Əlaqə Arxiv
news Image
2017.05.05
09:40
| A A A
Dövlət idarəçiliyi daha optimal vəziyyətə gətirilir
Fikrət Yusifov: “Cari ilin sonuna qədər mövcud idarəetmə strukturlarının yenidən təşkili ilə bağlı daha ciddi qərarlar qəbul ediləcək”

“Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”. Bunları baş nazirin müavini Əli Əhmədov bildirib. 

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir: “İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur”. 
Mütəxəssislərin fikrincə, bu açıqlama dövlət idarəçiliyi sahəsində müəyyən ixtisarların olacağından xəbər verir.  Bu da çevik dövlət idarəçiliyi baxımından məqsədəuyğun hesab edilir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, dövlət idarəetmə strukturlarında islahatların aparılmasında başlıca məqsəq, idarəetmədə çevikliyin artırılmasını təmin etməkdən ibarətdir: “Son iki il ərzində Azərbaycan hökuməti bu sahədə az iş görməyib. İdaretmədə çevikliyin artırılmasını, vətəndaş-məmur münasibətlərində neqativ halların aradan qaldırılmasını təmin edən bir sıra qətiyyətli addımları xüsusi qeyd etmək lazımdr. 
Bəzi lüzumsuz xidmət növlərinin tamamilə ləğv edilməsi (fəaliyyət üçün lisenziyaların və xüsusi icazələrin verilməsi və s.), ayrı-ayrı dövlət idaretmə strukturlarının funksiyalarının “ASAN Xidmət”ə ötürülməsi, iş adamlarının fəaliyyətinə daha münbit şərait yaratmaq və vətəndaşların vaxtına kifayət qədər qənaət etmək məqsədilə atılan addımlardır. Hesab edirəm ki, cari ilin sonuna qədər mövcud idarəetmə strukturlarının yenidən təşkili ilə bağlı daha ciddi qərarlar qəbul ediləcək. Son belə addımlardan biri Nəqliyyat Nazirliyinin ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilməsi oldu. Dövlət idarəetmə strukturlarında bir qayda olaraq ixtisarlarla müşayət olunan islahatların aparılmasında əsas məqsəd, büdcə vəsaitlərinə qənaət etmək deyil, idarəetmənin keyfiyyətini yüksəltməkdir”.
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli də şişirdilmiş bürokratik aparata ehtiyac olmadığını  bildirdi: “İdarəetmə aparatı o zaman çevik və dinamik işləyir ki, azsaylı olur, bir-biri ilə daha tez təmasa girməyi bacarırlar. Azərbaycan kimi kiçik bir ölkədə bu qədər böyük idarəçilik aparatına ehtiyac yoxdur. ABŞ kimi ölkədə 14 nazirlik var. Azərbaycanda isə 30-a yaxın nazirlik və komitə fəaliyyət göstərir. Ona görə də ölkəmizdə həm struktur, həm də məmur islahatlarının zamanıdır. Bütün bunlar Nazirlər Kabineti, Prezident Administrasiyası, rayon icra hakimiyyətlərinə qədər digər idarəetmə strukturlarının çevik və müasir sistemə çevrilməsinə gətirib çıxaracaq. İnzibatçılıq azalacaq,  idarəetmə sistemi daha səmərəli işləməsinə şərait yaranacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz