Əlaqə Arxiv
news Image
2017.05.03
15:00
| A A A
Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdə

Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Bu gün Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlamışdır. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı hökumət nümayəndələri - Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirliyinin Departament rəhbəri cənab Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılmışlar. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.

İki gün davam edəcək iclasın gündəliyində 12 məsələ vardır. İclasın birinci günündə cənab M. Məmməd-Quliyev “Aİ-Azərbaycan arasında yeni hərtərəfli müvaqilə: məqsədlər və imkanlar” mövzusunda, cənab R. Rüstəmli isə “Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış etmişlər. Hər iki məruzə ətrafında geniş müzakirələr aparılmış, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi həyata keçirilmişdir.

Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi cənab Dik Şubel öz çıxışında Azərbaycan Prezidentinin cari ilin fevral ayında Brüsselə səfərini Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmiş və Azərbaycanın Aİ üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə etmişdir.

Avropa Komissiyasının rəsmisi Lourens Meredits Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkmiş, son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları müsbət qiymətləndirmişdir. Tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyinə diqqət çəkən cənab Meredits Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Daha sonra müzakirə olunan “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu iclas iştirakçılarının geniş marağına səbəb olmuşdur. Mövzu ətrafında millət vəkili

Kamran Bayramovun məruzəsi dinlənilmiş və məruzə ətrafında müzakirələr aparılmışdır. Məruzədə müstəqillikdən keçən dövr ərzində Azərbaycanda dövlət quruculuğu, yerli özünüidarə orqanlarının yaradılması, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, insan haqları, söz, mətbuat və fikir azadlığının təmin olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar öz əksini tapmışdır.

Millət vəkillərimiz müzakirələrdə fəal iştirak etmiş və Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının birinci günü başa çatmışdır. Sabah Parlament Əməkdaşlıq Komitəsinin 14-cü iclası öz işini davam etdirəcək.

 

Sizin Reklam Yeriniz