Əlaqə Arxiv
news Image
2020.07.07
09:50
| A A A
Pandemiyanın yayılmasına şərait yaradanlar əyləncələrindən qalmır
Adil Qeybulla: “Belə bir acınacaqlı vəziyyət bəzi insanların yanaşmasından, məsuliyyətsizlik nümayiş etdirmələrindən qaynaqlanır”Şəmsəddin Əliyev: “Bəzi qurumlar karantin rejimində fəaliyyətini qura bilmir və maarifləndirmə işləri zəifdir”

 

Bir sıra vətəndaşlar hələ də karantin qaydalarına əməl etmir. Müxtəlif məclislərin təşkili, təhlükəsizlik tədbirlərinin görülməməsi də bunun təsdiqidir. Məsələn, Bakının Səbail rayonunda "Fairmont Baku" hotelində polis əməkdaşları xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, movcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd nəticəsində icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Anoloji vəziyyət Qusar rayonunda da baş verib.  Ağcəbədidə isə restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq karantin qaydalarını pozmaqla qonaqlıq təşkil edib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 12 nəfər inzibati qaydada cərimə edilib. Digər 2 nəfər barəsində isə protokollar tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib. Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlanıb.   Baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar. Digər  tərəfdən, son zamanlar maska taxanların sayı artsa da, hələ də məsələyə etinasız yanaşmaqda davam edənlər də tapılır. Məsafə gözlənilməsi məsələsi isə yenə də öz həllini tapmır. Xüsusən də ticarət mərkəzlərində və avtobuslarda məsafə demək olar ki, heç gözlənilmir. Bu hal nədən qaynaqlanır və hansı təhlükələr yaradır?

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, insanlar hələ də problemə məsuliyyətsiz yanaşmaqda davam edirlər:  "Belə bir  acınacaqlı vəziyyət bəzi insanların yanaşmasından, məsuliyyətsizlik nümayiş etdirmələrindən qaynaqlanır.

Bu vəziyyət kaskad şəklində yeni-yeni yoluxmalara gətirib çıxaracaq.  Çünki məclisdə yoluxaraq çıxan hər kəs sabah gedib başqa birisinin yoluxmasına bais olacaqlar.  Beləliklə də, həmin vəziyyətdə virus bu şəkildə yayıla-yayıla gedəcək. Karantin qaydalarını bu şəkildə pozanlar əslində hamılıqla cəzalanmalı, nəzarətə alınmalıdırlar.  Karantin tədbirləri hamı üçün eyni olmalıdır, bu zaman sıravi insan və ya məmur olmasına baxılmamalıdır.  Pozuntular artdıqca virusun yayılma arenası da təəssüf ki, artacaq.  Nə qədər belə pozuntular çox olsa, virusun yayılması üçün əlverişli şərait də yaranacaq".

"Polisə dəstək" İctimai Birliyinin  rəhbəri Şəmsəddin Əliyevin fikirncə, bəzi rəsmi qurumların proseslə mübarizədə aktiv olmaması belə neqaqtiv halların baş alıb getməsinə rəvac verib: "İnsanlar  mütləq mənada qanuna tabe olmalı və onun icrasına hörmətlə yanaşmalıdır.  Amma karantin rejimində Nazirlər Kabinetinin Operativ  Qərargahının qəbul etdiyi qərarların icarısını həmin kabinetin tərkibinə daxil olan bütün mərkəzi və yerli icra orqanları bu vəzifələri öz fəaliyyət istiqamətlərinə uyğun həyata keçirməlidirlər.   Lakin 4 aya yaxındır ki, episentrin mərkəzində yalnız Daxili İşlər Nazirliyi əməkdaşları və Səhiyyə Nazirliyinin həkim kollektivini görürük. Digər qurumlar isə prosesdə elə də aktiv deyillər.

Düşünürəm ki, hər bir qurum öz fəaliyyət istiqamətləri çərçivəsində həmin qərarların icrasınaı təmin etsəydi, pandemiya ilə bağlı da bu günki vəziyyət yaranmazdı. Məsələn  sürücü sükan arxasında maskasızdırsa, bu məsələni Bakı Nəqliyyat Agentliyinin işçiləri həll etməlidirlər. Amma burada da əsas ağırlıq yenə də polisin üzərinə düşür. Bəzi qurumlar var ki, karantin rejimi qaydalarına əməl etmir. Vətəndaş evdə qalmalıdırsa, onun qazı, işığı, suyu, çörəyi də olmalıdır. Belədə bəzi qurumlar var ki, karantin rejimində  öz fəaliyyətini qura bilmir".

Digər tərəfdən, həmsöhbətimiz düşünür ki, karantin rejiminin pozulması halları maarifləndirmə işlərinin zəif olmasından irəli gəlir: "Belə etmək olar ki, karantin rejimini pozanların ad və soyadları siyahı şəklində elektron KİV-lərdə elan edilsin. Yəni karantin rejimini pozanlar qınaq obyentinə gəlsinlər. Bu hal fikrimcə, inzibati vasitədən daha təsirli vasitə olacaq". Ekspertə görə, məsələ kompleks şəkildə həll edilməlidir.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz