Əlaqə Arxiv
news Image
2019.04.02
11:56
| A A A
“Qardaşımın səhvinə cavabdeh deyiləm” - Ramal videodan danışdı

“Mənim üçün çox əziz, dəyərli Azərbaycan xalqı. Məni sevən, həm də sevməyən və bəlkə də, qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə bu düşüncələrimi yazıram. Məlum “3 qız” videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Bu video məsələsində qardaşımın adının hallanacağı heç təsəvvürümə belə gəlməzdi, bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu”.

Movqe.az  xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov polis tərəfindən saxlanılan qardaşı Valeh İsrafilov barədə instaqramda yazarkən bildirib. 

O, sosial şəbəkələrdə yayılan çılpaq qızların videosuna görə qardaşının adının hallanmasına kədərləndiyini qeyd edib:

“Hadisəni nə Azərbaycan kişisinə, nə də qadınına yaraşdırdım. Videoda çılpaq qızlar haqqında düşündüklərinizin eynisini onu çəkən və paylaşanlar haqqında düşündüm. Bir kişi yetişdirsən o, bir fərd olar, bir qadın yetişdirə bilsən, o, ulus olar, millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları mənim analarımdır... Azərbaycan xanımları mənim bacılarımdır... Elə həm də o kişiləri böyüdəndir... Eyni zamanda bu və ya bu kimi videolarda qızların həyatını puç edən hər “uğurlu” və “zəngin” kişinin arxasındakı dəyərli varlıqdır. Bu toplumu yetişdirən, “Kişiyə olar, amma qadına olmaz” deyib qadını kişiyə əzdirəndir. Qızı olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir... Qayınanadır, baldızdır, xaladır, bibidir... 

 

Bu cəmiyyətdə nə qədər ki, qadınlar qadınlara hörmət etməyəcək, həmcinsi ilə həmrəy olmayacaq, sevməyəcəksə, kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməsin. Qadın qadını dəyərləndirsəydi, bu gün qadınlar əzilməz, öldürülməzdi...” 

Ramal bildirib ki, V. İsrafilov qanun qarşısında cavab verəcək: “Bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Və artıq Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim edirdilər. Beləcə, istəməyərək məsələdə adı hallanan birinə çevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq.

Bu ölkənin qanunlarından üstün şərh və düşüncə yoxdur mənim üçün. Əgər insanlar səhv edirsə, onlar qanun qarşısında hesab verib, cəzalarını alacaqlar. Qanun və hüquq heç kəsə üstünlük vermir və hər kəs bərabərdir. Qanun nəyi deyirsə, biz də ailə olaraq bunu deyirik.

Bu məsələdə hər kəsi bir az səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq, gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıracağıq. Alova əlimizdə benzinlə getməyək, su ilə gedək. O qızlarımızın həyati təhlükəsini düşünək və etdikləri səhvləri düzəltməyə fürsət verək. İnsanlara düzəlmə imkanı yaradaq. Axı ən pozğun insanın belə düz yola, haqq yoluna gəldiyi nümunələr də var.

Allah bizə sonsuz səbir göstərib, sonsuz əfv fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qəzəbin, kinin qaynağı nədir, nədəndir? Gənclərin adəti səhv etmək, böyüklərin də adəti onları başa salıb düz yola çağırmaqdır, bağışlamaqdır.

 

Bu hadisə əminəm ki, hər kəsə bir dərs verdi. Mən də öyrəndim ki, qohum da olsa, ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də düşünməlidir, bilmirəm, amma bildiyim odur ki, ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri şərh etmək, ya da dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. 

Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi "namus keşikçiləri" olub əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz daha təsirli danışarsınız.

Doğruları və yanlışları ilə onlar qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı, ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur...

Qardaş olsaq da, ayrı fərdlərik və hər fərd öz əməllərinə cavabdehdir. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir-birinin səhvlərinə cavabdeh deyil.

Əgər səhvlərinə və günahlarına görə insanları linç etsək, orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq, o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır?

Ya da Hz. İsanın təklif etdiyi cəzalandırma sistemini tətbiq etsək yəni ilk daşı səhvi olmayan atsın desək, kim birinci daş atar? Varmı belə biri aramızda?”.

 

Sizin Reklam Yeriniz