Əlaqə Arxiv
news Image
2018.02.21
15:14
| A A A
"Mən aşıq Namiqdən pul almamışam" - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Movqe.az-ın report-a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Həsənov sərbəst ifadə verib.

O bildirib ki, "8-ci km" bazarında fəhlə işləyib: "Bu işlərin heç birinin mənə adiyyəti yoxdur. Mən zərərçəkmişlərdən təkcə Habil Hənifəyevi tanıyıram. Onunla tanışlığım belə olub. Oturmuşdum, birdən zəng gəldi. O, özünü Habil kimi təqdim etdi. Məndən soruşdu ki, ""BestComp Group" şirkətinin rəhbəridir?" Ona həmin şəxs olmadığımı dedim".

E.Həsənov söyləyib ki, digər təqsirləndirilən R.Babayevin yanında fəhlə kimi çalışıb: "O, şirkətdən malları götürürdü, mən maşından boşaldırdım. Mənim işim ancaq kompüterləri maşından boşaltmaq olub. "BestComp Group" şirkətinə daxil olanda qapıları həmin şirkətin işçiləri açırdı, malları da orada çalışan fəhlələr yükləyirdi. Mallar sənədlərlə götürülürdü. Bir-iki dəfə olub ki, mən təkcə malları şirkətdə işləyən Elşən müəllimdən götürüb, aparmışam. Onu da qohumlar istəyəndə edirdim. Rəşad Babayev şirkətdən götürdüyü malların pulunu verəndə görmüşəm. Çünkü pulu mənə göstərmişdi, şirkətdən çıxanda isə cibində pul yox idi. Ona fəhlə kimi kömək etdiyim üçün Rəşad mənə 20 manat pul verib".

E.Həsənov zərərçəkmiş Namiq Hüseynovdan pul almadıqlarını deyib.

E.Həsənov "BestComp Group" şirkətinin nümayəndəsinin suallarını cavablandırarkən məlum olub ki, o, özünü şirkət əməkdaşlarına Eldar adı ilə təqdim edib. 

E.Həsənov əvvəl bunu təkzib etsə də, sonra "hə, olub bir dəfə belə hal, amma bilmirəm" cavabını verib.

Daha sonra digər təqsirləndirilən R.Babayev dindirilib. O, BestComp Group" şirkətində sürücü vəzifəsində çalışdığını, ayda 680 manat maaş aldığını deyib. R.Babayev zərərçəkmişlərdən 41 min manat pul götürdüyünü və onlara 65 min manat pul qaytardığını söyləyib: "Heç bir sənədə qol çəkmədik. Habildən isə pul almamışam. Elnur Həsənovu da özümə fəhlə götürmüşdüm". 

 

Məhkəmə prosesi fevralın 28-də davam etdiriləcək.

İttiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq pulu şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər. 

Bundan başqa, hər iki təqdirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq iclasında iştirak edib.

Sizin Reklam Yeriniz