Əlaqə Arxiv
news Image
2020.05.06
13:41
| A A A
Karantin rejimi yenidən sərtləşdirilə bilər
Cəlal İsayev: “Yoluxanların sayı sağalanlarla müqayisədə artmaqda davam edərsə, karantin tədbirləri sərtləşdirilə bilər” Adil Qeybulla: “Nəticə çıxarmasalar, yəqin ki, karantin rejiminin sərtləşdirilməsi yenidən gündəmə gələ bilər”

Məlum olduğu kimi, mayın 4-dən başlayaraq Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi mayın 31-dək uzadılsa da, müəyyən qədər yumşaldılıb. Əslində, məhdudiyyətlər qismən də olsa aprelin 27-dən başlayaraq aradan qaldırılıb.  Yumşaldılma addımına qədər ölkədə virusa  gündəlik yoluxanlara nisbətən sağalanların  sayı daha çox idi. Ancaq karantin rejiminin yumşaldılması fonunda təəssüf ki, bunun əksi müşahidə edilir.  Məsələn,  27 apreldə  33 yoluxma, 23 sağalma, 29 aprel 49 yoluxma, 46 sağalma olub. May ayının 4-də ölkədə 52 nəfər koronavirus infeksiyasına yoluxsa da, sağalanların sayı daha da azalıb, cəmi 39 nədər. Özü də həmin gün yoluxanların mütləq əksəriyyəti Gəncə şəhərinin payına düşür - 32 nəfər. Bu da o deməkdir ki, insanlar arasında arxayınlaşma yaranıb. Həmin arxayınlığın nəticəsidir ki, insanlar arasında qoruyucu maska və əlcək taxanların sayı da azalıb. Əvəzində ehtiyac oldu-olmadı, küçəyə çıxanların sayı xeyli artıb. 

Baş infeksionist Cəlal İsayev mövzu ilə bağlı qəzetimizə bildirdi ki, virusla bağlı  proses mənfiyə foğru getməkdə davam edirsə, karantin tədbirləri sərtləşdiriləcək: “Ölkədə vəziyyət epidemiya ilə bağlı müəyyən qədər stabildir. Bu fonda virusa yoluxanlarla sağalanlar arasında nisbətdə fərqlər özünü göstərə bilər. Amma hər halda karantin rejiminə ciddi əməl etməkdə davam etməliyik.

Arxayınlaşmaq olmaz. Operativ Qərargah tərəfindən verilən tövsiyələrin hamısına əməl etmək lazımdır. İnsanların çox toplaşdığı yerlərə getməyin, 10 nəfərdən artıq insanın olduğu yerə getməmək daha yaxşıdır. Getmək məcburiyyətində olduqda isə mütləq maskadan istifadə edin.  Bunu etmək və şəxsi gigiyena qaydalarına əməl etmək indiki dövrdə daha vacibdir. Yəni sosial təcrid xəstəliyin yayılmasının qarşısını alan başlıca vasitədir. Bu tövsiyyələrə əməl edilərsə, karantin tədbirlərinin sərtləşdirilməsinə gedilməyəcək.  Bunun əksi baş verərsə, nəticədə yoluxanların sayı sağalanlarla müqayisədə artmaqda davam edirsə, karantin tödbirləri sərtləşdirilə bilər. Belədə, çəkdiyimiz zəhmət və əziyyət heçə gedəcək. Bunu insanlar nəzərə almalıdır”. 

Tibb elmləri doktoru Adil Qeybulla da qeyd etdi ki, insanlar nəticə çıxarmasa, karantin rejiminin yenidən sərtləşdirilməsi vacib olacaq: “Əslində, insanların sosial baxımdan aktiv olması vacibdir. İnsanlar uzun müddət evdə otura bilməz.  Amma bütün hallarda karantin şərtlərinə əməl etmək daha vacibdir.

Nə qədər ki virus yoxa çıxmayıb, sosial təmasları məhdudlaşdırmalıyıq.  Sanitar-gigiyenik şərtlərə əməl etməli, maskalardan, dezinfeksiya edici vasitələrdən istifadə etməliyik. Ancaq təəssüf ki, ölkəmizdə insanların çoxu bu qaydalara əməl etmir. Belə vəziyyət son günlər daha da artıb. Görünən odur ki, insanlar məsələyə qeyri-ciddi yanaşır.  Bütün bunlar da təbii ki, yenidən mənfi formada özünü göstərir.  Bu da virusun ikinci dalğasının əmələ gəlməsinə gətirib çıxara bilər. Ona görə də insanlar yaranmış vəziyyətdən nəticə çıxarmalıdır.  Nəticə çıxarmasalar, yəqin ki, karantin rejiminin sərtləşdirilməsi yenidən gündəmə gələ bilər”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz