Əlaqə Arxiv
news Image
2019.12.04
16:25
| A A A
Əksər xanımların kabusuna çevrilmiş VARİKOZ

Son dövrlər əhatəmdə olan yaxınlarımın əksəriyyəti Varikoz adlanan damar xəstəliyindən əziyyət çəkir. Ayaqlarda əmələ gələn varikoz ağrı verməklə bərabər, bir çox xanımlarımızı ilin bütün fəsillərində ayaqlarını gizlətməyə vadar edir, xanımlarda kompleks yaradır.

Varikoz nədir? Müalicəsi varmı? Qorxuludurmu? Yaranma səbəbi nədir? Bütün bu və digər suallara cavab tapmaq üçün suallarımı damar cərrahı Səid Əhmədova ünvanlayıb Varikozdan əziyyət çəkən oxucularımız üçün ətraflı cavab almağa çalışdım.

- Varikoz xəstəliyi nədir?   

- Varikoz xəstəliyi venaların genişlənməsi ilə müşahidə olunan patoloji bir prosesdir. Bildiyimiz kimi, venalar qanı bütün bədəndən ürəyə gətirən damarlara deyilir. Ürəkdən qanı bütün bədənə daşıyan damarlara isə arteriyalar deyilir. Varikoz xəstəliyinin yaranmasına ilkin olaraq səbəb irsiyyət götürülür. Yəni nəsildə, irsdə varsa, digər provakasyon səbəblər üzündən yaranma ehtimalı yüksəkdir. Provakasyon səbəb dedikdə, həyat tərzi nəzərdə tutulur. Əgər xəstə ağır çəkidədirsə, passiv həyat tərzi yaşayırsa (daim oturaq, daim ayaq üstü), qadınlarda hamiləlik, kişilərdə adətən qara ciyər serrozuna doğru gedən proseslərdə yaranır.

- Niyə bu xəstəlik əsasən xanımlarda daha çox rast gəlinir?
- Doğrudur, xanımlarda daha çox rast gəlinir bu xəstəliyə, amma kişilərdə də az rast gəlinmir. Qadınlarda ona görə çox rast gəlinir ki, qadınlarda hamiləliklə bağlı olan, yani xanım hamilədirsə, bu o deməkdir ki, çəkidə artım olur və bir neçə ay bu artıq çəkini özündə daşımalı olur. Və bununla əlaqəli xanımlarda artıq irsiyyətdə var idisə,  bu da bir provakasyon faktordur. Hamiləlikdə tək artıq çəki daşımaqla deyil, orda başqa mexanizm də var. Yəni döl böyüdükcə, qalçı venaları sıxılır, kompresiyası zamanı artıq ayaqlardan ürəyə qan dövranı tam pisləşir və bunun nəticəsində də ayaqda olan normal venalar genişlənməyə məruz qalır.
- Son vaxtlar xəstəliyin artmasına səbəb nədir?
 - Müasir həyat tərzimizi nəzərə alaraq varikoz xəstəliyinin rast gəlmə intensivliyi çoxalmışdır. Bu, o deməkdir ki, biz hərəkətliliyə artıq o qədər də önəm vermirik. Həyat tərzimizdə hərəkətsizlik daha çox vüsət almışdır. Baxın, bir misal deyim. Normal insan səhər durur, işə getmək üçün nəqliyyat vasitəsindən istifadə edir, yəni , faktiki olaraq gəzmir, işə çatır, demək olar ki, günün çox hissəsini işdə keçirir.  İşdən asılı olaraq kimi oturaq, kimi ayaq üstə olur və işin sonunda yenə nəqliyyat vasitəsindən istifadə edərək qayıdır evə. Və evə qayıtdıqdan sonra da artıq yorğunluğu nəzərə alaraq gəzmək və digər faydalı işlər keçir 2-ci, 3-cü plana, ona görə də hərəkətsizliyimiz daha da çoxalır. Bu səbəbdən də rast gəldiyimiz bu xəstəliyin intensivliyi daha çox artmağa başlamışdır.
- Əməliyyatsız müalicə mümkündürmü?
 - Xəstəliyin dərəcəsindən asılı olaraq ,müalicə taktikası seçilir, yəni 1-ci, 2-ci dərəcə olarsa, artıq konservativ müalicə ilə biz xəstəliyin qarşısını almış oluruq, əgər 3-cü, 4cü dərəcə olmuş olarsa, artıq bu müalicə növü əməliyyatla icra olunur. Əməliyyat bağlı və açıq üsulla keçirilə bilər. Bağlı üsulda lazerlə, açıq üsulda isə xırda kəsiklərlə həmin genişlənmiş damarlar xaric olunur. Zaman olaraq  əməliyyat müddəti hər ayaq üçün 45 dəqiqə, 1 saat çəkir, xəstə səhərisi gün evə buraxılır, və səhərisi gündən aktiv həyat tərzinə başlayır.
- Müalicə almış xəstələr nələrə əməl etməlidirlər? Varikoz geri qayıda bilərmi?
- Əməliyyatdan sonra xəstənin riayət edəcəkləri deyəndə həyat tərzində aktivliyə meyl etməli, gəzməyə meyl etməli, ağır çəki qaldırmamalı, çəkidə artmamalı, ayağa düşəcək hər hansı bir yükün qarşısını almaqdır. Yani həyat tərzi olaraq daimi ayaq üstə dayanmamaq, daimi oturmamaq, və yaxud da işi ilə əlaqəli alınmırsa, iş bunu tələb edirsə, yarım saatdan bir, ən geci saat yarımdan bir xəstənin durub gəzməyi tövsiyə olunur. Varikozlarda problemin təzədən əmələ gəlməsinə gəldikdə normalda 3-5 faiz hallarda digər damarlar genişlənə bilir, əgər əməliyyat təmiz icra olunarsa, həmin genişlənmiş damarlar götürülərsə və deyilənlərə əməl olunarsa, yenidən əmələgəlmə ehtimalı minimuma enir, əyər damar götürülübsə, problem deyil, amma dediyim kimi deyilən qaydalara riayət olunmazsa, digər damarların genişlənməsi və əməliyyata qədər olan vəziyyətə qədər gəlib çıxması mümkündü, bu, əslində təzədən əmələ gəlmək demək deyil, bu, yeni damarların genişlənməsi deməkdir.

 

Elnurə 

Sizin Reklam Yeriniz