news Image
2017.05.05
09:30
| A A A
ABŞ fəal Qarabağ siyasətinə dəvət edilir
Aydın Ağayev: “Yeni adminstrasiyanın yanaşmalarında praqmatiklik var” Qabil Hüseynli: “Onsuz da ABŞ-ın bir gözü Cənubi Qafqazda, xüsusən də Azərbaycandadır”

Barak Obama dövründə ABŞ-ın Cənubi Qafqazla bağlı həyata keçirdiyi siyasət Amerikanın özündə sərt tənqid olunur. Hesab edilir ki, indi bu siyasət dəyişməlidir.  Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu və "İpək yolu" Tədqiqat Proqramının direktoru Svante Kornell vurğulayır ki, ABŞ-ın yeni administrasiyası bu regionla bağlı, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz üzərinə götürmək üçün uzunmüddətli plan hazırlamalıdır. Belə çağrışların artması fonunda ABŞ-ın Cənubi Qafqazda fəal siyasət yürütməsini gözləmək olarmı?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Tramp adminstrasiyasının Cənubi Qafqazda fəal siyasət yürütməyə başlaması üçün ilk növbədə Vaşinqtonun Moskvaya münasibətdə siyasətinin hansı istiqamətdə davam edəcəyi bilinməlidir: “ABŞ-ın yeni adminstrasiyası hələlik tamam başqa işlərlə məşğuldur. Onun qarşısında çoxlu qeyri-müəyyənliklər var. Bu qeyri-müəyyənliyin bir hissəsi daxili, başqa bir hissəsidə xarici siyasətlə bağlıdır. Dünya siyasətindəki əsas oyunçulara ABŞ-ın münasibəti məsələsində də hələ ki, qeyri-müəyyənlik davam edir. Azərbaycan üçün maraq doğuran məsələ ABŞ-ın yeni adminstrasiyasının regionumuza münasibətində hansı dəyişikliklər edəcəyi, hansı yeni yanaşmaların olacağının mümkünlüyü və bununla bağlı olan digər məsələlərdir. Bunun üçün ən əvvəl bilinməlidir ki, ABŞ-ın Rusiya siyasəti hansı məcrada davam edəcək.     
İndiyə məlum olan budur ki, ABŞ prezidenti ilə onun rusiyalı həmkarı arasında cəmi bir dəfə telefon danışığı olub. Onun da təfərrüratları bəlli deyil. Qarabağ münaqişəsi də daxil regional konfliktlər məsələsi əlbəttə ki, ciddi mövzulardan biridir. ABŞ-ın əvvəlki adminstrasiyasının Qarabağ münaqişəsinə yanaşması əlbəttə ki, Azərbaycanı qane etmirdi. Qarabağ konfliktinə münasibətə gəldikdə, ancaq bayramdan-bayrama Vaşinqtondan gələn təbriklərdə, yaxud da hansısa siyasi açıqlamalar zamanı münaqişə xatırlanılır. Sadəcə, dekorativ şəkildə deyilirdi ki, ABŞ üçün problemin həlli əhəmiyyətlidir. Məsələ bu aspektdən o yana keçmirdi. 
Yeni adminstrasiyaya gəldikdə, gərəkdir ki, əvvəlcə onun yürütdüyü siyasətin aparıcı istiqamətləri müəyyənləşsin. Seçki kampaniyası dövründə xarici siyasətlə bağlı Trampın dediklərinin nə cür və necə həyata keçiriləcəyi hələlik aydın deyil. Hazırkı vəziyyətdə mənzərəni tam olaraq təsəvvür etmək çətindir. Söhbət konkret ABŞ-dan gedirsə, Azərbaycana qarşı olan təcavüzün qarşısının alınmamasının yeganə səbəbi onların Ermənistana olan münasibətləridir. Ermənistana olan yardımlar, siyasi himayədarlıq təəssüf ki, davam edir. Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün yeni adminstrasiya tərəfindən hansısa konkret təklif və işlərin olması ilə bağlı konkret aydınlıq yoxdur. Yeni adminstrasiyanın yanaşmalarında praqmatiklik var. Baxaq görək, bundan sonra necə olacaq. Hər bir halda yeni adminstrasiyanın dövründə də ABŞ üçün Azərbaycanın əhəmiyyəti necə var idisə, o cür də qalır”.  
Politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ-ın yeni adminstrasiyasını Cənubi Qafqaza daha geniş diqqət ayırmağa yönəlik çağırışlar böyük əhəmiyyətə malikdir:  «Onsuz da ABŞ-ın bir gözü Cənubi Qafqazda, xüsusən də Azərbaycandadır.  Çünki Azərbaycan regionumuzda, bütövlükdə postsovet məkanında Rusiyadan sonra Qərbin diqqətini ən çox çəkən ikinci ölkədir. Bu da ölkəmizin neft və təbii qaza sahib olması, başlıcası isə geostrateji mövqedə yerləşməsilə bağlıdır. Bu nöqteyi-nəzərdən Qərb çoxdan ölkəmizin belə mövqeyə sahib olduğunu anlayıb. Belədə Qərb tədricən qapılarını Bakının üzərinə açmaqdadır. Neftimizi alır, qazımızı da alacaq. 
Eyni zamanda, yaxınlarda böyük ehtimalla vizasız gediş-gəliş haqqında sənəd imzalanacaq. Bu da geniş rezonansa səbəb olacaq və ABŞ-ı da hərəkətə keçərək həmin istiqamətdə səylərini gücləndirməyə dəvət edəcək.   Con Hopkins Universiteti əməkdaşının  ABŞ-ın yeni administrasiyasının Qafqaz, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz üzərinə götürməklə bağlı fikirləri zənnimcə, Amerika ictimaiyyəti arasında geniş rezonans doğuracaq və siyasi elitasına böyük təsir göstərəcək. 
Onsuz da ABŞ-ın uzunmüddətli geosiyasi proqramında Rusiyanı kəmər kimi qurşağa alan plan mövcuddur. Həmin planda da Cənubi Qafqazda yerləşmə və onun üzərindən Asiya qitəsinə yönəlmək prinsipial əhəmiyyətli detal kimi göstərilir. Əminəm ki, Avropa ilə Azrbaycanın münasibətləri müsbət sonluqla bitdikdən sonra, Amerika da prosesə qoşulacaq”.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs