Əlaqə Arxiv
news Image
2017.05.13
07:00
| A A A
Azərbaycanın müsəlman dünyasında mövqelərini gücləndirir
Elman Nəsirov: “Azərbaycanın əsas məqsədi ondan ibarətdir ki, müxtəlif taktiki gedişlərlə müsəlman ölkələrinin birliyinə nail olunsun” Sədrəddin Soltan: “Azərbaycan müsəlman ölkələrə İslam dünyasındakı yerini və əhəmiyyətini bir daha çatdırır”

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Bakı Olimpiya Stadionunda start götürən tədbirdə Azərbaycan və İslam mədəniyyətini tərənnüm edən kompozisiyalar nümayiş olundu. 

Beş min nəfərin cəlb olunduğu açılışa yerli incəsənət xadimlərinin çıxışları, idmançıların paradı və atəşfəşanlıq xüsusi rəng qatıb. Təxminən iki saat davam edən mərasimdə ölkə rəhbərliyinin, xarici dövlətlərin rəsmlərinin, beynəlxalq təşkilat və federasiya nümayəndələrinin iştirak edib. Dörd qitədə yayımlanan İslamiadanı ümumilikdə 1,3 milyard insanın izləməsi proqnozlaşdırılır. Analitiklərin sözlərinə görə, İslamiada Azərbaycanının müsəlman  dünyası ilə siyasi, iqtisadi əlaqələrinin güclənməsinə müsbət təsirləri olacaq.
Millət vəkili Elman Nəsirov bildirdi ki, 2017-ci  il “İslam həmrəyliyi ili” elan edilib: “İslam həmrəyliyi müsəlman ölkələri arasında siyasi, iqtisadi, mədəni-texniki, humanitar sahələrdə həmrəyliyi, ümumiyyətlə, beynəlxalq münasibətlər sferasına daxil olan bütün sahələrdə həmrəyliyi özündə ehtiva edir. Eyni zamanda idman sahəsində həmrəyliyi ehtiva edən addımdır. Bu mənada İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın İslam həmrəyliyi sahəsində həyata keçirdiyi dövlət siyasətinin birbaşa davamı, idman sahəsində məntiqi nəticəsidir. 
Nəzərə alaq ki, bu gün müsəlman ölkələri arasında lazımi səviyyədə birlik yoxdur. Əgər birlik olsa idi, İslam həmrəyliyinə ehtiyac olmazdı. Azərbaycanın əsas məqsədi ondan ibarətdir ki, müxtəlif taktiki gedişlərlə müsəlman ölkələrinin birliyinə nail olunsun. Xüsusi ilə də ölkə Prezidenti vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bəzi müsəlman ölkələri özlərini müsəlman ölkəsi kimi aparmırlar: “İşğalçı dövlətlə iqtisadi, ticari əlaqə qururlar. Bunlar narahatçılıq doğuran məsələlərdir”. Bütün bunları nəzərə alaraq, İslam Həmrəyliyi Oyunlarına təkcə idman hadisəsi kimi baxmaq düzgün olmazdı. 
54 müsəlman ölkəsinin idmançıları bir-birinin əllərini sıxmaqla, müsəlman ölkələrinə mesaj ünvanlayacaqlar ki, digər sahələrdə də bunu edək. Çox təəssüf ki, bu gün bəzi müsəlman ölkələri arasında biri-birinə qarşı ərazi, resurs iddiaları var. Bu kimi problemlərin aradan qaldırılması üçün müsəlman ölkələrinin idmançılarının bir araya gəlməsi uğurlu nəticədir və birləşdirici amili özündə ehtiva edir. 2005-ci ildə İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanınında keçirildi. Qərara alındı ki, tədbir 4 ildən bir keçirilsin. Amma 2009-cu ildə İranda bu yarışlar baş tutmadı. Əsas səbəbi də o oldu ki, İran “Ərəb körfəzi” yox, “Fars körfəsi” ifadəsi işlədirdi. Münasibətlərdə müəyyən ifadələr belə pozucu rolunu oynadı. Ona görə də Azərbaycan bu gün dünya miqyasında o qədər böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Bu cür yarışlara ev sahibliyi etməklə bütün müsəlman dünyasını ortaq məxrəcə gəlməyə, bir olmağa səsləyir. Bu birləşdirici çağırış ölkəmizin uğurudur. Yalnız səsləmir, konkret addımları ilə təsdiqləyir. Müsəlman dünyasının hər bir probleminə münasibətdə Azərbaycan haqq və ədalət prizmasından çıxş edir. Bu, tək müsəlman ölkələrlə yox, digər ölkələrlə əlaqələrin inkişafını özündə ehtiva edən bir addımdır. Bu addımların da başlanğıc nöqtəsi Azərbaycandır”.
Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Orta Şərqdə vəziyyətin normallaşması, sabitliyin, sülhün yaranması, ictimai, siyasi, iqtisadi və mədəni əlaqələrin, əməkdaşlığın bərpası və inkişaf daha çox bölgə dövlətlərindən asılıdır: “Bu cür yarışlar İslam dövlətləri ictimaiyyətinin yaxınlaşmasına və bir-birini tanımasına yardım edir. Son illər beynəlxalq terrorçuluğa görə müsəlman dövlətləri arasında müəyyən inamsızlıq və etimadsızlıq yaranıb. İslam ölkələri bir-birlərini daxili işlərinə müdaxilə etməkdə, düşmənə, işğalçıya yardım göstərməkdə qınayırlar. Onlar bu qınaqlarda bəzən haqlı, bəzən haqsız görünsələr də, belə halların olduğunu da inkar etmək olmaz. Yarışların tez-tez keçirilməsi isə dövlətlərin əməkdaşlığını genişləndirir, bir-birlərinə yaxınlaşmaları üçün şərait yaradır. Bu, həm də dünyada sabitliyin və təhlükəsizliyin xeyrinə olan işdir. 
Oyunların Azərbaycanda keçirilməsi də əhəmiyyətlidir. Əvvəla, Azərbaycan torpaqlarının bir hissəsi işğal altında olan müsəlman dövlətidir. Bəzi İslam ölkələri Dağlıq Qarabağın işğal altında saxlanılması üçün Ermənistanla hər cür əməşdaklıq edir, əlaqə saxlayır. Azərbaycan öz həmrəylik davranışı ilə onlara “işğalçı ilə əməkdaşlığı dayandırın, ya da onu bu siyasətindən çəkindirməyə çalışın” mesajını verir. Azərbaycan müsəlman ölkələrə İslam dünyasındakı yerini və əhəmiyyətini bir daha çatdırır. Ölkə müsəlman dünyasında təbliğ edilir”.
Politoloq əlavə etdi ki, istənilən beynəlxalq səviyyəli tədbirin keçirilməsi üçün başlıca amil təhlükəsizliyin təmin olunmasıdır: “Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməklə bu çətin işin öhdəsindən gəlməyə qadir və bu kimi məsələlərdə, özəlliklə terrorçuluğa qarşı mübarizədə beynəlxalq arenada əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Azərbaycan sübut edir ki, sülh və əməkdaşlığa töhfə verməyə hazırdır, bunu bacarır. Beləliklə, bu sayaq həmrəylik yarışları dövlətlərarası əməkdaşlığın və əlaqələrin genişlənməsinə, inkişafına yönələcək, düşmənçiliyin, şübhələrin, etimadsızlığın aradan qalxmasına xidmət edəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz