Əlaqə Arxiv
news Image
2018.07.11
10:44
| A A A
Bunları etsəniz, saçlarınız TÖKÜLMƏYƏCƏK

Heç kimə sirr deyil ki, ekologiyanın çirklənməsi, içməli və çimərkən istifadə edilən suyun qeyri-təmiz olması saçların tökülməsinə rəvac verən amillərdəndir.

Movqe.az big.az-a istinadən  xəbər verir ki, məhz buna görədir ki, son illər istər qadın, istərsə də kişilər arasında saç tökülməsi halları çoxalıb.

Baş dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir. Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Bu da ondan xəbər verir ki, sizin saçlarınız və saç dəriniz olduqca saglamdır. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Bununla paralel olaraq, yeni tüklər də inkişaf etməyə başlayır. Yox, əgər siz saçlarınızın getdikcə daha sürətlə tökülməsini müşahidə edirsinizsə, mütləq həkim-trixoloqa müraciət edin. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola bilər.
Saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri - irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif diyetalara aludə olmaq, qeyri-düzgün qidalanma və başqa amillər ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.
Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün edilməyən qulluq göstərilməsi olur: müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
Saçların tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.
Saçların tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır. Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq, dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə təyin olunur. Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər qısaltmalı olacaqsınız – bu, baş dərisini oksigenlə kifayət qədər təmin etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də asanlaşdırır.
Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və müalicəni əvəz edə bilməz.

Əgər saçlar seyrəlməyə başlayarsa, saçların möhkəmləndirilməsi üçün həftədə 2-3 dəfə xüsusi maskalar etmək yaxşı olar:

- 1 xörək qaşığı konyak, 1 yumurta sarısı və 1 desert qaşığı balı qarışdırın. Alınan maskanı saçları yumamışdan qabaq 30 dəqiqə müddətinə başın dərisinə çəkin. Sonra saçları içərisinə ½ limon şirəsi qatılmış yumşaq su ilə yaxalayın.

- 1 çay qaşığı bal, 1 yumurta sarısı, 1 çay qaşığı gənəgərçək yağı və 1 çay qaşığı ayıpəncəsi yağı götürərək onları qarışdırın. Bu qarışığı başın dərisinə sürtüb əvvəlcə sellofan ilə, sonra isti şərflə örtün. 1-2 saat keçdikdən sonra başınızı yuyun.

- Əgər saçlarınız seyrəkdirsə və pis uzanırsa, axşam başın dərisinə gənəgərçək yağı sürtüb yatın, səhər isə başınızı yuyun. Bu proseduranı, saçların vəziyyətində nəzərəçarpacaq yaxşılaşma qeyd edilənə qədər həftədə 2 dəfə olmaqla etmək lazımdır. Lazımı effekti aldıqdan sonra isə onu 2 həftədən bir və ya ayda 1 dəfə olmaqla yerinə yetirmək olar.
Saçları bərpa etmək və onları möhkəmləndirmək üçün maskalardan başqa, dərman bitkilərindən hazırlanan dəmləmələrdən və onların spirtdə hazırlanan məhlullarından da istifadə etmək olar. Maskalar kimi, onları da müntəzəm olaraq həftədə 2-3 dəfədən az olmayaraq heç olmasa, 1 ay müddətində tətbiq etmək lazımdır. Otlardan hazırlanan bu məhlulları başı yuduqdan sonra saçların sonuncu dəfə yaxalanması üçün hazırlanan yumşaq suya əlavə etmək və ya başı yumamışdan qabaq saçların köklərinə sürtərək 1 saat ərzində saxlamaq olar. Əgər saçlarınız yağlıdırsa onları dəmləmələrlə yaxalamaq daha yaxşıdır. Saçlarınız quru və ya normaldırsa, dəmləmələri masaj hərəkətləri ilə başın dərisinə sürtmək olar.

- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır.

- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynatmaq lazımdır.

- 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır (böyürtkən yarpaqlarından da eyni qayda ilə dəmləmə hazırlamaq olar).

- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynatdıqdan sonra süzün. Saçları yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə etmək olar.

- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.

- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra onu süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.

- 3 xörək qaşığı çaytikanı meyvələri və yarpaqlarının üzərinə 2 stəkan qaynar su töküb 30 dəqiqə ərzində dəmlədikdən sonra süzün.

- Saçlar güclü şəkildə töküldüyü halda, başın dərisinə sürtmək üçün uzunsov qırmızı bibərin spirtli məhlulundan istifadə etmək olar. 100 qram qırmızı bibərin üzərinə 1 litr 70 dərəcəli spirt əlavə edərək 6-7 gün ərzində saxladıqdan sonra onu süzürlər. Alınmış qarışıqdan 10 qram götürüb, onu 100 qram qaynanmış su ilə qarışdırdıqdan sonra, həftə ərzində 2-3 dəfə axşam saatlarında başın dərisinə sürtmək lazımdır.
Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar: vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra-red) qəbul etmək lazımdır.

Sizin Reklam Yeriniz