news Image
2017.05.03
09:30
| A A A
Hərb müstəvisində Ermənistan daha böyük fərqlə Azərbaycana uduzmağa başlayır
Üzeyir Cəfərov: “Ya tez bir zamanda Azərbaycanla normal qonuşuluq münasibətləri yaratmalı, ya da Azərbaycanın tətbiq edəcəyi gücə hazır olmalıdırlar” İbrahim Rüstəmli: “Ordumuz üçün gələcəkdə daha böyük perspektivlər var”

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 59-cu yeri tutub. Bu barədə “Global Firepower” təşkilatının elektron səhifəsində bildirilib. Cədvəldə qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb. Analitiklərin sözlərinə görə, bu göstəricidən Ermənistan nəticə çıxartmalıdır. 

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, bu göstəricilər bir neçə parametr üzrə müəyyən edilib: “Burada müdafiə xərcləri, şəxsi heyətin sayı, texnikanın tanınması və s. parametrlər var. Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyir. Ermənistan da yaxşı bilir ki, onların Azərbaycan ilə mübarizə aparması mümkün deyil. Ən əsas səbəbi odur ki, Azərbaycanın maliyyə imkanları Ermənistandan qat-qat çoxdur.
 Həmçinin Azərbaycanın demoqrafik göstəricisi Ermənistandan xeyi yaxşıdır. Ermənistanda əhali azalmağa, Azərbaycanda isə çoxalmağa doğru gedir. Bütün bu göstəricilər həmin cədvəldə öz əksini tapıb.  Bu fonda da Ermənistanın nəyəsə ümid etməsi əbəsdir. Ermənistan gözəl bilir ki, onların Azərbaycan ilə müdafiə və təhlükəsizlik sahəsində mübarizə aparmasına lüzum yoxdur. Get-gedə də çətin duruma düşəcəklər. Vəziyyətdən nəticə çıxartmalıdırlar. Ya tez bir zamanda Azərbaycanla normal qonuşuluq münasibətləri yaratmalı, ya da Azərbaycanın tətbiq edəcəyi gücə hazır olmalıdırlar. Özləri də bilirlər ki, əgər danışıqlar prosesi müsbətə doğru yekunlaşmasa, Azərbaycan mütləq güc tətbiq edəcək”.
Polkovnik-leytenant əlavə etdi ki, Ermənistanın göstəriciləri heç bir halda arta bilməz: “Özləri də başa düşürlər ki, onların əldə etdikləri göstərici sırf Rusiyanın hesabınadır. Amma bu da uzun zaman davam etməyəcək.  Güzəştli şərtlərlə silah satılmasının da bir sonu var. Ancaq indi iddiaları güclərindən çoxdur. Azərbaycan da belə bir vəziyyətlə uzun müddət barışmayacaq. Ermənistanın düzgün qərar qəbul etməsi onu fəlakətlərdən azad edəcək”.
Hərbi məsələlər üzrə digər mütəxəssis İbrahim Rüstəmli bildirdi ki, bu, Azərbaycan üçün son hədd deyil: “Ordumuz üçün gələcəkdə daha böyük perspektivlər var. Ən müasir hərbi texnikalar daxil edilir. Hər yeni növ silah da yeni mütəxəss deməkdir. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti inkişaf etmiş ölkələrdə hərbi təlimlər keçirlər. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarının artması deməkdir.
 Ermənistan üçün   mövcud vəziyyətlə bağlı nəticə çıxarmaq üçün kifayət qədər ip ucları var. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün dünya Qarabağın Azərbaycana məxsusluğunu tanıyır. BMT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni, hüquqi baxımından üstünlük Azərbaycanın tərəfindədir. Bunlar Ermənistan üçün ciddi mesajdır. Azərbaycanın silahlanmaya daha çox vəsait xərcləməsinin arxasında hüquqi baza var. Azərbaycan təcavüzə məruz qalmış ölkədir. Ermənistan öz mövqeyindən əl çəkməlidir. 
Ermənistan anlamalıdır ki, Qarabağı onlara heç bir mənəvi, hüquqi əsaslar bağlamır. Hətta bunu tarixi Azərbaycan torpaqları haqqında da deyə bilərik. Ermənistan başa düşməlidir ki, Azərbaycan Qarabağla bağlı iddialarında əl çəkməyəcək. Odur ki, gələcəkdə cədvəldə daha yuxarı yerləri tutacağıq. Çünki Ermənistan öz mövqeyi ilə Azərbaycana bundan başqa yol qoymur. Azərbaycan Ordusunu gücləndirməyə məcburdur. Azərbaycanın sülh çağırışları cavabsız qalır. Ermənistan bilməlidir ki, bunun sonu yoxdur. Bu gün kimsə siyasi hakimiyyətdə qalmaq üçün Qarabağ “kartı”ndan istifadə edə bilər, amma sabah bütün erməni nəsli bundan əziyyət çəkəcək”.
Mübariz BAYRAMOV