Əlaqə Arxiv
news Image
2017.05.11
08:00
| A A A
Ermənilərin yalançı mövqeyini alt-üst edən diplomatik zərbə
Azər Həsrət: “Belə adamların aşkar edilməsi və Azərbaycandan üzr istəyənlərin sayının artması bütövlükdə ermənilərin yanlış təbliğatının faş edilməsinin nəticəsidir” Mais Səfərli: “Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, diplomatiyamızın uğurudur”

Azərbaycanın is]al altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan, ermənilərin yalanına  aldanıb ora gedənlərin böyük əksəriyyəti artıq səhvlərini anlayır, ölkəmizdən üzr istəyirlər. Məsələn, Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı səfirliyimizə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş etdiyi bildirilir. Məktubunda R.Montanyana Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.

 Azərbaycandan üzr istəyən belə şəxslərin sayının artması ermənilər üçün ciddi diplomatik zərbə hesab edilə bilərmi? 
Siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, Ermənistan hərbi sahədə ağır məğlubiyyətlərə düçar olduğu kimi, diplomatik sahədə də bir-birinin ardınca məğlub duruma düşür. Bu mənada həmsöhbətimizə görə, qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, sonradan Azərbaycandan üzr istəyənlərin sayının artması da diplomatiya sahəsində ermənilərə vurulan növbəti sarsıdıcı zərbənin tərkib hissəsidir: “Hər şeydən əvvəl onu qeyd etməliyik ki, xarici ölkələrdən ermənilərin təbliğat və yalanlarına aldanaraq doğrudan da Azərbaycanın işğal altındakı torpaqlarına səfər edən insanlar vardır. Hətta özüm müşahidə etmişəm, bəzən elə olur ki, xaricilər regionumuzu yaxşı tanımır, münaqişə ilə bağlı məlumatsız olur, ümumiyyətlə, Dağlıq Qarabağın kimə aid olması ilə əlaqədar aydın təsəvvürlərə malik olmurlar. Ermənilər də  öz xislətlərinə uyğun olaraq, həmin adamların etimadından sui-istifadə edir, onları aldadaraq Dağlıq Qarabağa gətirirlər. Sonradan da həmin adamlar səhv etdiklərini, yanlış yolda olduqlarını, əslində, Azərbaycan dövlətindən icazə almadan qanunsuz olaraq bu ölkənin  ərazisinə daxil olduqlarını anlayırlar. Nəticədə bu insanlar sonda Azərbaycan dövlətindən üzr istəyir və bağışlanmalarını xahiş edirlər. 
Təbii ki, belə adamların aşkar edilməsi və üzr istəyənlərin sayının artması bütövlükdə ermənilərin yanlış təbliğatının faş edilməsinin nəticəsidir. Ermənilər bu kimi saxtakarlıq və cinayətə yol verməklə, guya belə görüntü yaratmağa çalışırlar ki, separatçı rejimi bir sıra  beynəlxalq təşkilatlar tanıyır. Onlar bu yolla dünya ictimaiyyətində belə bir görüntü formalaşdırmaq istəyirlər. Ancaq Qarabağa qanunsuz gedən insanlar sonradan səhvlərini etiraf edərək Azərbaycandan üzr istədikcə, Ermənistanın apardığı bu çirkin kampaniya özlərinə qarşı çevrilir. O baxımdan düşünürəm ki, Azərbaycan dövləti bu istiqamətdə qurduğu işi bir qədər də genişləndirməlidir. Xüsusən də bu istiqamətdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirliklərinin üzərinə daha böyük vəzifə düşür. Onlar fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətini ermənilərin bu kimi yalanlara əl atdığı barədə daha geniş şəkildə məlumatlandırmaqla, işğalçı rejimə diplomatik baxımdan daha böyük zərbə vurmuş olacaqlar. Yəni, xarici ölkə vətəndaşlarının ermənilərin bu təxribatına alət olmaması üçün Azərbaycan da bu istiqamətdə öz işini bir qədər də gücləndirməlidir. Azərbaycan torpaqlarına qanunsuz səfər edib sonradan ölkəmizdən üzr istəyən insanların sayının artması sözsüz ki, ermənilərin özlərinə qarşı çevrilir.  Bu isə Azərbaycanın diplomatiya sahəsində əldə etdiyi növbəti uğurudur”.
Yurddaş Partiyasının sədri Mais Səfərli də bildirdi ki, qanunsuz olaraq Qarabağa səfər edib sonradan buna görə Bakıdan üzr istəyən xarici ölkə vətəndaşlarının sayının artması Azərbaycan diplomatiyasının ciddi uğuru, işğalçı rejimin isə diplomatik baxımdan faş olmasının nəticisidir: “Yaxın keçmişimizə diqqət yetirsək, görərik ki, doğrudan da erməni təbliğatı və tökdükləri göz yaşlarına uyub işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz olaraq səfər edən xarici jurnalist, siyasətçi və qeyri-hökumət təşkilatları nümayəndələrinin sayı əvvəllər çox olurdusa, indi bu dinamika getdikcə azalır. Son illərdə Qarabağa qanunsuz olaraq səfər edən xarici vətəndaşların sayı kəskin azalıb, artıq belə hallar tək-tük xarakret alır. Bu da Azərbaycan diplomatiyasının həmin istiqamətdə ciddi işlədiyi və fəaliyyət göstərməsinin nəticəsidir. Bunun da nəticəsində həmin qanunsuz əməllərə yol verən əcnəbi vətəndaşların sayı xeyli dərəcədə azalıb. Diaspor və müvafiq dövlət orqanlarının apardığı fəaliyyət nəticəsində artıq xarici ölkələrdə Azərbaycan həqiqətlərini yaxşı başa düşürlər. Ona görə də indi Qarabağa qanunsuz olaraq gedən daha çox əcnəbi insan buna görə Azərbaycandan üzr istəməyə başlayıblar. Bu da Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, diplomatiyamızın uğurudur. Ölkəmizin ermənilər üzərində çaldığı qələbələrdən biri də məhz budur”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz