news Image
2014.09.18
10:52
| A A A
“Səni axtarıram”a baxarkən ölən kişinin yasından reportaj

Azərbaycanda ən çox izlənilən proqramlardan biri olan "Səni axtarıram"ı izləyərkən bir nəfərin öldüyü ilə bağlı məlumat yayılıb.

Movqe.az xəbər verir ki, musavat.com-un əməkdaşı mərhumun yasında iştirak edib:


"Biləcəri qəsəbəsi yaxınlığında qurulan yas mağarını tapana qədər isə rastımıza mərhumun qonşuları çıxdı. Ölüm hadisəsinin izinə jurnalistlərin düşdüyünü eşidib təəccüblənirlər öncə. "Adi ölüm mətbuatı niyə bu qədər maraqlandırır ki?..." Ölüm hadisəsinin verilişə baxanda, hansısa süjetin təsiri ilə olduğunu deyirik, təəccüb edirlər: "Vallah, verilişə görə adam ölər? Yəqin təsadüfdür. Hamımız o verilişə baxırıq da. Biz niyə ölmürük ki? O bir təsadüf ola bilər..."


Qonşuların bu inkaredici reaksiyasından sonra mağara yaxınlaşıb mərhumun əzizləri ilə danışırıq. 68 yaşlı Yusif Əhmədovun ölümü ilə bağlı ən çox oğlanları, həyat yoldaşı, gəlini pərişan görünürdü. Sözarası öyrənirik ki, Füzuli sakini olan Y.Əhmədov uzun illər aşpaz olub. Hələ sovet dönəmində katibin şəxsi aşpazı olub. Yeyib-içməyi, qonaq qəbul etməyi çox sevərmiş. Bakıya gələndən sonra da qoyun-quzu ferması və restoranı olub. Yenə də keçmiş peşəsi ilə məşğul imiş. 


Hadisənin baş verdiyi günə gəlincə, başda gəlinləri olmaqla, oğlu və qohumları bildirir ki, həqiqətən də mərhumun ürəyini tutması "Səni axtarıram"a tamaşa edərkən baş verib: "Amma onun ürəyi tutanda hələ veriliş təzə başlamışdı. Sponsorlara minnətdarlıq edirdi Xoşqədəm, təzə salamlaşırdı. Orda hansısa hadisədən ürəyi tutmadı. Bizcə, bu, təsadüf idi. Heç istəməzdik ki, hadisə bu cür qələmə verilsin. Xoşqədəm xanımın verilişinə bütün Azərbaycan baxır. O adam öldürən veriliş deyil ki..."


Yaxınları həmçinin bildirir ki, Y.Əhmədovun həyat yoldaşı tibb bacısıdır. 68 yaşlı ərinin ürəyi tutan kimi ilkin müdaxilə edib, həkimə zəng ediblər. Amma Təcili Tibbi Yardım gələnə qədər artıq Füzulinin məşhur aşpazı dünyasını dəyişibmiş. Gəlini danışır: "Onların ailəsində ürək xəstəliyi geniş yayılıb. Əksər qohum-əqrəbalar 60 yaşdan o yana qalmır. Ya infarkt olur, ya da digər ürək xəstəliyindən dünyasını dəyişirlər. Yusif dayının 68 yaşa qədər yaşaması böyük iş idi. Bizim nə o verilişə kinimiz var, nə də qayınatamın ölümünü onlardan görürük. Allah hərəyə bir ömür payı biçib". 


Müsahibimiz deyir ki, həmin gün axşam yeməyini yeyəndən sonra qayınatası adəti üzrə televizor qarşısına keçib və yoldaşından çay istəyib: "Bu zaman qəfildən dili qatlanıb. Qayınanam müdaxilə edib, dərman verib və sair. Amma onu xilas etmək mümkün olmayıb. Təcili yardım gələndə kişi dünyasını dəyişmişdi". 


Yaxın qonşuları isə iddia edir ki, Y.Əhmədovun ölümünə Təcili Tibbi Yardım Xidmətinin gec gəlməsi səbəb olub. Onların dediyinə görə, xidmətə zəng edərkən dispetçerlər vaxt oğurlayıb, yersiz-yersiz suallar veriblər: "Gah soruşdular ki, bəlkə ürəyi tutmayıb, eləcə yatıb? Sonra dedilər, fikir verməyin, axşam saatıdır, hamıda gərginlik var. Halbuki dərhal gəlsəydilər, bu hadisə baş verməzdi". 


Bununla yanaşı, mərhumun kababçı olaraq qidalanma tərzi, qida rasionunun da ürək xəstəliyi yarada biləcəyini düşünənlər var. Yas yerindəki qonşulardan biri bildirdi ki, rəhmətlik hər zaman yağlı yeməkləri xoşlayıb. Hətta bir şiş quyruğu təkbaşına yeməyi sevirmiş: "O yaşda o cür qidalanmaq olmazdı. Gərək yeməyinə də fikir verəydi. Ürək tab gətirməz o cür yağlı yeməklərə. Qida borusu tıxanır".