Əlaqə Arxiv
news Image
2017.01.17
16:37
| A A A
Dərman vasitələrinin təsirsizliyinin əsas səbəbləri məlum oldu
Elmin Quliyev: «Dərman preparatlarının təsirini dəyişən bir çox faktorlar var» Nəsib Quliyev: «Dərman preparatı müyyən dozada effekt göstərə bilər»

Aldığı dərman preparatlarının təsirinin zəif olması, yaxud da ümumiyyətlə, təsir etməməsindən şikayətlənənlərin sayı az deyil. Ölkədə son günlər müşahidə edilən virus infeksiyası zamanı təyin edilən qızdırmasalıcı və öskürək əleyhinə dərman preparatlarının təsirinin olmamasından da gileylənənlər  kifayət qədərdir. Bu cür hallara uşaqlar üçün təyin olunan öskürək əleyhinə şərbətlərdə də rast gəlinir. Bəs görəsən, dərman preparatlarının təsirinin zəif olması, yaxud ümumiyyətlə, təsir göstərməməsi ilə bağlı narazılığın səbəbi nədədir? 

Bəziləri bunu son zamanlar ölkəyə idxal edilən dərmanların saxta və keyfiyyətsiz olması ilə əlaqələndirsələr də, aidiyyatı qurumlar saxta və keyfiyyətsiz dərman preparatlarının ölkəyə idxalına icazə verilmədiyini və aşkarlanan saxta və keyfiyyətsiz dərman preparatlarının isə utilizasiyasının aparıldığını bildirirlər.  Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzinin Qeydiyyat Ekspertiza şöbəsinin eksperti Elmin Quliyev «Mövqe»yə açıqlamasında deyir ki, bəzən dərmanın təsir etməməsi ilə bağlı narazılıqlar səslənir. Ekspert deyir ki, dərman preparatlarının təsirini dəyişən bir çox faktorlar vardır: “Buna 16 amil səbəb ola bilər. Dərmanın təsirini dəyişdirən amillərdən biri insanın bədən kütləsidir. Mütləq həkim bədən kütləsinə görə xəstəyə doza təyin etməlidir. Bununla yanaşı, dərmanın klirensi də dərman preparatının təsirinin dəyişməsinə səbəb ola bilər. Dərmanın yaşa və cinsə görə də  təsiri dəyişir. Elə dərman preparatı ola bilər ki, yaşlılara təsir edə bilməyə, yaxud da yeni doğulmuş uşaqlara güclü təsir edə bilər. Həmçinin kişilərə güclü təsir edən dərman preparatı qadınlara zəif təsir göstərə bilər.”
Həmsöhbətimiz deyir ki, Mərkəzdə dərman preparatlarının miqdari təyinatı və keyfiyyət analizi aparılır: “Qeydiyyatdan keçən dərmanlar qeydiyyata alınma  dövründə  və hər idxalda seriya üzrə yoxlanılır. Əgər miqdari və eynilik təyinatında nöqsan aşkarlanarsa, bu cür dərmanların idxalına icazə verilmir. Dərman preparatlarının labarator analizləri onlara dair təsdiq edilmiş normativ sənədlərə və beynəlxalq farmokopeyalara – ABŞ, Britaniya, Avropa və Yaponiya farmokopeyalarına uyğun aparılır. AEM-in Laboratoriyası AZS/İSO/İEC 17025-2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq akkreditasiyadan keçmişdir. Yəni, əhali tam əmin ola bilər ki, qeydiyyatdan keçən bütün dərmanların miqdari və eynilik analizi aparılır”.
     Elmin Quliyev dərman preparatının təsir etməsinə, xəstənin yaşının, cinsiyyətin, dərmanın qəbul etmə yolunun hətta qəbul etmə vaxtının, bioritmlərin belə təsir göstərdiyini söyləyir: “Dərman preparatlarının günün birinci yarısı və ya ikinci yarısı qəbul edilməsindən asılı olaraq təsiri dəyişə bilər. Qeyd edim ki, ekoloji faktorlar, havanın çirklənməsi, xəstənin siqaret çəkməsi, spirtli içki qəbul etməsi,  dieta saxlaması, müxtəlif qidalar da qəbul edilən dərmanın təsirini dəyişə bilər. Bundan başqa dərmanın təsirini farmakogenetik faktorlar, orqanizmin vəziyyəti, psixoloji faktorlar da dəyişə bilər”. 
Mərkəzdən onu da bildirdilər ki, il ərzində 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə, onların idxalına icazə verilməyib. Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb. Məlumat üçün qeyd edək ki, beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, dünya üzrə 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov isə mətbuata açıqlamasında bildirib ki, dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər. Onun sözlərinə görə, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir.
Tibb elmləri doktoru, professor. K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, eləcə də ölkənin baş pediatrı Nəsib Quliyev isə uşaqlara dərman təyini zamanı maksimum diqqətli olmağın vacib olduğunu söyləyir. Həmsöbətimiz deyir ki, dərmanın təsiri əsasən onun doza təyinatından asılıdır: “Dərman preparatının əsas təsir edici faktoru ölçü vahidində olan dozasından asılıdır. Qeyd edim ki, dərmanları, xüsusilə uşaqlara verilən siropları istifadə etdikdən sonra yerdə qalanını uzun müddətdən sonra yenidən istifadə etmək olmaz. Düzdür, dünyada saxta dərman istehsal edənlər də var. Amma nəzərə almaq lazımdır ki, saxta olmayan dərmanın da zərərli, yəni yan təsirləri var. Ona görə də, dərman preparatı müyyən dozada effekt göstərə bilər”.
 
Zülfiyyə QULİYEVA

Sizin Reklam Yeriniz