Əlaqə Arxiv
news Image
2020.06.05
08:16
| A A A
Karantin qaydaları yenidən sərtləşir, amma...
Adil Qeybulla: “İnsanların virusla mübarizə dövründə davranış qaydalarına nəzarəti gücləndirmək lazımdır ” Məhərrəm Zülfüqarlı: “İnsanları təhlükənin ciddiliyinə inandırmaq mümkün olarsa, istirahət günləri küçəyə çıxma qadağasının tətbiqinin effekti olacaq”

Azərbaycanda koronavirusa yoluxma və ölənlərin sayında baş verən artımlar müvafiq qurumları bu barədə daha sərt addımlar atmağa vadar edib. Belə ki, cümə günü axşamdan başlayaraq şənbə və bazar günləri insanların küçəyə çıxmasına qadağa qoyulmasına başlanır Bu qadağa Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonuna aiddir.

Eyni zamanda, həmin adları çəkilən ərazilərdə dövlət müəssisələri cümə günü saat 14:00-a kimi fəaliyyət göstərəcək. Bununla bağlı artıq yerli icr hakimiyyəti və bir sıra dövlət orqanları əməkdaşlarına məlumat verilib. İstirahət günü qadağası fonunda yalnız bəzi həyati vacib sahələr öz fəaliyyətlərini davam etdirəcək. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu xüsusda deyib: “Bura qəza xidməti sahələri, təcili tibbi yardım xidməti və stansionar tibbi xidmət göstərən tibb müəssilələrimizin işi daxildir. Elə istehsalat sahələri vardır ki, oranın fasiləsiz işləməsi zəruridir”.

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, şənbə və bazar günləri küçəyə çıxmaq qadağasının tətbiqilə virusun yayılmasının qarşısını ciddi şəkildə almaq mümkün olmayacaq. Həkim düşünür ki, bunun üçün əsas addınm olaraq insanların virusla mübarizə dövründə davranış qaydalarına nəzarəti gücləndirmək lazımdır: “Əslində karantin tədbirlərini sərtləşdirməyə lüzum görmürəm. Əksinə,  birinci növbədə insanların karantin dövrü davranışlarına nəzarəti gücləndirmək lazımdır. Faəliyyətə icazə verilən yerlərdə insanların davranış qaydaları əsas olmalıdır.

Ticarət obyektinin qarşısına birdən-birə çoxsaylı insan toplaşır. Bu fonda ticarət obyektləri, digər bu tip müəssisələrin qarşısında  dezinfeksiyaedici məhlullar olmalıdır ki, insanlar ora daxil olanda və çıxanda əlini dezinfeksiya etsin. Hər satış və ticarət obyektində konkret o sahəyə uyğun olan işçi olmalıdır.  Başqa bir tərəfdən, sosial məsafə gözlənulməli, insanlar tibbi maskalardan istifadə etməlidirlər.

Belədə düşünürəm ki, indiki halda ən vacib məsələ istirahət günü küçəyə çıxmağa qadağa qoymaq əvəzinə, karantin davranışlarına nəzarəti daha da gücləndirməkdən ibarətdir.  Nəqliyyat vasitələrində də mütləq dezinfeksiya edici məhlul olmalıdır. Bütün bunları təmin etmədən həftəsonu üçün qoyulan qadağalar heç bir nəticə verən deyil.  İnsanlar yenə də həyətə düşərək bir yerə toplaşacaq, hansısa bir məkanda müxtəlif oyunlar oynayacaq, çay içəcəklər.  Çünki bu dəqiqə vətəndaş məsuliyyəti əsas məqamdır. Təəssüf ki, insanlarımızın əksəriyəti bunu dərk etmir və ya dərk etmək istəmir. Ona görə də indilikdə əsas məsələ davranış qaydalarına nəzarəti gücləndirməkdən ibarətdir”.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd etdi ki, insanları təhlükənin ciddiliyinə inandırmaq mümkün olarsa, istirahət günləri küçəyə çıxma qadağasının tətbiqinin effekti olacaq. Əks halda isə, bu addım həmsöhbətimizə görə, nəticə verməyəcək: “Bu dəqiqə maska taxaraq küçədəyəm. Amma gördüyüm mənzərə acınacaqlıdır, əksər insanlar cərimələrin tətbiqinə rəğmən, yenə də maska taxmadan hərəkət edir. Buna görə, kiminsə cərimə olunduğunun da şahidi olmuram. Bu tendensiya davam edəcəyi təqdirdə şənbə və bazar günləri küçəyə çıxmağın qadağan edilməsi ciddi bir nəticə verəcəyini gözləmirəm. 

Əsas məsələ insanları virusun təhlükəli olduğuna inandırmaq lazımdır. Bunun üçün də maarifləndirmə işləri gücləndirilməlidir.  Davranış qaydalarına riayət edilməsinə ciddi nəzarət həyata keçirilməlidir.  Ona görə də nə qədər ki, insanları davranış qaydalarına əməl etməyə inandıra bilməyiblər, istirahət günləri küçəyə çıxma qadağasının tətbiqinin də elə bir təsiri olmayacaq.  Daha təsirli təbliğat aparılmalıdır. Hiss etdiyim odur ki, insanlar istirahət günü qadağasına da başdansovdu yanaşacaqlar. Bir neçə gündür ki, maska taxmayanlara münasibətdə cərimələrin tətbiqi qanuna işləyir. Ancaq buna baxmayaraq, küçədə olan insanların çoxunun maska taxmadığını görürəm, cərimə edənlər də yoxdur”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz