"Kamran Həsənlinin yazıçılarla rəftarı həm də ANS-in ədəbiyyata münasibətinin göstəricisidir"
Bir neçə gün əvvəl ANS telekanalının
"Günəbaxan" proqramında aparıcı Kamran Həsənli ilə verilişə qonaq
qismində dəvət olunan yazarlar Şərif Ağayar, Mirmehdi Ağaoğlu
və Ağa Cəfərli müzakirə olunan mövzu ilə bağlı mübahisə yaşayıb.
Cəmiyyətdə ədəbiyyata, xüsusən də gənc yazarlara münasibətin necə
olması həmin mübahisə nəticəsində bir daha üzə çıxıb. Görəsən,
bundan sonra qələm adamları Azərbaycan efir məkanı və onun
aparıcıları barəsində nə düşünür?
Modern.az saytı bu istiqamətdə
keçirdiyi sorğunu təqdim edir:
Kənan Hacı, yazıçı:
- Televiziyalar bütün hallarda reytinq arxasınca düşürlər. Onlara
yazıçı sözü lazım deyil. Onlara qalmaqal, meyxana, qeybət janrında
söhbətlər lazımdır. Düşük verilişlərə, qeyri-peşəkar səviyyədə
çəkilən seriallara nə qədər baxmaq olar?! Təsəvvür edin, Kamran
Həsənli verilişə dəvət etdiyi üç tanınmış yazarı tanımır. Yazıçıdan
"sənin adın necə oldu" soruşan aparıcıdan hansı peşəkarlıq
gözləyirsiniz? Sadəcə, ayıbdır! ANS bu cür adama veriliş aparmağı
həvalə edirsə, daha deməyə söz qalmır. Telekanalların
əksəriyyətində efir mədəniyyətindən xəbərsiz adamlar veriliş
aparır. Kamran Həsənlinin yazıçılarla rəftarı həm də ANS-in
ədəbiyyata münasibətinin göstəricisidir.
Qan Turalı, yazıçı:
- Televiziya tənqidçisi deyiləm. Heç bir kanalın və heç bir
verilişin tamaşaçısı da deyiləm. Buna nə vaxtım var, nə də həvəsim.
Çexovun bir hekayəsinin təkrar oxunuşundan alınan zövqü heç bir
televiziyadan ala bilməyən milyonlarla oxucunun biri də mənəm.
Televiziyanı mədəniyyətin kanalizasiyası hesab edən Fellini tam
haqlıdır. Bu anlamda televiziyanın ədəbiyyata göstərdiyi münasibət
məni qətiyyən narahat etmir. Televiziya mahiyyətinə uyğun hərəkət
edir.
Aydın Xan Əbilov, yazıçı,
kulturoloq:
- Bütün dünyada belədir, televiziya biznes strukturu olduğundan
daha çox pul qazanmaq, reklam əldə etmək üçün əhalinin ən çox
televizyaya baxan hissəsinə, yəni kütləyə işləyir. Hətta Rusiyanın
"Kultura" kanalı da bu sahədə az tamaşaçı toplaya bilir. Azərbaycan
telekanallarında ədəbiyyat, yazıçı, kitab məsələlərinə bir o qədər
də həvəs göstərilmir. Çünki buna təlabat yoxdur. "Xəzər"
TV-də, İTV-də yazıçılarla bağlı səhər və axşam gedən verilişlər
var. Yazıçılar dəvət olunurlar. ədəbiyatla bağlı buraxılışlar
hazırlanır. Bu, azdır. Bizim yazıçıları, şairləri efirə
çıxaranda insanları düşündürən məsələləri normal dilə gətirə
bilirlərmi? Bizdə şair, yazıçı deyəndə toylarda tamadalıq edənlər
yada düşür. Daha çox bölgələrdən gələn, özündən və qohumlarından
başqa heç kimi tanımayan şairlər bəzən ekranlara buraxılır. Bəzi
kanallarda o insanlar yazıçılar, dırnaq arası kreativ
adamlardan hörmət gözləyirlər. Hörmət əlaməti olaraq kanallara
buraxılırlar. Demək olar, bu mövzularla bağlı televizyalara ən çox
dəvət olunan mənəm. Əslində artıq mənim üçün yorucudur. Nə
qədər eyni verilişlərdə, eyni şeyləri demək olar? Üstəlik, xaricdə
verilişlərə normal ekspert dəvət edəndə qonorar verilir.
Bizdə bütün xərcləri özümüz çəkirik (saç, geyim) Azərbaycan
televiziyaları normal ekspert üçün qonorar fikirləşməlidir. Bizdə
yaşlı və orta nəslin bəzilərini çıxmaq şərtilə auditoriyada fikrini
normal ifadə dən adamlar azdır
Cəlil Cavanşir, yazıçı:
– "Televiziyalar yazıçılara, xüsusən alternativ fikirli
yazıçılara qarşı hər zaman laqeyd olub. Efirə, adətən bayağı, şou
əhval-ruhiyyəli insanlar çağrılır. Yazıçı və ya fikir adamları,
adətən dekorativ xarakterli qonaqlar hesab olunur. Aparıcı bu
qonaqlara danışmağa şərait yaratmır, sözünü kəsir və bacardıqca
mane olur. Mən efir məkanımızda yazıçıya, söz, fikir adamına tam
sərbəstlik verən yeganə aparıcı Elçin Əlibəylini hesab edirəm. Bir
çox alternativ fikir sahibləri məhz onun sayəsində efirlərə çıxa
bilib. Elçin bəy bu gün də bu sahədə fəaliyyətini davam etdirir.
Mən hətta iştirakçısı olduğum proqramları da izləmirəm.
Televiziyaya aylarla baxmıram və buna görə də aparıcılar haqqında
xüsusi fikrim yoxdur. Amma zamanında Anar Yusifoğlunu, Vəsilə
Vahidqızını, Elçin Əlibəylini, Nəsimi Nəbizadəni və İlqar Rəsulu
aparıcı kimi bəyənirdim".
Elmin Piri, şair:
- Ümumiyyətlə, televiziyaların yazarlara
münasibəti ürəkaçan deyil. Hətta ürəkaçan sözü bunun yanında toya
getməlidir. Toy dedik, bu mövzu da toy haqqında polemikadan
yarandı. Kamran Həsənlinin verilişində Şərif Ağayar, Mirmehdi
Ağaoğlu, Ağa Cəfərlinin üzləşdiyi heç də yaxşı hal deyil. Aparıcı
Mirmehdi ilə elə danışır ki, sanki bağçadan qaçan uşağı evin
küncünə qoyub danlayır. İlk dəfə televiziyalara qonaq çağıranlar
çağırdıqları adamların nə işlə məşğul olmasını bilməlidirlər. Əgər
hər hansı saytda, qəzetdə işləyən jurnalist tanımadığı adamla
müsahibə alsa, həmin jurnalisti fitə basarlar. Amma televiziya
jurnalistləri bu etikanı mənimsəməlidir. Bəzi aparıcılar özlərini
məhkəmə hakimi, ya da ittihamçı prokuror kimi aparır. Qarşısınakı
yazıçıya cinayət törədən məhkum kimi baxır. İlk növbədə yazıçılara
yuxarıdan aşağı baxmaq verdişi aradan qalxmalıdır. Bu da daha çox
yazarların öz üzərinə düşür.
Əslində yazarlar da iştirak edəcəkləri verilişlərdə digər
qonaqların kim olduğunu öyrənib getməlidirlər.