news Image
2014.09.24
10:32
| A A A
Türkiyənin məşhur F.Ö.N caz qrupu Bakıya gəlir

Oktyabrın 10-17-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı keçiriləcək "Türkiyə Caz Festivalı"nın ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb.

Movqe.az -ın məlumatına görə, oktyabrın 11-də saat 21.30-da F.Ö.N. qrupu möhtəşəm ifaları ilə "Zeytun-Park Bulvar"da Bakı musiqisevərlərinin qarşısında çıxış edəcək.

Qrup üzvləri Fəridə Berin Öget, Özay Fecht və Nilufər Verdi Azərbaycanda konsert verməkdən çox məmnun olduqlarını bildiriblər.

Qrupun ən gənc üzvü Fəridə Berin TRT İstanbul Radiosu Uşaq Xorunda, 2002-ci ildə isə bir sıra konsertlərdə iştirak edib. 2003-cü ildə Mərmərə Kollecində verdiyi konsertdə məşhur ifaçı Nil Kocamangil ilə birlikdə öz bəstəsini səsləndirib. 2013-2014-cü illərdə Cənubi Azərbaycandan olan musiqiçi Ramin Farhangniya ilə işə başlayıb. Fəridə Berin Öget müxtəlif mədəniyyət-sənət və xüsusi təhsil müəssisələrində violonçel, piano, solfecio və harmoniya dərsləri verir.

Nilufər Verdi isə caz musiqisində, Türkiyədə sözünü demiş insanlardan birdir. O, gənc yaşlarından piano çalmağa başlayıb. Türkiyədə və xaricdə bir çox önəmli caz ustadları ilə işləyib. Türkiyənin dəyərli xanım caz sənətçilərindən biri olan Nilufer Verdinin "Mana" və "İzhar" adlı iki albomu var.

Qrupun digər üzvü Özay Fecht Türkiyədə tanımış aktrisalardan biridir. Alman, ingilis, fransız, ispan dillərini mükəmməl bilən Ö.Fecht Türkiyədə 50-yə yaxın kino və seriallarda rol alıb. O, aktrisalıqla yanaşı, professional səviyyədə olaraq musiqi ilə də məşğul olub.

Qeyd edək ki, F.Ö.N qrupunun konsertinə giriş pulsuz olacaq.