news Image
2017.05.09
08:00
| A A A
Bu gün 9 May faşizm üzərində qələbə günüdür

XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üzləşdi. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına və müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dəhşətli idi. İtaliyada faşist və Almaniyada nasist diktaturaları nəinki bu ölkələrin özlərini, habelə bütün bəşəriyyəti təhlükə altına qoymuşdu. Qərb demokratiyasının, faşizmin və kommunizmin toqquşmasının labüd nəticəsi olaraq bu müharibəyə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan SSR də qoşulmalı olmuşdu. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt "Vətən müharibəsi" adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi. Qısa müddət ərzində Respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə batalyonları təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı cəbhəyə səfərbər olunmuşdu. Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü Milli diviziyalar təşkil edilmişdi. Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçmişdilər. 100-dən çox azərbaycanlı ən yüksək hərbi ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər Şərəf ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına ilk dəfə İsrafil

Məmmədov layiq görülmüşdü. Bu ada iki dəfə layiq görülmüş hərbçimiz isə Həzi Aslanov olmuşdur. Sovet İttifaqı Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz qəhrəmanlıqları ilə xalqımızın hərb tarixinə yeni şərəfli sətirlər yazdılar.
Respublika iqtisadiyyatının hərbi relslər üzərinə keçirilməsi sahəsində böyük işlər görüldü. Yüngül və yeyinti sənaye sahələri hərbiləşdirildi. Az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrildi. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin alınması üsulunu kəşf etdilər. 1941-ci ildə Azərbaycanın neft tarixində rekord miqdarda - 23,5 milyon ton neft istehsal olundu. Bu SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyirdi. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.
Sovet dövlətinin xalqımıza qarşı etdiyi ən böyük ədalətsizliklərdən biri də Bakıya layiq olduğu adın - "Qəhrəman şəhər" adının verilməməsi idi. Alman nasizmi üzərində qələbədə misilsiz rol oynamış Bakı neftinin roluna belə münasibət əsrlərdən bəri imperiyaların xalqımıza qarşı ədalətsizliyinin bariz nümunəsi idi.
Tarixi arayış. İkinci Dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdir. Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlanmış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdır. Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmişdir. Müharibədə ideoloji və siyasi yönümündən asılı olmayaraq 50-dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmişdir. Faşist bloku (Almaniya, İtaliya, Yaponiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Finlandiya) məğlub edilmiş, bu bloka daxil olan ölkələrin əksəriyyəti müharibənin gedişində onun tərkibindən çıxaraq, Almaniyaya və Yaponiyaya müharibə elan etmişdilər.
Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir. Ona görə də Almaniyanın təslim olması günü - 9 may bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs