də zaman-zaman orqanizmə öz mənfi təsirini göstərir. Xüsusilə saçlarını tez-tez rəngləyən xanımlarda böyrək fəaliyyətinin pozulması kimi hallardan şikayət edirlər. Bu qanda zəhərlənmə nəticəsində baş verir. Saç boyalarının tərkibinə baxsaq görərik ki, kifayət qədər zərərli kimyəvi maddələr var.  Məsələn, parafenilendiamin və anilin boyası əsasən xəz istehsalında istifadə olunur. Amma eşitdiyimizə görə, bu kimyəvi maddələr saç boyalarının da tərkibinə qatılır”. 
Terapevt bildirir ki, ən çox müraciətlər allergik təsirlərlə bağlıdır. Bizə bəzən üzü-gözü şişkin halda xəstələr də müraciət edir: “Səbəbini soruşduqda məlum olur ki, allergiya qəbul etdiyi qidadan yox, saçını boyadıqdan sonra baş verib. Ona görə də, tövsiyyəmiz odur ki, qadınlar saç boyasından ehtiyac olmadığı zamana qədər istifadə etməsinlər. İstifadə etdikdə isə bunu ən azı ayda bir dəfədən tez təkrarlamasınlar”.
 
“Ay VİP Studio”nun kosmetoloq-həkimi Aytac Əsədova isə  Movqe.az-a açıqlamasında zərərli kimyəvi tərkibi olan saç boyalarının vücuda da ciddi təhlükə yaratdığını söyləyir. Həmsöhbətimiz bildirir ki,  bu gün ticarət obyektlərində satılan saç boyalarının təhlükəsizliyinə heç kəs təminat vermir: “Ancaq distrübüter firmalar tərəfindən gözəllik salonlarına verilən saç boyalarının keyfiyyətinə təminat verilir”.
A.Əsədova  deyir ki, bu gün saç boyalarının yan təsirləri ilə bağlı ən çox rastlaşılan hal boyaların allergiyaya səbəb olmasıdır. Həkim-kosmetoloq bildirir ki, bu cür təhlükəli kimyəvi tərkibli saç boyaları qana keçdikdə zəhərlənməyə, vücudda fəsadlara belə gətirib çıxardır: “Bu yaxınlarda mən öz təcrübəmdə belə bir halla rastlaşmışdım. Həmin xanım başındakı civzəni bilmədən daraqla  qaşıdıqdan sonra saç boyasından istifadə etmişdi. Nəticədə xanımın vücudunda və başında irinli şişkinliklər əmələ gəlmişdi. Təhlükəli kimyəvi tərkibi olan saç boyalarından istifadə qana keçdikdə zəhərlənməyə, allergiyaya səbəb olaraq həm daxildə, həm də vücudda ciddi fəsadlara yol açır. Ona görə də, biz xanımlara saç boyasından istifadə zamanı mütləq bərbərlərlə məsləhətləşməyi, keyfiyyətinə zəmanət verilən boyalardan istifadəni məsləhət görürük”.
A. Əsədovanın sözlərinə görə, hamilə qadınların saç boyalarından istifadəsi qəti yolverilməzdir: “Çünki, belə halda hamilə qadınla yanaşı ana bətnindəki döl də zəhərlənə, alergik təsirə məruz qala bilər. Ona görə də, mən hamilə qadınların saç boyalarından mümkün qədər uzaq durmağa səsləyirəm”.
Həkim-kosmetoloq son illər saç boyalarından üz və gözdə şişkinliyin əmələ gəlməsi kimi fəsadlara daha çox rast gəlindiyini bildirir. 
 
Dermatokosmetoloq- trixoloq  Aynurə Həsənova da xanımları saç boyalarından istifadə zamanı ehtiyatlı olmağa səsləyir. Həmsöhbətimiz bildirir ki, bəzi  sac tiplərində, quru və zədələnmiş saçlara saç boyalarından istifadə və yaxud mütəmadi istifadə məsləhət görülmür: “Çünki, saç dərisinin hydro-lipid balansı pozula bilər.  Bu isə nəticədə kəpək və yaxud basqa problemlərə gətirib çıxarda bilər. Əsasəm saç tökülmə ilə üzləşənlərə yalnız təbii boyalar məsləhər görülür. Müasir dövrdə artiq yüksək səviyyəli təbii boyalar geniş yayılır. Ona görə hamıya məsləhətim boya seçərkən saç tipinə uyğun seçim olunmasıdır”.
Zülfiyyə QULUYEVA  

 

Sizin Reklam Yeriniz