news Image
2020.01.28
21:44
| A A A
Bipolyar affektiv pozuntunun yaranmasında irsi amilin böyük rolu var

Bipolyar affektiv pozuntu depressiya kimi affektiv pozuntulara aiddir. Affekt emosiya deməkdir. Bipolyar affektiv pozuntu maniakal və depressiv halların bir-birini əvəzləməsi ilə xarakterizə olunur. Xəstəliyin maniakal halı manyak olmaq demək deyil. Maniakal hal üç əsas əlamət ilə - yüksək əhval-ruhiyyə, yüksək aktivlik və təfəkkürün, başqa sözlə, nitqin sürətlənməsi ilə özünü büruzə verir. Bipolyar affektiv pozuntunun yaranma səbəbləri və mexanizmi hələ tam məlum deyil. Lakin xəstəliyin əmələ gəlməsində irsi amilin böyük rolu var.

Mövqe.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

Z.Əliyev bildirib ki, xəstəliyin hansı yaş aralıqlarında daha çox müşahidə olunduğunu demək çətindir. Çünki bu, müxtəlif amillərdən asılıdır. Elementar olaraq həmin pozuntunu vaxtında aşkar etmək də problemdir. Lakin bipolyar affektiv pozuntu uşaq yaşlarından da başlaya bilər. Müxtəlif mənbələrə görə, dünyada bipolyar affektiv pozuntunun yayılması tezliyi 0,5-7 faiz arasında dəyişir.

Xəstəliyin əsas müalicə prinsipi əhval ruhiyyəni stabilləşdirmək və həmin vəziyyətdə saxlamaqdır. Yəni, maniakal halda əhval-ruhiyyəni normaya endirmək, depressiv halda isə yüksəltməkdir.

Bipolyar affektiv pozuntu hazırda tam müalicə olunmayan xroniki bir xəstəlikdir. Bu xəstəliyi nəzarətdə saxlamağın yeganə yolu pasiyentin özünü yaxşı hiss etdiyi dövrlərdə də dərman qəbul etməsidir. Yalnız bu vəziyyətdə kəskinləşmə və pisləşmə ehtimalını azaltmaq mümkündür.