Əlaqə Arxiv
news Image
2020.04.22
15:58
| A A A
Azərbaycanda koronavirus bəlasının sonu çatır

Adil Qeybulla: “Apreldən sonra koronavirusa yoluxma halları daha sürətlə azalmaq xətti üzrə gedəcək” Musa Quliyev: “Maydan başlayaraq qismən normal həyat rejiminə qayıda bilərik” Son günlərin tendensiyası göstərir ki, Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı azalmaqla yanaşı, ona yoluxanlarla müqayisədə sağalanların say daha çoxdur. Bu fonda Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasına görə qurum bu həftədən başlayaraq uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlayacaq. Bu barədə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, hazırda bununla bağlı iki əsas prinsip məlumdur: "Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub”. İ.Məmmədov qeyd edib ki, bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu barədə qarşıdan gələn günlərdə ictimaiyyət məlumatlandırılacaq: "Son rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”. Xatırladaq ki, ölkəmizdə pandemiyaya ilk yoluxma faktı fevralın 28-də qeydə alınmışdı. Həmin gündən aprelin 11-dək yoluxanların sayı sağalanlarla müqayisədə daha çox olurdu. Aprelin 19-dan başlayaraq isə sağalanlar yoluxanlarla müqayisədə daha çoxdur. Məsələn, aprelin 19-da 25 yoluxma, 122 sağalma, aprelin 20-də isə 38 yoluxma və 79 sağalma faktı qeydə alınıb. Bu da artıq ölkəmizdə virusla mübarizədə pozitiv tendensiyanın getdiyini deməyə əsas verir. Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, gedişaat onu deməyə əsas verir ki, ölkəmizdə koronavirus pandemiyası sona çatmağa doğru gedir: “Azərbaycanda koronavirusa yoluxanlarla müqayisədə son günlər sağalanların sayının çox olması fonunda bu gedişlə ölkəmizdə pandemiyanın sonunun çatmaq üzrə olduğunu düşünmək olar. Bu proses əslində sona çatmağa doğru gedir. Hər halda bütün dünyada xəstəliyin enməsi tendensiyası müşahidə edilir. O cümlədən, Azərbaycanda da anoloji vəziyyətdir. Məqsəd o idi ki, bu çətinlikdən az itki ilə çıxa bilək. Buna da nail olmuşuq. Proqnozlaşdırırdıq ki, aprel ayı bitdikdən sonra koronavirusa yoluxma halları daha da azalmaq xətti üzrə gedəcək. Proses bu gedişlə may ayında artıq epizodik xarakter alacaq. Hələlik mövcud dinamika bunu göstərir. Belə olduqda karantin rejimini də yüngülləşdirmək olar. Verilən açıqlamalardan görünür ki, mayın 4-dən sonra karantin rejimində müəyyən yüngülləşmələr olacaq. Yəqin ki, gələn aydan başlayaraq iaşə və təhsil müəssisələrində yenidən canlanma başlayacaq”. Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, ölkəmizdə pandemiya artıq nəzarət altına alınıb: “Koronavirus dünya üçün yeni bir virus epidemiyasıdır. Onun sonunun nə vaxt çatacağı, sonrakı davranışlarının necə olacağı hələlik məlum deyil. Bu virus da artıq digər viruslar ailəsinə daxil olub və nə qədər insan bəşəriyyəti var, o da yaşayacaq. Ancaq bundan sonra zaman-zaman özünü daha yüngül formalarda, qrip və digər kəskin respirator xəstəliklər şəklində göstərəcək. Azərbaycanda isə Prezidentin rəhbərliyi altında aparılan ardıcıl, məqsədli və kompleks tədbirlər artıq öz finiş nöqtəsinə çatmaq üzrədir. Artıq ölkəmizdə pandemiya nəzarət altına alınıb. Ölənlərin sayı əhalinin sayı ilə nisbətdə digər ölkələrlə müqayisədə minimumdur. Eyni zamanda, hər bir milyon insana düşən testlərin sayı da ölkəmizdə maksimum həddədir. Son dövrlər isə sağalanların say dinamikası artır, yeni yoluxanların sayı isə aşağıya doğru gedir. Bu da əsas verir ki, yaxın vaxtlarda, mayın 5-dən sonra karantin rejimdən mərhələli şəkildə çıxmaq dövrünə keçəcəyik. Bunlar söyləməyə əsas verir ki, maydan başlayaraq qismən normal həyat rejiminə qayıda bilərik. Yay aylarında isə epidemiya təhlükəsi artıq sovuşar”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz