news Image
2013.07.05
11:11
| A A A
Brilliant Dadaşova:"Mən tərbiyəsiz olub, güclü olmaq istəmirəm"

 Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın APA-ya müsahibəsi

 

- Brilliant xanım, ilk olaraq gələcək planlarınızdan danışaq...

 

- İl yarım öncə Türkiyədə Əlixan Səmədovla yeni bir disk hazırlayırdıq. Amma orada veriliş təklifi gəldiyinə və mən də təklifi qəbul etdiyimə görə diskin işləri yarımçıq qaldı. İndi isə istəyirəm ki, bu diski tamamlayaq. Bundan əlavə, bir televiziya konserti çəkmək planımız da var.

 

- Türkiyədəki verilişinizin yayımının dayanmasının səbəbi nə idi?

 

- Biz bu verilişi müqavilə əsasında ərsəyə gətirmişdik, elə əvvəldən də planlamışdıq ki, may ayına kimi davam edəcək. Mənə təklif olunmuşdu və mən də məmnuniyyətlə qəbul etmişdim. Çünki ürəyimdə deməyə çox sözüm var idi. Verilişə onların tanınmış müğənniləri, sənət adamları gələcəkdi. Onlar Mikayıl Müşfiq, Fikrət Əmirov, Telman Hacıyev, Tofiq Quliyev kimi sənətkarların musiqilərini ifa edib anonim yazırdılar. Mənə şans yaranmışdı ki, oxuduqları musiqilərin müəlliflərini canlı efirdə onlara tanıdam. Verilişə elə insanlar gəlirdilər ki, mənim musiqimin, mədəniyyətimin bələdçisi olmasaydılar, inanmıram ki, hər hansı birinin təklifinə verilişə gələrdilər. Mənim üçün də şərəfli idi ki, musiqimizi gözəl təbliğ edə bildiyim üçün məhz mənim veriliş təkliflərimi qəbul edirdilər. Azərbaycanda beş il televiziya verilişi aparmışam. Bundan başqa, veriliş sponsora bağlı bir məsələ olmaqla yanaşı, daimi efirə çıxması üçün gərək orada yaşayaydım, mən isə onu bacarmazdım. Mən davamlı olaraq gedib-gəlirdim. Bir çoxları yalandan deyirdi ki, mən orada yaşayıram. Amma belə deyildi, sadəcə, orada kirayə ev tutmuşdum.  Çünki altı ay bu veriliş müddətində həmişə hoteldə qala bilməzdim. Bu, həm də maddi baxımdan sərfəli deyildi. İndi isə dəvət ediblər ki, sentyabr ayında yenidən efirə çıxaq. Bunun üçün işlər də görülür, səs və görüntü aparatları yenilənir. Amma mən fikirləşməliyəm.

 

- Azərbaycanda xarici ölkələrdə tanınmaq deyən kimi müğənnilərin əksəriyyətinin yadına Türkiyə düşür. Dünyada məşhurlaşmağın yolu Türkiyədənmi keçir?

 

- Mən deyə bilmərəm Türkiyəyə kim nə məqsədlə gedir. Amma mən həmişə dəvətlə getmişəm. İlk dəfə də 1992-ci ildə dəvət aldım. Səhnəyə çıxmalı olduğum gün Xocalı faciəsi baş verdi. Konsertimi təxirə saldım. Hətta hadisənin şokundan möhkəm xəstələndim. Onsuz da 1990-cı ilin şokunu hələ üzərimizdən atmamışdıq. Düzdür, həmin konsert baş tutmasa da, sonralar televiziya verilişlərinə və yenidən konsertlərə dəvət aldım. Bu günə kimi də həmin ölkəyə təkliflə gedirəm.

 

Mən məşhurluq üçün orada heç vaxt pul xərcləməmişəm. Heç elə bir məqsədim də olmayıb. İstər şoumen Bəyazın, istər Seda Sayanın, istərsə də Mehmet Əli Erbilin verilişinə dəvətlə qatılmışam. Verilişlərində Azərbaycan musiqisi ilə bağlı mövzu olan kimi məni dəvət ediblər. Mən də qəbul etmişəm. Niyə də etməməliyəm ki? Madam ölkəmi xaricdə təbliğ etmək şansım var, bunu niyə istifadə etməyim  ki? Mən o vaxt Mehmet Əli Erbilin verilişinə çıxanda orada niyə məhz hər dəfə Şuşanın "Ş"si, Laçının "L"-si deyirdim ki? Çünki bu da bir təbliğat vasitəsi idi. Mən Türkiyəni tanıyan adamam. Oranın bölgələrinin də adını çəkə bilərdim. Amma bunu etmədim. Əvəzində isə Azərbaycanda bəziləri məni topa tutdular ki, guya mən Azərbaycan xanımlarını təhqir etmişəm. Onsuzda Brilliantın daşı ağırdır, düşüb həmin adamların başına. Kim nə deyir-desin, tarixdə ən düzgün olan şeylər qalacaq.

 

Bundan başqa, mənim 1997-ci ildə Norveçdə bir layihəm oldu, orada disk buraxdırdım. Həmin ildən sonra çox azərbaycanlı müğənnilər həmin ölkəyə səfər etdi, konsert verdilər. Amma yenə də beş ildən sonra məni dəvət etdilər. Vaxt vardı deyirdilər ki, Azərbaycandan bircə Brilliantı tanıdıqlarına görə onu çağırırlar. İndi onlara demək istəyirəm ki, niyə beş ildən sonra yenidən məni dəvət etdilər Norveçə? Demək, əsas tanınmaq deyil, əsas sənətdir. İkincisi, niyə biz məşhurlaşmaq kimi komplekslərə qapılırıq ki? Mühitdən də çox şey asılıdır. Tanınmaq üçün ömürlük xaricdə yaşamaq lazımdır. Amerikada yaşayan bir tanışım deyirdi ki, köç ömürlük burada yaşa, sənin üçün çox güclü komanda yığım, burada məşhurlaş. Amma mən qəbul etmədim. Çünki ömürlük orada yaşaya bilmərəm. Adicə Türkiyədə yaşa bilmədim. Əgər daimi olaraq bir yerdə qalmayacaqsansa, orada heç bir məşhurluqdan söhbət gedə bilməz. Digər tərəfdən, əgər gözəl musiqi ifa edirsənsə, səni mütləq tapacaqlar, dəvət də edəcəklər. Necə ki, məni dəvət edirlər. Mənim nə vaxtsa məşhur olmaq kimi komplekslərim olmayıb. Azərbaycanda elələri var ki, ölkəmizdə yetərincə mədəniyyəti təbliğ edə bilməyib, iki-üç uşaq mahnısı ilə xaricdə tanınmaq istəyir. İstənilən adam hansısa bir hasara çıxıb paltarını başına çəksə, məşhurlaşacaq, onu bütün Azərbaycan barmaqla göstərəcək. Əsas tanınmaq deyil, əsas mədəniyyət və musiqidir. Belə insanlar mədəniyyətimizi dekorasiya səviyyəsində təbliğ edirlər. Hesab edirəm ki, əgər tamaşaçı üçün müğənninin musiqisi və səsi maraqlıdırsa, daha reytinq xətrinə nələrinsə dalınca qaçmaq doğru deyil. Mən Türkiyədə Azərbaycanın təbliği üçün elə şeylər etmişəm ki, gəlib deməmişəm. Çünki mənə lazım deyil. Onsuz da tarixdə ən yaxşılar qalacaq.

 

- Sosial şəbəkələrdə də aktivliyiniz var. Bunu bəzən müğənnilərin hər məqamı göstərməsi, şəxsi həyatlarını ictimailəşdirməsi kimi də qiymətləndirirlər. Aktiv sosial şəbəkə istifadəçisi kimi bu fikirlərə münasibətiniz nədir?

 

- Bilirsiniz, bunu başqa cür qəbul edən adamın mədəniyyəti, ruhu, düşüncəsi mənim kimi ola bilməz axı. Allah onun qəlb gözünü açmayıb ki, hər şeyi mənim kimi görsün. Mən bilirəm ki, sosial şəbəkələrdə ehtiyacı olan çox insanlar var ki, imkanları yoxdur istirahətə getsinlər, konsertlərə bilet alıb baxsınlar. İmkanlı adamlar onsuz da aktiv olaraq sosial şəbəkələrdən istifadə etmirlər. Onların başqa maraqları var. Burada isə sadə xalqın nümayəndələri çoxluq təşkil etdiyi üçün mən onlar üçün nələrisə paylaşıram. Mən onları inandırmağa çalışıram ki, mən də onlar kimiyəm və ümumiyyətlə, dünya insanları hamısı birdir. Tanınmış, tanınmamış - heç bir fərqi yoxdur. Biz hamımız ruhən yaxın olan insanlarıq. Məsələn, mən evdə olan idman məşqlərimi belə təbliğat üçün paylaşıram. Mən o videonu paylaşandan sonra xanımların əksəriyyətindən təşəkkür məktubları aldım. Onlar deyirdilər ki, sizin bu videolarınız bizim üçün stimul oldu ki, idmana başlayaq, sağlam olaq. Məni çox inanclı böyüdüblər, ona görə də insanlar üçün yaxşılıq etməyi sevirəm. Həm də bundan öncə mənim adımdan səhifələr açıb özlərinə sərf edən işlərlə məşğul olan adamlar vardı ki, səhifəyə əxlaqsız şəkillər yükləyirdilər. Mən həm də öz adımı xilas etmək üçün bu şəbəkəyə qoşuldum. Çünki başqa cür hamıya birdən necə izah edə bilərdim ki, bu mən deyiləm?

 

- Sonuncu dəfə nə vaxt teatra getmisiniz?

 

- Bildiyiniz kimi, həyat yoldaşım Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktorudur. Elə dörd ay öncə həmin teatrda "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasının premyerasında olmuşam. Çox gözəl hazırlanmışdı, çox da bəyənmişdim. Elə sonuncu dəfə orada olmuşam. Düzünü desəm, o qədər də vaxtım olmur ki, hər gün tamaşalara gedim.

 

- Bəs kitab necə, oxuyursunuzmu? Aylıq gəlirinizin neçə faizini kitaba xərcləyirsiniz?

 

- Kitabları həmişə həyat yoldaşım alır. Mən əvvəllər həddindən artıq çox kitab oxuyurdum. Son dövrlərdə isə "Facebook"dan istifadə etdiyimə görə demək olar ki, kitab oxumamışam. Çünki boş vaxtlarımın çox hissəsini "Facebook"da keçirirəm.

 

- Uzun illəridir Azərbaycan estrada sənəti səhnəsində Flora Kərimova ilə İlhamə Quliyeva arasında "soyuq müharibə" gedir. Davam edən bu çəkişmədə barışıq olmadığı halda, illərin ikinci "soyuq müharibəsi"nin davamçısı Siz və Ayğün Kazımova oldunuz...

 

- Mən tək bir insandan danışmayacam. Çünki o, mənim üçün maraqlı deyil. Ümumi olaraq deyim ki, siz haradasa eşitmisinizmi mən kimisə təhqir edim, yaxud onun sözlərinə, təhqirlərinə cavab verim? Öz həyat tərzimlə bağlı efirdə danışanda siqareti xoşlamadığımı, onun ziyanlı şey olduğunu dedim. Nisə Qasımova bunu eşidən kimi öz üzərinə götürdü və efirdə ünvanıma istədiyini dedi. Amma mən ona cavab vermədim. Halbuki bunu edə bilərdim. İlhamə xanım çıxıb dedi ki, xalq artisti adımız alınmalıdır. Ona da cavab vermədim. Bircə dəfə "Kral Musiqi Ödülləri" müsabiqəsində heç kimin hədiyyə almadığına məyus olduğumu dedim. Onu da pis qəbul etdilər. Halbuki mən demişdim ki, bu müsabiqəni o qədər də ciddiyə alıb, sonra da məyus olmağın yeri yoxdur. Bu, adi bir televiziya kanalının verdiyi ödüldür ki, bizdə də ola bilər. Onu da böyük problem etdilər, amma yenə də cavab vermədim. Kimlərsə mənim şəkillərimi internetdə qoyur, amma mən fanatlarıma kimlərinsə şəkillərini paylaşmağı qadağan etmişəm. Bütün bunlar onu göstərir ki, bu müharibə adlandırdığınız şey mənlik deyil. Bu, təktərəfli bir şeydir. Niyə jurnalistlər məni, ümumiyyətlə, bu məsələlərə qatır, onu da başa düşmürəm. Axı mən indiyədək heç kimə cavab verməmişəm. Çünki mənim təbiətimə, mədəniyyətimə, ruhuma, özümə uyğun olan bir şey deyil bu məqamlar.

 

- Düşünmürsünüz ki, susmağınızı zəifliyiniz kimi başa düşərlər?

 

- Əgər kiminsə mədəniyyətini, tərbiyəsini zəiflik hesab edirlərsə, qoy elə də bilsinlər. Mən tərbiyəsiz olub, güclü olmaq istəmirəm. Tərbiyəmi qoruyub zəif olmağı seçirəm.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs