Əlaqə Arxiv
news Image
2013.08.12
18:25
| A A A
Albom üçün xaricə üz tutan müğənnilərin sayı artır
Aygün Bayramova: «Bizdə disk çıxartmağa dəyməz»

Roza Zərgərli: "Bizdə disk çıxartmaq boş şeydir"

Maddi imkanı çatan bir sıra müğənnilər yeni albomlarını adətən hansısa xarici ölkədə, xüsusən də qardaş Türkiyədə buraxdırmağa daha çox üstünlük verirlər. Bu isə belə demək mümkünsə, həm maddi xeyirin əcnəbilərə getməsinə səbəb olur, həm də elə müğənninin özünə də kifayət qədər baha başa gəlir. Buna rəğmən diskini buraxdırmaq üçün xarici ölkələrə üz tuanların sayında hələ də hansısa azalma müşahidə olunmur.

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən xalq artisti Aygün Bayramova qeyd edir: "10 il bundan öncə mən Almaniyada disk çıxartmışam. Əsas keyfiyyəti birinci və əsas şərt kimi nəzərə alıb ora müraciət etmişəm. İndi isə müğənnilərin daha tez-tez xaricə disk çıxartmaq və ya klip çəkdirmək üçün getdiklərini görürəm. Amma bizdə disk çıxartmağa dəyməz. Mən özüm sonuncu diskimi 2007-ci ildə çıxardım. 1 həftə sonra "Səbuhi" studiyası onu kaset kimi buraxdı. Bu düzgün deyil. Ədalətli deyil. Axı mən əzab çəkib, vəsait xərclədim, günlərlə yatmadım. Amma bir həftə sonra belə oldu. Ona görə daha disk çıxartmıram. Bir müğənni ki çıxartdığı diskdən qazanc əldə etmir, o zaman o diski çıxartmağa dəyməz. İndi kimin imkanı var gedir ora-bura disk çıxarır. Bu yaxşıdır. Məncə, xaricə üz tutmaqda səbəb sadəcə keyfiyyətdir. Prestij, nə bilim reklam üçün belə şey etməzlər. Əsas ifa, səsləndirmə gözəl olsun. Reklam heç nədir. Onu da sizə deyim ki, xaricdə disk çıxartmaq bizimkindən 3 dəfə baha başa gəlir. Amma buna dəyər". Digər sənət adamı Roza Zərgərli isə bildirir: "Yəqin xaricdə disk çıxaran müğənnilərə tələbat var. Onlarda xaricdə disk çıxarırlar ki, pul qazansınlar. Ordakı tamaşaçılardan ola bilər, onlara maraq, istək var ki, onlar xaricə üz tuturlar və bu yolla qazanc əldə edirlər. Mən fikirləşirəm ki, bizdə disk çıxartmaq boş şeydir. Bizdə o anlayış yoxdur. Məsələn bizdə Alim Qasımov, Sevda Ələkbərzadə xaricdə disk çıxarıblar və yaxşı da qazanc əldə ediblər. Xaricdə tanınan müğənnilərin orda disk çıxartması yaxşıdır, olar. Amma tanınmayan müğənninin orda disk çıxartmasını başa düşmürəm".

Sizin Reklam Yeriniz