Əlaqə Arxiv
news Image
2017.01.11
15:04
| A A A
İqlim dəyişikliyi artıq səhhətimiz üçün də ciddi problemə çevrilməyə başlayıb
Emin Dadaşzadə: «Havanın dəyişkən keçməsi, ilk növbədə insanın bədəninin temperaturunun sabit qalmasına mənfi təsir göstərir» Gülmalı Süleymanov: «Qışda yay havasının müşahidə olunması iqlim dəyişmələrinin bir təzahürü sayıla bilər»

“Elə bil yaz havasıdır”, “qışda da belə isti olar?” kimi təəccüb dolu sözləri  son günlər tez-tez eşidirik. Havaların qış fəslinə xarakterik olmayan temperaturda keçməsi çoxumuzun ürəyindən olsa da, sən demə qış fəslində bu cür hava şəraiti səhhətimizə təsirsiz ötüşmürmüş. 

Terapevt Emin Dadaşzadə deyir ki, mövcud hava şəraiti qış üçün xarakterik olmadığından, insanların bədənlərinin temperaturuna da təsir edir: “Havanın dəyişkən keçməsi, ilk növbədə insanın bədəninin temperaturunun sabit qalmasına mənfi təsir göstərir. İnsanlar fəslinə uyğun geyinsələr də, hava isti keçdiyindən bədənin tərləməsinə səbəb olur. Havanın ani dəyişməsi nəticəsində  bədənin temperaturu soyur. Bu da kəskin respirator xəstəliklərə səbəb olur”.
E. Dadaşzadə deyir ki, qışda qarın yağması bakteriyaların, virusların məhv olmasına gətirib çıxardır: “Qış fəsli olsa da, qar yağmır, havanın temperaturu yüksəkdir. Bu da virusların aktivləşməsinə, yayılmasının sürətlənməsinə gətirib çıxarır”.
Terapevt deyir ki, qışda qarlı havada gəzməyin, hava almağın orqanizm üçün faydası var: “Qarlı hava təmiz hava hesab olunur. Bu hava şəraiti imkan verir ki, insanlar təmiz hava qəbul etsinlər. Amma son illər qarlı havanın çox az müşahidə olunması virusların qış aylarında da yayılmasına gətirib çıxardır”.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov isə deyir ki, hazırda müşahidə olunan hava, qeyri-adi hava şəraiti hesab oluna bilməz: “Bu cür havaya əvvəlki illərin dekabr-yanvar aylarında da rast gəlinib. Elə əvvəlki illərə nəzər salsaq,görərik ki, Azərbaycanda qış çox nadir hallarda, dekabr-yanvar aylarında sərt keçib. Bizdə qış fəslinin olduğu əsasən yanvarın sonu, fevral ayında hiss olunur. Payızda qarın yağmasına əsaslanıb qışın son aylarının sərt keçəcəyini söyləmək düzgün deyil”.
G. Süleymanov bildirir ki, ümumilikdə, hazırda havanın temperaturu normadan iki-üç dərəcə yüksəkdir: “Amma elə illər olub ki, yanvar ayında 15-16 dərəcə isti olub. Belə havalar bir neçə ildən bir təkrar olunur”.
Mərkəz rəhbəri deyir ki, qışda yay havasının müşahidə olunması iqlim dəyişmələrinin bir təzahürü sayıla bilər: “Yerdə qalan enerji qeyri-bərabər paylanmağa başlayıb. Avropada daha soyuq, bizdə isə nisbətən istiləşmə müşahidə olunur. Amma dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu dəyişiklik özünü iki-üç dərəcədən artıq göstərmir. Şimala getdikcə, temperatur dəyişməsi daha çox özünü göstərir. 
Yerə gələn enerji qayıtmalıdır. Amma indi yerdə qalan enerji yerin, okeanların qızmasına sərf olunur. İqlim dəyişikliklərinə yer səthində yaşıl kütlənin azalması, səhralaşma da səbəb olur”.

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz