Əlaqə Arxiv
news Image
2016.05.10
13:52
| A A A
Teleaparıcı televiziyaları sərt tənqid edib

Teleaparıcı, şoumen Kamran Həsənli "Yeni Müsavat" qəzetinə müsahibəsi zamanı şəkildə tənqid edib. O bildirib ki, hazırda televiziyalarda qeyri-peşəkar kadrlar üstünlük təşkil edir: "Televiziyada peşəkarlar azdır, onlar idarəçilikdən kənarda qalıblar. Cəbhədə yaşanan gərginlik zamanı televiziyamızın tutduğu yola nəzər salsaq, hər şey aydın olar. Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi  vətənpərvərliyi təbliğ etmir. Bu anti-təbliğatdır, faciədir. Cəbhədə yaşananlar efirdə öz əksini tapmadı, vətənpərvərlik verilişləri göstərilmədi. Televiziya rəhbəri bu işi anlamırsa, o vətənpərvərliklə bağlı təbliğat apara bilməz. Hazırda televiziyalarımız əsasən toyxana verir".


Kamran Həsənlinin  fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Musavat.com teleaparıcının fikirlərinə münasibət öyrənmək üçün telekanalların məsul şəxsləri ilə əlaqə saxlayıb.  ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov bildirib ki, teleaparıcının iradları ANS-ə aid deyil: "Bizim öz yolumuz var. Digər telekanallar barədə heç nə deyə bilmərəm. Kamran müsahibəsində də qeyd edib ki, ANS-in televiziya siyasəti fərqlidir. Kamran bizimlə çalışıb, ANS-ə daha yaxından bələddir. Ona təşəkkür edirəm ki, bizi tənqid etməyib". 


ATV-nin xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu:


"Kamran televiziyaları tənqid etməklə gündəmə gəlmək istəyir. Ona cavab verib onu gündəmdə saxlamaq istəmirəm. Sadəcə olaraq, aprel ayında  ATV-də vətənpərvərliklə bağlı yayımlanan verilişləri görməmək kor olmaq deməkdir. Bizim qədər vətənpərvərlik rolikləri, proqramları efirə verən telekanal olmadı. Biz bütün əyləncəli proqramları yığışdırmışdıq. Bütün diqqəti cəbhəyə yönləndirmişdik, hər saat xəbər verirdik, xüsusi reportajlar  hazırlayırdıq. Bütün bunları kim idi edən? Kamranın sözlərində sadəcə qərəz var".

Sizin Reklam Yeriniz