Əlaqə Arxiv
news Image
2017.02.03
15:37
| A A A
Bu adamlara bankalanmaq qadağandır – EKSPERT DANIŞIR

Texnologiyanın, tibbin inkişafına rəğmən insanların çoxunun seçimi ənənəvi müalicə üsullarıdır.
Yüz illərdir müraciət edilən bankalanmaq da bu üsulların başında gəlir.
Bir azca soyuqladıqda, kürək ağrıları olduqda insanlar çarəni bankalanmaqda görürlər.
Bəs bankalanmağın faydaları varmı? İstənilən şəxs istədiyi zaman bankalana bilərmi? Mövzu ilə bağlı uzman fizioterapevt Sənan Cəfərovun fikirlərini sizə təqdim edirik.
Həkim bildirir ki, qədim zamanlardan bəri insanlar arasında tətbiq edilən bankalanma tamamlayıcı tibbə aid müalicə üsuludur. Lakin ən böyük problem bu üsulun düzgün tətbiq edilməməsidir: “Bəzən xəstələri müayinə edəndə heyrətimi gizlədə bilmirəm. Banka izlərini görürəm, lakin bu bankaların hara qoyulması bir həkim kimi məni çox narahat edir. Lazımlı-lazımsız hara gəldi banka qoymaq olmaz, qəti şəkildə. Sümüyün, əzələnin üzərinə, hara gəldi banka düzürlər. Yetər ki, banka qoyulsun. Düzdür, əslində bankalanmaq yaxşı üsuldur. Ancaq bankaların qoyulması üçün düzgün yerlərin seçilməsi vacibdir. Banka onurğa ətrafındakı yumşaq toxumalara qoyulmalıdır. Bəzən kürək sümüyünün üstünə qoyurlar. Amma bu, düzgün deyil. Əsas iş onun qoyulduğu yerin onurğa ətrafı yumşaq toxuma, həmin yerdəki əzələ və boyun ətrafında olan yumşaq toxumalara qoyulmasıdır”.
Bəzən banka qoyulduqdan sonra həmin yerləri çərtirlər və bunu “çirkli qanın çıxması” kimi əsaslandırırlar. S. Cəfərov bunun yanlış fikir olduğunu qeyd edir: “Bankanın əsas məqsədi qan dövranını yaxşılaşdırmaqdır. Xalq dilində deyirlər “soyuqdəymə çıxsın”. Banka qoyulan yerə isə çirkli qanın yığılması yanlış fikirdir. Ora yığılan qan həmin hissədə olan kapilyarlardır. Sadəcə kapilyar sistemdə olan qan yığıldığına görə qaralmalar əmələ gəlir. Normalda nəfəs aldıqda oksigen bədənə yayılır. Çərtmənin bir açıqlaması var ki, sadəcə hüceyrələrdə yenilənmə baş verir. Lakin çərtən zaman mütləq ehtiyatlı olmaq lazımdır. Çünki həmin yerin mikroba yoluxma ehtimalı yüksəkdir”.
Hansı hallarda banka qoyula bilməz?
Həkim bir çox dəri və ciddi sağlamlıq problemi olan insanlara banka qoyulmasını qadağan edir. Dəri problemi olan insanlara banka qoymaq ciddi fəsadlarla nəticələnə bilər. Ürək və böyrək xəstələri də risk qrupuna aiddir. Bununla yanaşı, yüksək temperaturu olan insanlara da məsləhət görülmür: “Banka xəstə bir balaca üşütdükdən sonra onurğa ətrafında əzələ spazmanın aradan qaldırılması üçün tətbiq edilə bilər. Yalnız yüngül spazmı aradan qaldırmaq üçün problemli yerlərə banka qoymaq olar”.
S. Cəfərov bu prosesin evdə kor-koranə deyil, həkimlə məsləhətləşdikdən sonra, xüsusən də tibb personalı tərəfindən tətbiq olunmasını məsləhət görür. Əks təqdirdə yanıq fəsadları ilə nəticələnə bilər. Hətta xəstəyə daha ciddi zərər verər və sağlamlıq problemi yaşadar: “Ancaq bankalanmaq, çərtmə, bankanı fırlatmaq kimi üsullar yalnız səthi toxumanın qidasını artırır. Dərin toxumaya təsir edə bilmir. Dərin toxumaya təsir etmək üçün elektroterapiya lazımdır”.
Aile.lent.az
 
.

 

Sizin Reklam Yeriniz