Əlaqə Arxiv
news Image
2018.01.09
17:57
| A A A
Universitet onları qonaq çağırdığı üçün tənqid edildi
Bir neçə gündür ki, sosial şəbəkələrdə idmançı Kamil Zeynallı, aktyor, viner Hüseyn Əzizoğlu, rejissor Kənan MM-in Bakı Mühəndəslik Universitetində tələbələrlə görüşə dəvət olunması ciddi tənqid olunur. İstifadəçilər müzakirələr zamanı bildirib ki, sözügedən şəxslərin universitetin profilinə heç bir aidiyyatı yoxdur və daima qalmaqallarla gündəmə gələn şəxslərin gənc tələbələrlə görüşü heç də xoş deyil.

Movqe.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib ki, keçirilən tədbir 2016-cı ildə Qafqaz Universitetinin vaxtında olub: 


“Hal-hazırda Qafqaz Universiteti fəaliyyət göstərmir. Bakı Mühəndislik Universiteti  istifadəçilərin qeyd etdiyi  iradlara görə məsuliyyət daşımır”.

Bu məqamda universitetlərin tələbələrlə görüşə qonaq dəvət edərkən hansı kriteriyaları nəzərə alması məsələsi gündəmə gəlib.

Bununla bağlı Bakı Dövlət Universitetinə və  Azərbaycan Texniki Universitetinə müraciət edilib.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova qeyd edib ki, universitetdə keçirilən tədbirlər, əsasən auditoriyanın marağı nəzərə alınmaqla təşkil edilir: 

“Mövzuya və müzakirə ediləcək məsələlərə uyğun olaraq tədbirə müvafiq fakültənin professor-müəllim heyəti və tələbələri cəlb olunur. Həmçinin kənardan dəvət olunan qonaqlarda bu kriteriyalar nəzərə alınır. Məsələn, bizim universitetə dəvət edilən hansısa Nobel mükafatı laureatıdırsa və onun sahəsi kimya, fizika, yaxud molekulyar biologiyadırsa, demək, həmin sahənin mütəxəssisləri və tədqiqatçıları, magistrları, tələbələri görüşə cəlb olunacaq. Həmin tədbirə məsələn, jurnalistika fakültəsinin tələbələrini cəlb etmək olmaz. Yaxud da əksinə, jurnalistika ilə bağlı tədbirə digər tələbələri və mütəxəssisləri cəlb etmək olmaz. Ona görə də auditoriya tədbirin mövzu və xarakterinə görə təşkil  olunur”.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, tədbirlərin təşkili və qonaqların dəvət olunması tələbələrin istəyinə uyğun olaraq həyata keçirilir: 

“Biz universitet olaraq çalışırıq ki, tələbələrin qarşısına onların istədiyi şəxsləri çıxaraq. Bununla belə, qonaq dəvət olunması ilə bağlı universitetin öz kriteriyaları var. Yəni, dəvət olunan qonaq cəmiyyətdə bəlli bir yer tutmalıdır. Həmin şəxsin uğurları tələbələr üçün örnək təşkil etməlidir.  

Bundan əlavə, dəvət olunan qonaq ilk növbədə, öz sahəsinin ən uğurlularından olmalıdır.

Həmin şəxsin layiqli vətəndaş, maraqlı insan və optimist biri olması vacib amillərdən biridir. Çünki universitet həm də  bu cür tədbirlər təşkil etməklə layiqli vətəndaş yetişdirmə missiyasını yerinə yetirir. Biz istəyirik ki, bizim məzunlar bilikli, savadlı olmaqla yanaşı, həm də, vətənpərvər, optimist, maraqlı, uğurlu insan olsunlar”.

N. Abdullayev həmçinin çağırılan qonaqlardan tələbələrin razı qalıb qalmaması məsələsinə də toxunub. O əlavə edib ki, bu cür hallar zaman-zaman bu baş verir: 

“Yəni, gələn qonaq tələbələrdən 5-nin xoşuna gəlirsə, 2-nin xoşuna gəlməyə bilər. Bu məsələni tənzimləmək üçün tələbələri qonaqlarla görüşə könüllü şəkildə gətiririk. Əvvəlcədən elan edirik ki, məsələn, bu vaxtda filankəslə görüş olacaq. Kim istəyirsə gəlib iştirak edir. Belə olanda bizim işimiz də bir az asanlaşmış olur. Müşahidələrim bunu deməyə əsas verir ki, çox vaxt tələbələrin xoşuna gəlməyən qonaqların uzun və qeyri-səmimi söhbətləri olur. Onlar bəzən buna etiraz olaraq görüş yerini tərk edirlər”.

Sizin Reklam Yeriniz