Əlaqə Arxiv
news Image
2013.07.11
19:45
| A A A
Qarabağ qaziləri xalq artistinin efirə çıxmasına qadağa qoyulmasını tələb edirlər

"Qarabağ Qaziləri" İctimai Birliyi xalq artisti İlhamə Quliyeva ilə bağlı bəyanat yayıb. Mövqe.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, "xalq artisti" adı daşıyan bir qrup sənətçi və eləcə də digər müğənnilər Azərbaycan teleməkanında və kütləvi informasiya vasitələrində son vaxtlar bir-birlərinə qarşı etik normaya, əxlaqa və mənəvi dəyərlərə sığmayan ifadələr, söyüşlər işlədir və bir-birlərinin açıq-saçıq, etikadankənar fotoşəkillərini internetdə paylaşırlar. Bu müğənnilər cəzasız qalacaqlarına əmin olduqları üçün bu cür hərəkətlərini davam etdirməkdədirlər.


"Xalq artisti İlhamə Quliyeva ATV kanalının canlı yayımında başqa bir müğənniyə barmaq silkələyərək Azərbaycan qadınına yaraşmayan tərzdə "mən yemirəm, yedizdirirəm" ifadəsini işlədir, ardınca da internet resurslarına açıqlamalar verərək "mənim 40 yaşında gənc sevgilim var" deyir. Bəlli yaşda olan qadın müğənninin bu cür ifadələr işlətməsi hansı əxlaqa sığır? Bu cür ifadələr, hərəkətlər müasir gənclərimizin əxlaqına mənfi təsir göstərməyə bilməz. 


Lakin İ.Quliyeva yanlış mövqeyində inadla davam edir, hətta bunlar azmış kimi, onu mövqeyindən çəkinməyə dəvət edən millət vəkili Çingiz Qənizadəyə hədə-qorxu gəlməyə başlayıb. Halbuki millət vəkili İ.Quliyevanın canlı yayımda Azərbaycan qadınına yaraşmayan qeyri-etik ifadə işlətməsinə mənfi münasibətini bildirib və mili-mənəvi dəyərlərimizə hörmət olunmasını tələb edib. İ.Quliyeva isə deyilənlərdən nəticə çıxarmaq əvəzinə, millət vəkilini təhdid edir. İ.Quliyevanın bu hərəkətlərinə digər millət vəkilləri, ictimai xadimlər, incəsənət adamları, jurnalistlər öz etirazlarını bildirsələr də, o, yenə öz ampluasındadır. Artıq bu, ümumilikdə xalqa hörmətsizlik və bütün mənəvi dəyərlərə meydan oxumaqdır! 


Biz "Qarabağ Qaziləri" İctimai Birliyi olaraq Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva və onun kimilərinin telekanallara çıxmasına və mətbuatda onların qeyri-etik fikirlərinin dərc olunmasına qadağa qoyulmasını xahiş edir və onların bu cür hərəkətlərinin qarşısını almağa çağırırıq"-deyə bəyanatda bildirilib. 


Sizin Reklam Yeriniz