Əlaqə Arxiv
news Image
2017.05.09
09:30
| A A A
Minsk qrupunun fəaliyyətsizliyi müharibəni yenidən alovlandırır
Fikrət Sadıxov: “Minsk qrupunun bu cür fəaliyyəti müharibə ehtimalını artırır” İlqar Vəlizadə : “Şablon bəyanatlarla beynəlxalq təşkilatlar konkretlikdən boyun qaçırırlar”

"Yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllinə gətirib çıxara bilər". Bunu Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov deyib. Bu xüsusda nazir müavini Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. 

Onun sözlərinə görə, bu təşkilat sankı məsələdən uzaqdır: "Rusiya, ABŞ, Fransa öz məsələləri ilə məşğuldurlar. Onlar öz məqsədlərini güdürlər. Beləliklə, biz maraqların üçbucağında qaldıq, münaqişə isə həll olunmur. BMT də öz üzərinə məsuliyyət götürüb, amma münaqişənin həllinə təsir göstərə bilmir. Bunun üçün beynəlxalq "oyunçular" fəaliyyətini artırmalıdırlar, Nyu-Yorkda oturub, analiz etməklə deyil. Münaqişə regionları ilə sıx işləmək lazımdır. BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi var və orada münaqişənin həllinin yolları göstərilib".
A. Əzimov deyib ki, ATƏT-in Minsk qrupunun üzvləri bu sənədlər əsasında hərəkət etməlidir: "Eyni zamanda lazımdır ki, münaqişə tərəfləri beynəlxalq qanunları düzgün interpretasiya etsinlər və beynəlxalq təşkilatlar bu məsələdə dəstək verməlidirlər”.
Açıqlamadan aydın görünür ki, Azərbaycan həm  həmsədr, həm də digər beynəlxalq təşkilatlar qarşısında məsələni konkret qoyur və onları hərəkətə gəlməyə çağırır. Siyasilərin fikrincə, nazir müavininin ifadələrini Azərbaycanın xəbərdarlığı kimi qiymətləndirmək olar. Nəticə çıxarılmayacağı təqdirdə isə müharibə ehitmalı yenidən artacaq.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Dağlıq Qarabağla bağlı Azərbaycan dəfələrlə müxtəlif tribunalardan xəbərdarlıq edib: “Azərbaycan Minsk qrupunun fəaliyyətindən narahazıdır. Çünki Minsk  qrupunun bu məsələdə fəaliyyəti sıfır səviyyəsindədir. Azərbaycana isə nəticə lazımdır. Nəticə də ona görə yoxdur ki, beynəlxalq təşkilatlar seyrçi mövqedə dayanır, Ermənistana təzyiqlər göstərmirlər. Qətnamələrin yerinə yetirilməsinə nəzarət yoxur. Aparıcı dövlətlərin belə mövqeyi Ermənistana güvənc verib. Təbii ki, Azərbaycan bununla razılaşmayacaq. Azərbaycan danışıqlarla paralel güc də nümayiş etdirəcək. Məqam yetişdiyi anda Azərbaycan torpaqlarını işğaldan azat etməyə qadirdir”.
Politoloq əlavə etdi ki, Minsk qrupunun bu cür fəaliyyəti müharibə ehtimalını artırır: “Münaqişənin daha da gərgin vəziyyətə gəlib çatmasına şərait yaradır. Aprel hadisələri zamanı gücümüzü nümayiş etdirdik. Yəni, şərait yarandıqda bunu bir daha edəcəyik. Heç Minsk qrupunun həmsədrlərindən icazə alınmağa ehtiyac qalmayacaq. Yəni, aidiyyatı təşkilatlar aprel döyüşlərindən nəticə çıxartmalı, mövqelərini dəyişməlidirlər. İndiki mövqeləri münaqişəyə biganəlik nümayiş etdirməkdir”.
Digər siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, həmsədrlərin bu tipli bəyanatları, sülh çağırışları vəziyyəti düzəltmir: “Hər dəfə boş-boş sözlər eşidirik. Hamısı da reallığa söykənməyən, eyni zamanda Azərbaycan tərəfini qıcıqlandıran bəyanatlardır. Çünki 25 ildən artıqdır, Azərbaycan münaqişənin həlli ilə bağlı konkret addımların atılmasını tələb edir. 
Həmsədrlər həlllə bağlı ən azından konkret ifadələr işlətmirlər. Konkret ifadə dedikdə zərər vuran zərər vuran kimi, zərər çəkmiş isə zərər çəkmiş kimi tanınmalıdır. Bu, baş verərsə, problemin həlli istiqamətində addım atılmış olar. Münasibətlər də, siyasət də bəlli olar. Amma işğalçı işğalçı kimi tanınmır. Problemin kökü də məhz bundan ibarətdi ki, məsələ həll olunmamış qalır. Şablon bəyanatlarla beynəlxalq təşkilatlar konkretlikdən boyun qaçırırlar. Bu da onların fəaliyyət prinsipinə çevrilib. Halbuki, beynəlxlq hüquqda kokret maddələr, BMT-nin konkret qətnamələri var. Bütün qərarlar olduğu kimi icra edilməlidir. Bu olmadığına görə, münaqişə həll edilmir. İllərdir Minsk qrupundan boş-boş bəyanatlar eşidirik. Proseslər göstərir ki, yaxın gələcəkdə də onlardan konkret addımlar gözləmək əbəsdir. Təəssüf ki, bu da tərəfləri müharibəyə bir addım yaxınlaşdırır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz