news Image
2013.08.21
14:03
| A A A
“İki bəstəkar Rəşad İlyasovdan danışdı və... təkzib gəldi”-Qalmaqal-ÖZƏL

Müğənni Rəşad İlyasov axşam.az-a danışan zaman mahnı qıtlığından söz açıb, əməkdaşlıq elədiyi bəstəkarların ünvanına tənqid söyləyib: "Əvvəllər Murad Arif, Elçin Cəfərov, Aygün Səmədzadə kimi bəstəkarlarla çalışırdım. İndi nədənsə onlar da yaxşı işlər təqdim etmirlər, kasadçılıq yaranıb. İstədiyim materialı ala bilmirəm, passivləşiblər. Türkiyəli bəstəkar Ərdəmir Ərdoğanla işbirliyinə başlamışam. Yaxın günlərdə onun yeni mahnılarını təqdim edəcəm". Bəstəkar Aygün Səmədzadə Mövqe.az-a açıqlamasında Rəşad İlyasovun tənqidi fikrinə münasibət bildirib: "Rəşadla uzun illərdir dostuq və əməkdaşlıq edirik. Onu hər zaman qabiliyyətli və savadlı musiqiçi kimi tanımışam. Ona görə də bu yazıda fikirlərin təhrif olunduğunu elə başlıqdan anladım. Bu gün bəzi jurnalistlərə və sənət adamlarına yazdıqlarının mahiyyəti yox, başlıqların sensasionluğu maraqlıdır. Lakin onlar dərk etməlidirlər ki, ağramayan başa dəsmal bağlamaq olmaz. Sənət səviyyələrini fərqləndirə bilməyən məkanda kiməsə nəyisə sübut etmək çətindir. Mənimsə bu sahədə olan yerimi kiməsə sübut etməyə hələ ki, ehtiyacım yoxdur. Elə ona görə də oxudum və güldüm..."

Bəstəkar Murad Arif  Mövqe.az-a açıqlamasında Rəşad İlyasovla sıx əməkdaşlıq etmədiyini vurğulayıb: "Mən Rəşada 10 iş təklif etməmişəm ki, o da müqayisə aparsın və ya seçim eləsin. Mən ona ömrümdə cəmi bir dəfə mahnı göstərmişəm, onu da oxuyub. Odur ki, "Murad yaxşı iş təklif etmir" söhbəti kökündən səhvdir, ağ yalandır. Mən nə yaxşı, nə də pis, "Adrenalin"dən başqa sevimli Rəşada heç bir mahnı verməmişəm. Qaldı passiv fəaliyyətə, mən əsasən Natəvan Həbibi və Xəyyam Nisanovla işləyirəm. Səbəb odur ki, Natəvan və Xəyyamdan başqa heç bir müğənni məni qonorar cəhətdən razı sala bilmir. Müğənnilər qonorar barədə yaxşı-yaxşı fikirləşsinlər. Çünki Murad Arifin mahnıları onları populyar edə, onlara aktuallıq qazandıra bilir və bu, ucuz zövq deyil. Xəsisliklərini bir yana qoysunlar, biz də daha məhsuldar olaq. Rəşad İlyasov mənim üçün yaxşı insan və maraqlı musiqiçidir deyə, məmnuniyyətlə onunla yeni mahnı işləyərəm. Ən azı "Adrenalin" mahnısının yazısında onun potensialını hiss etdim. Adın çəkdiyi Ərdəmir Ərdoğanı isə heç tanımıram. O hansı müəllifdir?"

Rəşad İlyasov özü də Mövqe.az-a açıqlamasında söylədiklərinə düzəliş verib: " Dilimdən yazılan məlumatla razı deyiləm. Səhnəyə çıxırdım deyə müxbirlə tez-tələsik danışdım. Əslində iş olmayanda danışmağa lüzum bilmirəm. Təzə proyektlərə start verməmişəm. İt ilində demişəm ki, duet oxuyacam. Bunu təkrarlamaq kimə maraqlıdır axı?! Mən Aygün Səmədzadə, Murad Arif və Elçin Cəfərovla dostam. Sadəcə mənə sual olundu ki, hansı bəstəkarlarla işləmisən? Mən də onların adını çəkdim. Əsla demədim ki, onlar passivləşiblər və yaxud yaxşı işlər təqdim etmirlər. Yalnış məlumatdır. Xəbərdə bildirilib ki, türkiyəli bəstəkar Ərdəmir Ərdoğanla işbirliyinə başlamışam. Yaxın günlərdə onun yeni mahnılarını təqdim edəcəm. Bu fikir də doğru deyil. Çünki mən Ərdəmir Ərdoğanın zəng edib, yalnız "Mənə əllərini ver" mahnısını ifa etmişəm. O mahnının sözləri və musiqisi Ərdəmir Ərdoğana aid olduğu üçün ondan icazə almışam ki, həmin mahnını türk dilində yox, Azərbaycan dilində oxuyum. Gələcəyin isə işini isə bilmək olmaz ".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs