Əlaqə Arxiv
news Image
2017.05.02
11:46
| A A A
Türkiyə yeni inkişaf göstəricilərinə imza atacaq

Türkiyə inkişaf etmiş demokratik dövlətdir. Ölkədə respublika tipli dövlət quruluşunun böyük təcrübəsi vardır. Qarşıdakı illərdə Türkiyədə cümhuriyyət üsuli-idarəsi qurulmasının bir əsrlik tarixi tamam olacaqdır. Keçən yüz ilə yaxın dövr ərzində Türkiyə Cümhuriyyətində dəfələrlə demokratik seçkilər keçirilib və cəmiyyəti irəli aparan bu seçkilər beynəlxalq miqyasda qəbul olunub.

Türkiyə Cümhuriyyəti ilk dəfə ümumxalq səsverməsi əsasında Prezident seçkilərini həyata keçirib. 16 aprel 2017-ci il Referendumunun uğurla başa çatdırılması Türkiyə Cümhuriyyətinin mühüm nailiyyəti sayılmağa layiqdir. Bu seçki göstərdi ki, Türkiyə Cümhuriyyətində dövlətçiliyin və hakimiyyətin mənbəyi xalqdır. Bir qədər əvvəl baş vermiş dövlət çevrilişi cəhdindən sonra keçirilmiş Referendum türk xalqının müasir Türkiyə dövlətini müdafiə etdiyini göstərdi.

Təəssüf ki, bəzi Qərb dövlətləri Türkiyədəki inkişafa qısqanc münasibət bəsləyir, bu ölkənin dünyadakı nüfuzundan sarsıntı keçirirlər. Avropa Şurası Parlament Assambleyasının “Türkiyədə demokratik təsisatların fəaliyyəti” haqqında qəbul etdiyi qətnamənin real əsası yoxdur.Türkiyənin yenidən monitirinq altına alınması bu ölkəyə qarşı qeyri-obyektiv münasibəti ifadə edir. Bu, açıq-aşkar Türkiyə Cümhuriyyətinin inkişafına maneçilik törətmək deməkdir. Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Türkiyədə Referenduma “hə” demiş milyonlarla seçicinin haqlarına hörmətsizlikdir. Bu, nəticə etibarilə demokratiyanın deyil, terrorçuluğun, separatçılığın dəstəklənməsi deməkdir. Bu, - Avropa dövlətlərində türk-müsəlman dünyasına qarşı yönəldilmiş ikili standartların növbəti açıq təzahürüdür. Avropa Şurası Parlament Assambleyası tələsik qəbul edilmiş ədalətsiz qətnaməsinə yenidən baxmalı, Türkiyə Cümhuriyyətinə qərəzli münasibət aradan qaldırılmalıdır.

Haqsız təzyiqlərə baxmayaraq, Türkiyə Cümhuriyyəti xalqın iradəsi ilə irəli getməkdə davam edəcək, yeni inkişaf göstəricilərinə imza atacaqdır.

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil

Komitəsinin sədri, akademik

Sizin Reklam Yeriniz