news Image
2020.01.16
15:57
| A A A
Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır

Gündəlik qida rasionumuzda qızardılmış yeməklər üstünlük təşkil edir. Lakin həmin qidaların tərkibində yüksək kalori və çox miqdarda yağ olur. Bu, da II tip şəkərli diabet və piylənməyə, ürək-damar sisteminin patologiyasına şərait yaradır.

Mövqe.az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "Qızartma zamanı qidanın tərkibində olan vitamin və mikroelementlər parçalanır, nəticədə konserogenlər, sərbəst radikallar və transyağlar əmələ gəlir. Həmin maddələr isə orqanizm üçün çox ziyanlıdır və bir çox xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinə səbəb olur".

Onun verdiyi məlumata görə, qızartma zamanı az miqdarda kərə yağından istifadə etmək lazımdır. Bir dəfə yemək hazırlanmış yağda ikinci dəfə heç nə qızardılmamalıdır. Duru yağlara isə qızartmalarda deyil, salatların tərkibində yer vermək məsləhətdir.

Həkim-diyetoloqun fikrincə, qızardılmış yeməklər əvəzinə sobada pörtlədilmiş qidalardan istifadə etmək daha yaxşıdır, çünki həmin proses zamanı onun tərkibindəki elementlər parçalanmağa daha az məruz qalırlar: "Xolesterin onunla reaksiyaya girən maddələrdən asılı olaraq zərərli və faydalı ola bilər. Qızardılmış qidaları qəbul edərkən zərərli xolesterin artır. Ona görə də həmin qidalardan mümkün qədər uzaq olmaq məsləhətdir. Tərəvəzlər vitaminlərlə zəngin olduğu üçün onları tam qızartmaq deyil, qaynatmaq lazımdır".