Əlaqə Arxiv
news Image
2019.05.12
20:30
| A A A
Bunlar hətta sağlam insanın böyrəklərini sıradan çıxarda bilər!

Böyrək xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdən sayılır.

Mütəxəssislər qeyd edir ki, bir çox böyrək xəstəlikləri gizli inkişaf edərək sonda ağır patologiya olan böyrək çatışmazlığına səbəb ola bilər. Ciddi böyrək xəstəlikləri infarkt və insultun riskini 3 dəfə (!) artırır.

Bütün bunları nəzərə alaraq həkimlər ildə 1 dəfə profilaktik müayinə zamanı böyrəklərin sağlamlığını qiymətləndirmək üçün sidik və qan analizlərini verməyi, USM və terapevtin müayinəsindən keçməyi tövsiyə edirlər.

Böyrəklərin sağlamlığını qorumaq məqsədi ilə həkimlər kifayət qədər su içməyi, bədən çəkisini normada saxlamağı, təzyiqə daim nəzarət etməyi, fiziki aktiv olmağı tövsiyə edirlər.

Saglamolun.az bildirir ki, akademik Roytberq klinikasının həkimi rusiyalı nefroloq Olqa Lavrova medikforum-a böyrəklərin sağlamlığına ən ciddi zərbə vuran amilləri sadalayıb. Bu ilk növbədə spirtli içkilərin qəbuludur. Alkoqol qanın qatılaşmasına səbəb olur ki, bu böyrəklərin işini çətinləşdirir, böyrək xəstəliklərinin riskini artırır.

Həmçinin heyvani zülallarla zəngin olan qidalanma da böyrəklər üçün çox ziyanlıdır ki, bu zaman böyrək daşı xəstəliyi inkişaf edə bilər.

Həkim qeyd edir ki, hal hazırda "dəbdə" olan azkalorili pəhrizlər və monopəhrizlər (yalnız bir neçə məhsulla qidalanma) böyrəklərin sağlamlığına ciddi ziyan vurur. Balanslaşdırılmamış qidalanma zamanı orqanizmdə vacib vitaminlərin defisiti yaranır ki, bu da böyrəklərdə iltihabi proseslərinin inkişafına səbəb olur.

Lavrova bel və qarın əzələləri möhkəmləndirən fiziki məşğələlərlə məşğul olmağı tövsiyə edir. Belə məşğələlər zamanı qan dövranı yaxşılaşır, durğunluq prosesləri azalır və bu da sidik ifrazı sistemində iltihabların riskini azaldır.

Mütəxəssis böyrək xəstəliklərinin simptomlarını da sadalayıb:

- sidiyin bulanıq olması

- sidikdə qan

- sidik ifrazının azalması

- bel nahiyəsində ağrılar və diskomfort

- hərarətin səbəbsiz qalxması

- üz, qarın və ayaqların ödemləri (şişməsi)

- zəiflik

- iştahanın azalması

- ağızda quruluq

- keçməyən susuzluq hissi.  

Bu simptomların əmələ gəlməsi həkimə müraciət üçün ciddi səbəbdir.

Sizin Reklam Yeriniz