Əlaqə Arxiv
news Image
2020.06.18
08:14
| A A A
Rayonlarda istirahət istəyi koronavirus təhdidini artırır
Mahmud Hacıyev: “İnzibati cəzalar cinayət məsuliyyəti yaradan cəzalarla əvəzlənməlidir”Şəmsəddin Əliyev: “Karantin qaydalarına riayət etməyənlərə münasibətdə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”

Həftə sonu sərt karantin rejimlərinin tətbiqinə baxmayaraq, cümə günündən başlayaraq əhalinin rayonlara kütləvi axını qeydə alınır.  Belə ki, keçən həftə sonları baş verən hadisə göstərdi ki, Bakıda yaşayan bir sıra insanlar şənbə və bazar günləri “çölə çıxma” qadağasının mövcud olması fonunda, ən geci bir gün öncədən istirahət adı ilə  rayonlara üz tutur. Bu isə heç də xoşagələn hal deyil və belə vəziyyət koronavirusun mövcud olmadığı və yaxud az olduğu başqa bölgələrə də sürətlə yayılması təhlükəsini yaradır.  Bunun nəticəsidir ki, artıq baş verən bu halın koronavirusun yayılmasına səbəb olması barədə həyəcan təbili çalınır.  Yaranmış bu vəziyyət problemin həllini tələb edir. Məsələ necə həllini tapmalıdır?

Sabiq polis polkovniki Mahmud Hacıyevin fikrincə, sərt karantin dövründə insanların rayonlara axışmasının qarşısını almaq üçün bu qaydaları pozanlara münasibətdə tətbiq edilən inzibati cəzalar, cinayət məsuliyyəti yaradan cəzalarla əvəz edilməlidir: “Rəsmi qurumlar tərəfindən koronavirusla mübarizə fonunda hansı addımların atılması vacibdirsə, həmin addımlar da atılır. Bu müstəvidə Nazirlər Kabineti müvafiq qərarlar verir, polis də öz işini görür. 

Kütləvi İnformasiya Vasitələri də bütün günü pandemiya təhlükəsilə bağlı həyəcan təbili çalır. Amma görürük ki, bütün bunlara baxmayaraq, bir sıra insanlar həftə sonu üçün qoyulan sərt karantin rejimindən qaçmaq üçün bir gün əvvəldən rayonlara üz tuturlar. Onların bu hərəkəti indiki halda qanuna müvafiq olaraq inzibati xəta kimi dəyərləndirilir. Ancaq göründüyü kimi, tətbiq edilən inzibati xəta insanların məsuliyyətli davranmalarına  gətirib çıxarmır. Yəni görülən bu işlər insanların məsuliyyətli olması üçün  təəssüf ki, yerətli olmur. İnsanlar dərhal rayonlara qaçır. İnzibati xətaya görə tədbir görülür, cərimələr tətbiq olunur.  Ancaq yenə də insanlar əməl etmir. 

Bu səbəbdən indi belə fikirlər səslənir ki, karantin qaydalarını pozanlara cinayət tərkibli əməl kimi cinayət işi tətbiq edilsin. Ona görə də Nazirlər Kabinetində fikirlər səslənir ki, həmin hərəkət cinayət tərkibli  əməl kimi qeyd edilsin. Bunun baş verib verməyəcəyi əhalinin sonrakı davranışlarından asılı olacaq.  Yəni hər şey insanların özündən asılıdır”.

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev isə düşünür ki, əhalinin karantin qaydalarına tam ənməl etmələri üçün maarifləndirmə işinin miqyası daha da genişləndirilməlidir: “Digər tərəfdən, həkim məsləhətlərinə daha çox önəm verilməlidir. Çünki məhz həkimlər pandemiya ilə bağlı vətəndaşlarımızı daha dərindən inandıra bilərlər. İnsanlar anlamalıdır ki, pandemiyadan yalnız və yalnız sanitar-gigiyenik qaydalara, qoyulan tələblərə ciddi əməl etdikdə xilas ola bilərik.  Qohum-əqrəba və kollektivdən nə qədər çox özümüzü təcrid etsək, bir o qədər virusa yoluxmadan uzaq ola bilərik.  Amma görünən odur ki, insanların əksəriyyəti dövlətin gördüyü sərt karantin  tədbirlərinə başdansovdu yanaşır. Nəticədə nəinki özlərini, yaxınlarını, bütövlükdə cəmiyyəti təhlükə altında qoyurlar. Yaranmış bu vəziyyətin nəticəsidir ki, məsələ artıq qaydaları pozanlara qarşı cinayət məsuliyyətinin tətbiq edilməsi müstəvisinə qədər qalxıb.

Pandemiya fonunda karantin qaydalarına riayət etməyənlərə münasibətdə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Bu sayaq cəzalarla üzləşməmək üçün qaydalara əməl etməliyik. Vətəndaşlarımız bu məsuliyyəti dərk etməlidir. Ona görə də maarifləndirmə tədbirlərini daha da artırmalıyıq. Burada başqa yol görmürəm”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz