Əlaqə Arxiv
news Image
2020.02.18
09:28
| A A A
Koronavirus yeni dəhşətli epidemiyaya çevrilir
Adil Qeybulla: “Təhlükəli ştam Çin sərhədini aşaraq artıq digər ölkələrə də yayılmağa başlayıbsa, deməli, virus epidemiyaya meyllidir”

Çində yayılan koronavirusla bağlı gələn yeni-yeni xəbərlər ciddi narahatlıq doğurur. Artıq Çində bu virusa 70 minə yaxın insan tutulub. Xəstəliyə tutulan 1700-dən çox insan isə həyatını itirib.

Virus artıq Çin sərhədindən kənara da çıxıb. Belə ki, Yaponiyada, Tailandda, Filippində də virusdan ölənlər var. Hazırda koronavirusa qarşı vaksinin hazırlanması üzərində iş gedildiyi də bildirilir. Ancaq  onun hazırlanlb, işə salınmasına qədər koronavirus canlar almaqda davam edir. Tarixdə bir sıra xəstəliklər olub ki, onun yayılması nəticəsində qısa zaman kəsiyində yüz minlərlə insan ölüb. Məsələn, orta əsrlərdən taun xəstəliyi Avropada xeyli sayda insanın ölümünə bais olub. Bu mənada koronavirusun da epidemiya halını alacağı barədə də müxtəlif ehtimallar səslənir. Görəsən, koronavirus ətrafında yaranan vəziyyət dünya miqyasında epidemiya halını ala bilərmi? Bu təhdidin qarşısnı almaq ehtimalı nə dərəcədədir?

Tibb elmləri doktoru Adil Qeybulla hələ də yayılmaqda davam edən koronavirusun epidemik xarakter alması ehtimalını istisna etmədi: “Ümumiyyətlə, koronavirus epidemiyaya və pandemiyaya meylli ştamdır. Ona görə də həmin proseslə Ümumdünya Səhiyyə Təşkilatı məşğuldur. Bütün yayılma təhlükəsi olan  infeksiyalar məhz Ümumdünya Səhiyyə Təşkilatının predmetinə aiddir. Bu mənada koronavirus da əlbəttə ki, epidemiyaya meylli bir virusdur.

Artıq Çindən kənarda belə xəstəliyə epizodik də olsa rast gəlinir. Yaponiya, Tailand və bir neçə digər ölkədə də həmin virusdan ölənlər var. Əslində, koronavirus özünü demək olar ki, hər il göstərir. Onu adi ştamları hər il özünü göstərir. İndilikdə isə təhlükəli ştam artıq Çin sərhədini aşaraq, digər ölkələrə də yayılmağa başlayıb. Bu hal baş veribsə, deməli, virus epidemiyaya meyllidir. Bu da onu göstərir ki, epidemiya təhlükəsi mövcuddur. Onun baş verməməsi üçün isə lazımi tədbirlər görülməlidir. Bir çox əsas ölkələr bu tədbirləri görür. Həmin səbəbdən görünür, infeksiyanın yayılmasının qarşısı alınır.

 

Sözsüz ki proses başlı-başına buraxılsa, müəyyən önləyici tədbirlər görülməsə, virus ciddi şəkildə epidemiya xarakteri ala, daha dramatik vəziyyətin yaranmasına səbəb ola bilər”.

Həkim viruslarla bağlı vaksinasiya sistemini də uğurlu sistem hesab etmir: “İstənilən infeksiya təxminən 3 ay müddətində özünü göstərir. Ona görə də artıq müəyyən xəstələnən insanların bədənində əmələ gələn antitellər hesabına müalicə aparıla bilər. Yəni vaksinləri heyvanlara vurub, yoxlamaq olar. Əslində, vaksinlər, anataksinlər də məhz bu şəkildə hazırlanır.  Amma məsələ ondadır ki, vaksin hazırlanana qədər koronavirusla bağlı ştam artıq yoxa çıxacaq və vaksinin bir effekti olmayacaq. Virusların yayılması və yoxa çıxması müddətində adətən vaksinləri hazırlamaq mümkün olmur. Məsələn, qrip əleyhinə vaksinlər var, amma qrip hər il demək olar ki, bir ştamla peyda olur. Ona görə də viruslarla bağlı vaksinasiya sistemi hələlik uğurlu sistem sayıla bilməz”.

A. Qeybulla Azərbaycanda karantin elan edilsə də, koronavirusla mübarizədə maarifləndirmə işlərinin zəif olduğunu dedi: “Azərbaycanda da koronavirusa qarşı mübarizə fonunda müəyyən tədbirlər görülür. Artıq prosesə dövlət müdaxiləsi də var. Sərhəd zonalarında nəzarət gücləndirilib. Ağ Ciyər Xəstəlikləri İnstitutunda xəstələrin ora yönəldilməsi istiqamətində işlər görülür. Ancaq  ölkəmizdə bu istiqamətdə təbliğatı işlərin effektivliyini görmürəm. Televiziya kanallarında maarifləndirmə istiqamətində heç bir süjetə rast gəlməmişəm. Bu baxımdan da ölkəmizdə koronavirusa qarşı mübarizənin nə dərəcədə effekt verəcəyi barədə birmənalı qiymət vermək çətindir. Hazırda karantin tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarı ilə bəzi tibbi ləvazimatların ölkədən kənara çıxarılmasına müəyyən qadağalar qoyulub. Amma bütövlükdə karantin tədbirləri tam effektiv hesab edilə bilməz”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz