news Image
2014.03.06
10:44
| A A A
Əlindəki bıçağı aparıcının boğazına diriyərək...

Yasamal rayon məhkəməsində keçən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleaparıcı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.


Mövqe.az xəbər verir ki, hakim Ayaz Məmmədov və prokuror Rizvan Sultanovun apardığı prosesdə qarşı tərəfin zərərçəkmişi ittiham edən DVD disk və "Azercell" mobil operatorundan alınmış telefon zənglərinə baxış keçirilməsi vəsadətləri qəbul edilmədi. İstintaqla müəyyən edilib ki, Asif Oruc oğlu Əliyev 13 iyun 2013-cü il tarixində gecə saat 01.00 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən "Space" telekanalının yaxınlığında, aralarında yaranmış mülki məhkəmə məsələsi ilə bağlı İ.Mirzəyevlə mübahisə edib, əlindəki bıçağı onun boğaz nahiyyəsinə diriyərək  öldürməklə hədələyib.


Bundan sonra vətəndaşların gözü önündə İ.Mirzəyevi nalayiq sözlərlə təhqir edib.  Xuliqanlıq hərəkətlərini davam  etdirən Asif  teleaparıcıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb.


Məhkəmədə İ.Mirzəyev bildirib ki, boynunda problemlər yaranıb: "Həkimlər mənə insult təhlükəsi diaqnozu qoyub. Lakin mən 7 aydır davam edən məhkəmə prosesinə görə müalicəyə gedə bilmirəm.  Mən qanuna tabeyəm və qanun nəyi tələb edirsə o da olsun. Lakin haqq öz yerini tapmalıdır".


İ.Mirzəyevin vəkilləri teleaparıcıya dəymiş maddi və mənəvi ziyanı sübut edən sənədi hakimə təqdim edib. Qarşı tərəfin vəkilləri isə sənədlərdə qeyd edilən söz və terminləri anlamadıqlarını bildirərək sənədi qəbul etməkdən imtina edib.


Məhkəmə iclası  davam etdiriləcək.