Əlaqə Arxiv
news Image
2020.04.08
09:30
| A A A
Xüsusi rejimli karantin virus qarşısında güclü sipər yaradıb
Dövlətin məqsədi əhalinin sağlamlığının təmin edilməsidir

"Covid-19" virusunun insanlara qəfil hücumu ilk baxışda fəlakətlər vəd etsə də, görülən tədbirlər itkilərin daha geniş arealda olmasının qarşısını almağa kömək edir. Düzdür, virus dünya üzrə xeyli sayda insanın həyatına son qoyub. Bu ölümlərin əksəriyyəti problemə saymazyana yanaşan cəmiyyətlərdə baş verib. Statistikadan məlumdur ki, inkişaf etmiş, maliyyə imkanları geniş olan  dövlətlərdə vəziyyət daha böhranlıdır. Bu da onu sübut edir ki, belə fəlakətlərin qarşısını tək maliyyə ilə almaq mümkün deyil. Əsas ağırlıq idarəetmə siyasətinin çevikliyinin, operativliyinin və maarifləndirmə işinin təşkilinin üzərinə düşür. Bu mənada Azərbaycanda koronavirus pandemiyasının ölüm siyahısında azərbaycanlıların adının cüzi olması təsadüfi sayıla bilməz.

Məhz, dövlətimizin və onun başçısının xalqımızın sağlamlığı keşiyində sərvaxt dayanması, pamdemiya və epidemiyadan xeyli əvvəl ilk virus xəbərləri yayılandan müvafiq tədbirlərin görülməsi sayəsində Azərbaycan virusun cəngindən qurtulmağı bacarıb. Təbii ki, təhlükə sovuşmayıb, əksinə daha da güclənib, çünki yoluxmanın qarşısını yüz faiz almaq heç cür mümkün olan iş deyil. Buna görə də tədbirlər davam etdirilir. Pandemiyanı önləmək üçün yaradılmış Qərargah vəziyyəti hər an nəzarətdə saxlayır, təhlillər aparır və bu istiqamətdə işləri davam etdirir. Bu ay ölkəmizdə virusa qarşı mübarizəyə qoşulmuş xalqın ən çox tələbat duyduğu vasitələr qoruyucu maskalar və dezinfeksiya məhsullarıdır. Hazırda bütün dünyada qıtlığı duyulan bu məhsulların ölkəmizdə təcili istehsalının təşkili zərurəti yaranmışdı. Bununla əlaqədar Prezident İlham Əliyevin göstərişi ilə qısa müddətdə qardaş Türkiyədən müvafiq müəssisənin avadanlığı alınıb gətirilərək Sumqayıt Texnologiya Parkında quraşdırılıb.

Müəssisənin açılışında çıxış edən dövlətimizin başçısı deyib: "Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik.

Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək".

İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək yeni müəssisədə yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Bu, respublika əhalisinin bu məhsula olan tələbatını tam ödəməyə imkan verəcək. Bununla da hesab etmək olar ki, koronavirusdan qorunmaq üşün əhalinin imkanları daha da genişlənəcək.

Prezident İlham Əliyevin xalqa müraciətində vətəndaşları narahat edən bir sıra məsələləri də gündəmə gətirib: "İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək".

Bəli, dövlət lazım olan hər bir tədbiri qısa müddətdə qətiyyətlə yerinə yetirir. Lakin mübarizə yolunda bu kifayət etmir. Vətəndaşların fəallığı daha vacibdir. Bu fonda həm də ictimai nəzarətin mühümlüyü üzə çıxır. Necə ki, dövlət başçısı bu məsələni daim gündəmdə saxlayır və ictimai nəzarəti idarəetmənin vacib istiqamətlərindən biri kimi ehtiva edir. "Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik" deyə, Prezident İlham Əliyev vətəndaş məsuliyyətinin əhəmiyyətini qeyd edib.

Bütün bunlar dövlət başçısının əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasının göstəricisidir. Azərbaycan dövlətinin sosial mahiyyəti bu kimi tədbirlərlə daha aydın görünür və əsil xalq dövləti olduğunu sübut edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz