Əlaqə Arxiv
news Image
2020.04.24
18:18
| A A A
Pandemiya dünyanı yeni dilemmaya sürükləyir
Adil Qeybulla: "ÜST-in tövsiyələrini qulaqardına vurmaq olmaz" Musa Quliyev: "Bu məsələdə fərdi qaydada hər bir dövlətin öz qərarı olmalı və bu qərar da əsas götürülməlidir" Koronavirus pandemiyası hələ də dünyanı lərzəyə salmaqda davam edir. Əksər ölkələr nə qədər çalışsalar da, hələlik virusun öhdəsindən gələ bilmir. Buna baxmayaraq, bir sıra dövlətlər maydan başlayaraq karantin rejimini yumşaltmaqda qərarlı görünürlər. Ancaq bu fonda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) karantin tədbirlərini yumşaltmaq istəyən bəzi ölkələrə xəbərdarlıq edib ki, belə tələsik addımlar pandemiyanın daha da genişlənməsinə səbəb ola bilər. Lakin görünən odur ki, bir sıra dövlətlər əks mövqedədir. Hazırda pandemiya özünü xüsusən də, ABŞ, İtaliya, Fransa, İspaniya kimi ölkələrdə göstərir. Düzdür, bu ölkələrin bəzilərində son dövrlər ölüm hallarında azalmalar var. Amma hələ də həmin ölkələrdə virusun təsirləri güclü olaraq qalır. Bununla belə İtaliya, İspaniya və bir sıra digər ölkə rəsmiləri son açıqlamalarında karantin rejiminin müəyyən dərəcədə yumlaşdılacağından danışmağa başlayıblar. Onların fikrincə, bir sıra xidmət yerləri, bəzi müəssisələri artıü açmaq olar. Hətta orta məktəb və bağçaların fəaliyyətə başlayacağı da vurğulanır. Belə bir vəziyyətdə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, karantin rejiminin yumşaldılması pandemiyanın yenidən şiddətlənməsinə, daha çox can almasına gətirib çıxara bilər. Nəticədə dünya dilemma qarşısında qalıb. Yaxın dövrlərdə karantin rejimi yumşaldılsın, ya yox? Burada kim haqlıdır? Məsələ necə çözümünü tapmalıdır? Tibb elmləri doktoru Adil Qeybulla yaranmış vəziyyətdə əsasən ÜST-in tövsiyələrinə əməl etməyi məsləhət gördü: "Hər halda bu gün pandemiyaya qarşı mübarizə dəyərləndirilərkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülməlidir. Pandemiyanın ilk dövrlərində demək olar ki, bütün ölkələr ÜST-ni vaxtında tədbirlər görməməkdə ittiham edirdi. İndi isə ÜST karantin yumşalmasına getməyin yenidən virusun güclənməsinə gətirə biləcəyi xəbərdarlığını edib. Belə vəziyyətdə hər bir dövlət virusa qarşı mübarizədə öz ağlına gələn formada hərəkət etsə, bu təbii ki, xaosa gətirib çıxara bilər. Görürük ki, isti ölkələrdə belə virus özünü göstərir. Virusu yağış suyunun aparacağı barədə deyilənlərin də boş sözlər olduğu ortaya çıxdı. Nə qədər ki, kollektiv immunitet yaranmayıb, virus yoluxma nəticəsində mutasiyaya uğramayıb, təhlükə aradan qalxmayacaq. Ona görə də ehtiyatlı olmaq lazımdır. ÜST gördüyü tədbirlərin bir önəmi ondan ibarətdir ki, yoluxma imkanları aşağı düşsün. Əvvəlki virus xəstəliklərində çoxlu insan yoluxurdu, bütün kollektivdə immunitet yaranırdı, onunla da virus yoxa çıxırdı. İndiki halda isə sosial izolyasiya tədbirlərindən söhbət gedirsə, bu, hələ bir müddət də davam etməlidir. Ona görə də ÜST-in tövsiyələrini qulaq ardına vurmaq olmaz". Milli Məclisin deputatı Musa Quliyev isə hesab edir ki, bu məsələdə fərdi qaydada hər bir dövlətin öz qərarı olmalı və bu qərar da əsas götürülməlidir: "Yəqin ki, elə də olacaq. Çünki hər bir dövlət öz ölkəsində aparılan işin nəticələrini düzgün qiymətləndirə bilir. ÜST ancaq tövsiyə verə bilər. Onun aldığı məlumatlar da dövlətlərin təqdim etdiyi statistikaya əsaslanır. ÜST hər bir dövlətə öz nümayəndələrini göndərərək özü statistik tədqiqat aparmır və ölkələrdəki mövcud şəraitə də nəzarət etmir. Düşünürəm ki, Azərbaycan üçün mayın 4-dən sonra karantin rejimini yumşaltmaq üçün kifayət qədər münbit şərait yaranıb. Yəqin ki, pandemiya artan və ya azalan xətlə ilin sonuna qədər davam edəcək. Təbii ki, yumşalmalar da ona uyğun olacaq. Operativ Qərargah ilk olaraq hansı sahələrdə yumşalmaların olması, hansı bölgələrdə nə kimi tədbirlərin keçirilməsi barədə qərar verəcəksə, işimizi də ona uyğun görəcəyik. ÜST-in tövsiyə və qərarlarına hər zaman hörmətlə yanaşırıq və buna ciddi əməl edən ölkələrdən biriyik. Amma öz situasiyamızı özümüz daha düzgün qiymətləndirəcəyik. Ümid edirəm ki, mayın 5-dən sonra Azərbaycanda yumşaldılma istiqamətində addımlar atılacaq. Hansı addımları və nə vaxt atılacağını isə Operativ Qəragah müəyyənləşdirəcək". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz