news Image
2017.05.13
08:00
| A A A
İslam dünyasının lideri
Hikmət Babaoğlu: “İslamiadanın keçirilməsi müsəlman ölkələri arasında həmrəyliyin daha da güclənməsi, əlaqələrin inkişaf etməsi, qarşılıqlı şəkildə bir-birilərini tanımasına yardım edəcək bir hadisədir” Asim Mollazadə: “İslamiada İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə ciddi töhfə verəcək”

Hər bir idman tədbiri həm də ölkələr arasında sülh və həmrəyliyin güclənməsinə xidmət edən bir yarışdır. Bu mənada xalq və millətlər arasında həmrəyliyin əldə olunmasında olimpiadaların da böyük rolu vardır. Azərbaycanda keçirilən IV İslam Həmrəylik oyunları da bu mənada müsəlman ölkələri arasında birlik və həmrəyliyin güclənməsinə töhfə vermək gücündə olan bir yarışdır.  

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, ölkəmizdə baş tutan İslam Həmrəylik Oyunları müsəlman dövlətləri arasında həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verəcək: “İdman yarışları həmişə birləşdirici, inteqrasiyaedici funksiyanı yerinə yetirib. İdman həmişə ictimaiyyətin sosiallaşmasında, vahid hədəflər uğrunda birləşməsində motivəedici bir rol oynayıb. Ona görə də düşünürəm ki, 
məhz Azərbaycanda İslamiadanın keçirilməsi də müsəlman ölkələri arasında həmrəyliyin daha da güclənməsi, əlaqələrin inkişaf etməsi, qarşılıqlı şəkildə bir-birilərini tanımasına yardım edəcək bir hadisədir. Bu səbəbdən təsadüfi deyil ki, İslamiadanın keçirilməsilə paralel olaraq Azərbaycanda «İslam Həmrəyliyi ili» də elan olunub. Düşünürəm ki, bir-birini  tamamlayan bu iki komponentin eyni ildə ölkəmizdə baş tutması hazırda İslam dünyasının ən çox ehtiyacı olduğu bir məsələnin reallaşması yolunda ciddi rol oynayacaq. Bu da həmrəyliyin daha da güclənməsi məsələsilə bağlıdır. Çünki həmrəy olmaq, qüvvələri səfərbər etmək, olduqca mürəkkəb tarixi mərhələdə bir-birilərinin mənafeyini qorumaq, İslam mədəniyyətinə sahib çıxmaq, dinimizin yaratdığı humanist sülh sivilizasiyasına töhfələr vermək əlbəttə ki, hər bir müsəlman ölkəsinin vəzifəsidir. Bu mənada qürur duyuram ki, vətəndaşı olduğumuz ölkəmiz belə bir təşəbbüslə çıxış edərək IV İslam Həmrəylik oyunlarının Azərbaycanda keçirilməsinə nail olub. 
Düşünürəm ki, önümüzdəki illərdə Bakıda baş tutan İslamiada bütün dünyada maraqla qarşılanan bir idman hadisəsinə çevriləcək. Azərbaycan xalqı və dövlətinin bu prosesə verdiyi töhfə də tarixi bir töhfədir. Heç şübhəsiz, bu da Azərbaycan Prezidentinin əməyi və təşəbbüsü nəticəsində baş tutur və ən nümunəvi İslamiadadan biri kimi İslam oyunları tarixində qalacaq”.
Milli Məclisin deputatı Asim Mollazadə də qeyd etdi ki, İslamiada İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə ciddi töhfə verəcək: “Azərbaycan öz təcrübəsi və dəyərlərini İslam dünyası ilə bölüşmək istəyir. Tarixən Azərbaycan bu dünyanın lideri olub. Azərbaycan Avropa mədəniyyətinə qovuşan, öz mədəniyyətilə Qərb mədəniyyətinin yeni sintezini yaradan, İslam dünyasında ilk dünyəvi dövlətə çevrilən bir ölkə olub. 
Bununla yanaşı, Azərbaycanda fərqli mədəniyyət və dinlər birgə yaşayıb, onlar arasında  əməkdaşlıq və qarşılıqlı hörmət mühiti mövcud olub.  Bu işdə Azərbaycan böyük təcrübəyə sahibdir. Ölkəmizdə keçirilən İslamiada Azərbaycana öz dəyərlərini İslam dünyası ilə bölüşmək, mədəniyyətini nümayiş etdirmək üçün verilən gözəl bir fürsətdir”. 
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs