news Image
2013.08.30
17:03
| A A A
Vəkil Zeynəb Xanlarova ilə bağlı yaranmış qalmaqaldan danışdı

"Təəssüf edirəm ki, Azərbaycan mətbuatı məsələyə bu cür yanaşır. Mən mətbuatın problemlərini, oxucu yığmaq cəhdini başa düşürəm. Amma elə şeylər var ki, onlar əxlaqi cəhətdən oxucu yığmaq cəhdindən qat-qat üstündür".

Bunu APA-ya açıqlamasında ötən gün mətbuatda xalq artisti Zeynəb Xanlarova ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasında baş vermiş qalmaqalla bağlı yazılan yazılara münasibət bildirən vəkil Aslan İsmayılov deyib.

A. İsmayılov Z. Xanlarovanı bütün türk dünyasının tanıdığını bildirib: "Bir dələduzun fikirlərini araşdırmadan mətbuatın bu cür yayması sadəcə ayıbdır. Həmin o Seyfi əsl dələduzdur. Özünü Azərbaycanda konsertmeyster, prodüser kimi təqdim edir. Guya müğənnilərin Amerikada konsertlərini təşkil edir. Bu yolla da Zeynəb Xanlarova ilə iş birliyi qurub. Ona 150 min dollar pul verilib ki, Amerikada Zeynəb Xanlarovanın konsertini təşkil etsin. O da pulu alıb gedib və uzun müddətdən sonra heç bir iş görmədən qayıdıb. Qayıtmaqda da məqsədi yenidən pul almaq olub. Ondan sonra Zeynəb xanım problemi mənə anlatdı. Mən də onu dəvət edib görüşdüm. Bir neçə sual verdim gördüm ki, bu sahədən heç bir anlayışı yoxdur. Dedim ki, hansı konsert zalı ilə danışmısınız? Mənə bir vizit kart göstərdi. Lakin üzərində zalın rəsmi saytı yox idi. Sonra konsertin tarixi ilə bağlı soruşdum. Bir tarix söylədi. Mən də bunları araşdırdım. Həmin zalın saytını tapıb baxdım ki, kimlərin konserti nə vaxt olacaq hamısı qeyd edilib. Lakin Zeynəb xanımla bağlı heç bir məlumat yoxdur. Bizim Los -Anclesdəki konsulumuzla Zeynəb xanım özü əlaqə saxlayıb ki, orda telekanalda konsertlə bağlı hansısa reklam gedib. O da deyib ki, belə bir şey yoxdur. Mən də Seyfinin üzünə dedim ki, sən dələduzsan. Əgər pulu qaytarmasan, şikayət edəcəyəm səni həbs edəcəklər. O, da 38 min dolları Zeynəb xanıma qaytardı. Sonra da qalan pulu borclu olması barədə müqaviləni imzaladı. Sonra gördüm ki, borcu qaytarmaq istəmir. Biz ərizə ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdik. Çox təəssüf edirəm ki, Zeynəb xanım kimi adamın işinə səthi yanaşıldı və Seyfi çıxıb getdi. Niyə Azərbaycanda olanda vermirdi o müsahibəni?"
 
A. İsmayılov həmin məsələ ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etdiklərini, hazırda məhkəmə prosesinin davam etdiyini bildirib: "Onun özü və vəkilləri bizi saxtakarlıqda ittiham edirlər. Lakin o adamın imzaladığı müqavilə var. Ola bilər ki, müqavilənin tarixində yanlışlıq olsun. Amma bu adam özü də deyir ki, mən 112 min dollar bu günə qədər borcluyam. Bizim tələbimiz ondan ibarətdir ki, ya pulu qaytarsın, ya da pulun xərclənməsi barədə bir hesabat versin. Lakin o deyir ki, mən pulu qeyri-rəsmi şəkildə ödədiyim üçün hesabat verə bilmirəm. Amerikada qeyri-rəsmi heç bir şey yoxdur. Orda hər şey qeydiyyata düşür"
 
Qeyd edək ki, ötən gün mediada xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, bu ilin əvvəlində Z. Xanlarovanın dəvəti ilə ölkəmizə gələn Türkiyə vətəndaşı Seyfi Azərioğlu ilə Xalq artisti arasında qalmaqal yaranıb. Qalmaqal Z. Xanlarovanın Amerikada planlaşdırılan konsertlərinin xalq artistinə viza verilməməsi səbəbindən baş tutmamasından sonra ortaya çıxıb. Yazıda Z. Xanlarova ilə yanaşı onun vəkili Aslan İsmayılovun da adı hallanır.
 
Hazırda hər iki tərəf bir-birini işgüzar nüfuzuna ziyan vurmaqda ittiham edərək bunun müqabilində dəymiş ziyana görə təzminat tələb edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs