Əlaqə Arxiv
news Image
2020.06.01
11:36
| A A A
Koronavirusla bağlı nəzarət yenidən sərtləşdiriləcək?!
Cəlal İsayev: “İnfeksiyaya yoluxma hallarının artmasına səbəb olan başlıca amil insanların əksəriyyətinin verilən tövsiyələrə əməl etməməsidir”

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da artıq karantin tədbirləri yumşaldılır.   Amma son dövrlər ölkəmizdə koronavirusa yoluxanların sayı artır.   Onu da qeyd edək ki, yumşalma tədbirlərinə rəğmən qoruyucu vasitələrdən istifadə edilməsi məcburidir, xüsusən də insanların çox olduğu məkanlarda, nəqliyyat vasitələri və qapalı məkanlarda.  Lakin görünən mənzərə onu göstərir ki, insanların mütləq əksəriyyəri tibb maska taxmaq tövsiyəsinə  başdansovdu yanaşır.  Bir sözlə, ölkədə karantin tədbirləri yumşaldılsa da, koronavirusa yoluxanların sayında artımlar müşahidə edilir. Buna səbəb nədir və proses indiki şəkildə davam edərsə, nəticə necə olacaq? Hansı tədbirlər görülməlidir?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin fikrincə, infeksiyaya yoluxma hallarının artmasına səbəb olan başlıca amil insanların əksəriyyətinin verilən tövsiyələrə əməl etməməsidir: “Həqiqətən də karantin tədbirlərinin  yumşlması fonunda onu da görürük ki, virusa yoluxma halları artır. Amma bununla bərabər  sağalanların sayı da artır. Yəni yoluxanlarla sağalanların nisbətinə nəzər salanda, sağalma nisbəti təxminən 65 faizə yaxındır.  Yoluxan insanların əksəriyyəti də yüngül formada xəstələnib. Yalnız 50 nəfərdə ağırdır, 15 nəfər  süni nəfəs aparatındadır.  Bu təhlillər əsas verir ki, karantin rejiminin yumşaldılmasına gedilsin.  Bu fonda xəstəliyin artmasının əsas səbəbi  ölkə daxilində yoluxmanın olmasıdır.  İnsanların çoxu tövsiyə olunan qoruyucu qaydalara demək olar ki, əməl etmir.  Ona görə də maskalardan istifadə etməyənlərə qarşı inzibati və ya cərimə cəzalarının tətbiq edilməsi kimi daha sərt tədbirlərə əl atılıb.  Bu tədbirlərə əməl edilməsi fonunda karantin rejiminin yumşaldılması elə də təhlükəli deyil. 

Maska  taxılması prosesinə nəzarət olunarsa və insanlar 2 metrlik məsafəni gözləyərsə, lüzumsuz yerlərdə olmazlarsa, karantin tədbirlərinin yumşaldılması infeksiyanın yayılmasına  elə də təsir göstərməyəcək.  Hətta karantin tədbirləri yumşaldılmasa,  buna baxmayaraq,  verilən tövsiyələrə əməl edilməsə, yenə də yoluxanların sayı artacaq”.

Həmsöhbətimiz bildirdi ki, insanların bir hissəsi koronavirusla bağlı məsələdə yanlışlığa yuvarlanıb: “Yəni burada əsas məsələ insanların tövsiyələrə əməl etməsidir.  Təəssüf  ki, bir qisim insanlar  bu tədbirlərə əməl etmir.  Bəzi insanlar  səhv olaraq  koronavirusun ümumiyyətlə, olmadığını düşünür.  Bu insanların məlumatsızlığından, kənardan deyilən hər hansı bir sözə inanmağından irəli gəlir.  Koronavirus bütün dünyada yayılır. Yoluxanların sayı dünya üzrə 6 milyondan çoxdur.  İnsanların bir hissəsi isə xəstəliyin olmadığı qənaətindədir.  Maska taxılması mütləqdir, belədə xəstəliyin başqasına yoluxmasının qarşısını ala bilərik.  Maska və iki metrlik məsafəni gözləmək vacib elementdir.  Metroya daxil olanda maska taxan insanlar vaqonlara minəndən sonra bir çox hallarda təəssüf ki, onu çıxarır.  Avtobusdan istifadə edənlərin də çoxu maska taxmır.  Belə hadisələrə son verilsə, yoluxma hallarının sayı da azalar.  Tövsiyələrə, gigiyenik qaydalara əməl edilmədiyi təqdirdə, karantin tədbirlərinin sərtləşdirilməsinin də heç bir əhəmiyyəti olmayacaq”.

C. İsayev qeyd etdi ki, vəziyyət belə davam edərsə, nəzarət sərtləşdiriləcək: “Hər yerdə nəzarət gücləndiriləcək. Maska taxmayanlar və ya yersiz yerə çıxaranlar külli miqdarda cərimələnəcək.  Tövsiyələrə əməl edilmədiyi müşahidə edilərsə, əminliklə deyirəm ki, indən belə nəzarət sərtləşdiriləcək”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz