Əlaqə Arxiv
news Image
2014.07.10
16:13
| A A A
İlqarın həyat yoldaşı şikayətləndi: "Xəyanət olanda məhəbbət küsüb gedir"

-Özün haqqında məlumat verərdin?

Mən Zülfiyyə Bayramova 1974-cü ildə Beyləqan rayonunda anadan olmuşam. Xalamın övladı olmadığı üçün məni ona övladlığa veriblər. Ailədə tək övlad olmuşam. Özümün dörd oğlum var.

- Necə oldu ki, hüquqşünas olmaq istədin və bu arzunu ailədə necə qarşıladılar? Çünki bu peşə xanım üçün çox məsuliyyətli və ağır işdir.

- Əslində məni evdə həkim görmək istəyirdilər? Mən də evdə tək olduğum üçün məni oğlan kimi böyüdüblər və xalam məni o qədər çox istəyirdi ki, heç bir arzuma qarşı çıxmırdı. Hüquqşünas olmağıma nəinki etiraz etdi, əksinə, kömək etdi ki, mənə mane olmasınlar. Əslində mən prokuror olmaq istəyirdim. Bu mənə ailədən gələn xarakter idi. Amma içimdəki hiss məni prokuror yox, məhz sərbəst şəkildə işləməyə meylləndirdi və mən prokuror yox, vəkil oldum. İnsanların hüquqlarını müdafiə etməkdən zövq alıram.

- İlk məhəbbətin olub və hansı xatirələrlə yadında qalıb?

Mən orta məktəbi bitirib Universitetə qəbul olunana qədər sevginin nə olduğunu anlamırdım. Universitetin I kursunda sevdim və 5 il bu sevgi üçün mübarizə apardım. Nəhayət, V kursda o insanla evləndim. Axırda da o sevgi bir xəyanətin qurbanı oldu.

- Keçmiş həyat yoldaşınız sizə xəyanət edəndə necə qarşıladınız? Axı 5 il sevgi yaşamışdınız?
- Çox qəribə hal baş verdi. Onunla əlaqədə olan qadın mənə evimdə və işimdə kömək edən qadını mən hesab etdi və gəlib ona dedi ki, sənin ərindən uşağım var. Mən səsə çıxanda isə anladı ki, o, gəzdiyi kişinin arvadı ilə yox, başqa insanla danışır. Çox sakit qarşıladım. Yoldaşıma evə gəlməsini xahiş etdim. O, qadını və uşağı ona təhvil verdim ki, götür get. Elə həmin sakitliklə də boşanmaq üçün müraciət etdim. Hətta 3 il boşandığımı heç kim bilmədi. İnanırsınız, üstündən illər keçib və mən o sevgini həmin qapının kandarında basdırmışam. Bir an da yadıma düşmədi, heyfsilənmədim. Düz deyirlər, Allah səbir edənin dostudur. Mən səbir etdim və heç bir ağılsızlıq etmədim. Allah da bunun mükafatı olaraq əzab çəkməkdən məni qorudu, onu unutmağıma kömək etdi. İlk dəfə də bunu sənə danışıram. Bilmirəm niyə? Bəlkə səndə şeytan tükü var?..

- Sizcə məhəbbət və ehtiras ötəri hissdir?

- Məhəbbət elə bir hissdir, o hissin sahibi olanda görürsən ki, ehtiras ondan çox aşağıdadır. Sadəcə məhəbbət xəyanəti sevmir. Xəyanət olanda məhəbbət küsüb gedir, bitmir. Sakitcə səni tərk edir və ona daha dürüst qiymət verənin qəlbinə köçür.

- Bəs evdə uşaqlar hansı reaksiyanı verdi atalarının bu hərəkətinə?

- Uşaqlarım mənim qərarıma hörmət edir və bilirlər ki, yersiz qərar vermirəm. Əvvəllər uşaqlarla ünsiyyət qururdu, mən də bunu qəbul edirdim. Bilirəm ki, ailədə hər iki valideynin uşaqla ünsiyyət qurmaq haqqı var və bunu pozmaq olmaz. Bir də bizim aramızda olanlar bizə aid idi, uşaqların burada heç bir günahı yoxdur və uşaqları bütün bunlardan kənarda tuturam.

- Ürəkdən haçansa ağlamısan?

- Xalamın yoldaşı rəhmətə gedəndə. O mənə ata olmuşdu. 2013-cü il fevralın 13-də ürəkdən ağlamışam.

- Gözünüzün günahı çox olur, yoxsa dilinizin?

- Hüquqşünas olduğum üçün dilimin.

- Bilirəm ki, hazırda böyük sevgi yaşayırsan?
- Bu sevgi o qədər böyükdür ki, heç bir cümləyə sığmır.

- İlqarla necə tanış oldun? İlk dəfə sevgini hansınız bildirdiniz?

- Biz əvvəllər bir yerdə işləyirdik, dost idik. Bilirsiniz ki, ANS kanalında mənim də həftədə bir dəfə verilişim gedirdi. Daha doğrusu, mən İlqarı dost kimi qəbul etsəm də, o, mənə sevgi hissi bəsləyirdi və çox çalışırdı ki, mən onu sevim. Əvvəllər heç ağlıma gəlməzdi ki, onu sevərəm, amma onun ağıllı taktikaları məni onu sevməyə vadar etdi. Daha doğrusu, mənim sevgidən ağzım yanmışdı deyə qorxurdum təkrar sevməyə, "İlan vuran ala çatıdan qorxar" məsələsi kimi. Amma indi görürəm ki, səhv etmişəm. Kaş heç o vaxtı da itirməyəydim və sevgisini tez cavablandıraydım. İlqar çox ciddi insandır. O, yalandan heç kimə vəd verməz. Yalan ondan uzaqdır, düzü düz, əyrini əyri deməyi bacarır. Bu da onun qorxudan və yalandan uzaq olması deməkdir. Mən onu günü-gündən tanıyıb yenidən sevirəm.

- Neçə müddətdən sonra münasibətiniz ciddiləşdi?
- İlqar elə birinci təklifdən ciddi idi, mən sadəcə qorxurdum. Ona görə də il yarım tərəddüd etdim. Sonra isə qəbul etdik, münasibətləri rəsmiləşdirdik.

- Qısqanc xanımsan?
- Hörmət istəyən adamam, mənə görə qısqanclıq artıq adi bir şeydir. Əgər sən sevdiyin insanın sevgisinə əminsənsə, demək səni heç kimə dəyişməyəcək, yox əgər səni başqasına dəyişəcəyini düşünürsənsə, demək arada sevgi yoxdur. Sevgisi olmayan insanı niyə qısqanasan axı...

- Şou-bizneslə necə, maraqlanırsan? Kimlərin ifalarını dinləyirsən?

- Oğlumun. Səhər-səhər kal səslə oxuduğu anormal mahnıları dinləyirəm (gülür). Şou-bizneslə aram yoxdur. Yol gedəndə Röyaya qulaq asıram. O, da tək maşın sürəndə. Amma kiməsə oturum qulaq asım, eləsi yoxdur.

- Ümidlərinin boşa çıxdığı anlar olubmu?

- Olub. Bu həyatda ümidlərinin hər biri həyata keçə bilməz axı.

- 4 oğul anasısınız. Gələcəkdə yenə istəyərsinizmi övladınız olsun?
- Bizim 4 oğlumuz var. Bu bizə bəs edər. Biz 4 əsgər böyüdürük. Onlara təhsil verək, ev-eşik sahibi edək. Onların övladlarını - nəvələrimizi böyüdək. Bu bizə bəsdir.

- Stilistin varmı?
- Xatirə ilə işləyirəm.

- Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsən?
- Keçmişə baxanda fikirləşirəm ki, İlqar vaxtında qabağıma çıxmayıb. Bir söz deyim, qazandıqlarım itirdiklərimdən çoxdur.

- Efirdə görmürdünüz İlqarı?

- Onda ondan zəhləm gedirdi. Mən onu tanıdıqca sevdim. İnsan əslində göründüyü kimi deyil.

- Şəlalə nə deməkdir sənin üçün?

Şəlalə gözəl bir xanım, əsrarəngiz təbiət əsəri, bütün dərdlərini unudub səsinə qulaq asdığım, mənbəyindən mənşəyinə getməyən, olduğu yerdə baxdığım gözəllikdir. Amma özündə saxlamayıb dağdan axan suya verib, gözəllikləri isə özündə saxlayan şah əsəridir.

- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?

- Biz dayanan qatara baxıb hərəkət edən qatara daş atırıq. Daldan atılan daşlar topuğuma dəyməyib. Əksinə, o daşlar mənim uğurlarımdı. Mənim uğurlarım məni incitmir. Qoy atsınlar mən də hərəkətdə olum. mediainfo.az

Sizin Reklam Yeriniz