Əlaqə Arxiv
news Image
2020.06.30
10:03
| A A A
Karantin və cəzalar sərtləşdirilməli, ictimai nəzarət gücləndirilməlidir
Azər Allahverənov: “Əsas diqqət ictimai nəzarət və maarifləndirməyə yönəldilməlidir” Cümşüd Nuriyev: “Pandemiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi tərəfdarıyam”

 

Koronavirus təhdidi artmaqda davam edir.  Virus hələlik hər gün daha çox can almaqda, daha çox insanın yoluxmasına bais olmaqdadır.  İki həftəlik karantin rejiminin tətbiqi fonunda məsuliyyətli davranmağa çalışan insanların sayında müəyyən artm var. İndi əvvəlki dövrlə müqayisədə bir qədər çox insan maska taxır.

Ancaq məsafə gözləmək kimi məqama hələ də mütləq əksəriyyət dərk etmir. Bu vəziyyətdə hesab edilir ki, həm karantin və cəzalar sərtləşdirilməli, həm də ictimai nəzarət gücləndiriməlidir. Bu aradan "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirdiyinə görə, SMS icazə qaydalarına növbəti dəyişiklik edilib. Onun sözlərinə görə, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub və gündə ancaq bir dəfə istifadə etmək olar.

Bu fonda karantin və cəzaların sərtləşdirilməsi, ictimai nəzarətin gücləndirilməsi virusa qarşı mübarizədə nə vəd edir?

İctimai xadim Azər Allahverənov qeyd etdi ki, koronavirusa qarşı mübarizədə krantin şərtlərinin sərtləşdirilməsi və ictimai nəzarətin gücləndirilməsi hazırkı   durumda çıxış yollarından biridir:  "Amma düşünürəm ki, bunlarla yanaşı, maarifləndirmə işlərini də geniş səpkidə həyata keçirmək lazımdır.  Hazırda maarifləndirmə işləri iki istiqamət üzrə qurulur. Qoruyucu maskalardan istifadə və məsafə gözlənilməsi zərurəti.

Fikrimcə, maarifləndirmədə davranış qaydaları ilə bağlı daha geniş səpkidə qaydalar işlənməli və maarifləndirmə prosesini də onun üzərində qurmaq lazımdır.  Məsələn, açıq havada maskalardan istifadə tövsiyyə  olunmur.  Tutaq ki, açıq havada, parkda  bir neçə nəfər yanaşı gedir, aralarındakı məsafə də cəmi yarım metrdir və heç biri maska taxmır.  Yəni açıq  havada maska taxmasalar da sosial məsafəni də gözləmirlər.  İnsanlarda da belə yanlış təsəvvür var ki, açıq havada gəzəndə maska taxmırsa, deməli, sosial məsafəni də gözləməmək olar.  Düşünürəm ki, belə məsələlər üzərində mütəxəssislər öz sözünü deməlidir.  Yəni bu məsələ daha da dəqiqləşdirilməlidir.  İstənilən halda, hazırkı dövrdə əsas diqqəti həm ictimai nəzarətə,  həm də maarifləndirmə işlərinə yönəltməliyik.  Bu daha çox effekt verə bilər, nəinki cərimə sanksiyalarının artırılması.  Cərimə sanksiyalarının artımından söhbət gedirsə, bunu ilk gündən etmək gərək idi.  Artıq hər şey axarından çıxdığı halda, cərimə sanksiyalarının artırılması qorxusu adı altında nəticələrin əldə olunması ciddi effekt verməyəcək.  Əsas diqqət ictimai nəzarət və maarifləndirməyə yönəldilməlidir. Diqqət daha çox bu məsələlərə yönəldilməlidir.  Hələlik cərimə sanksiyalarının artırılmasından söhbət getmir".

Politoloq Cümşüd Nuriyev düşünür ki, bu istiqamətdə əsas məsələ olaraq maarifləndirmə işini daha düzgün məcraya yönəltməliyik: "Pandemiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi tərəfdarıyam.  Xüsusən də market və supermarketlərdə hər hansı bir qaydalara riayət olunmur. Bu məkanlarda vəziyyət kifayət qədər acınacaqlıdır.  Amma cərimələrin artırılması fikrimcə, uğurlu olmayacaq.  Azərbaycan əhalisinin maddi vəziyyəti, xüsusən də pandemiya dövründə o qədər  də yaxşı deyil.  Belə vəziyyətdə cərimələrin sərtləşdirilməsinə ehtiyac görmürəm.  İnsanlara nəyi qadağan edirsəndə, adam daha çox məhz ona meyl edir.  Burada başqa yol seçilməlidir. TƏBİB arxayınçılığa yol verməklə uğurlu iş apara bilmədi. Marketləri açmaqla səhvə yol verdik. Burada cərimə sistemi özünü doğrultmayacaq.  Cəza sisteminin artması ilə bir o qədər məsuliyyətsizlik artacaq.  Təbliğatı düzgün qurmalıyıq, indiyə kimi bu prosesi də düzgün aparmamışıq".

R. SULTANOV

Sizin Reklam Yeriniz