Əlaqə Arxiv
news Image
2017.05.12
23:28
| A A A
Mehriban Əliyeva: Bakı-2017 İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir (YENİLƏNİB)

"İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir".

Movqe.az-ın  məlumatına görə, bunu Oyunların açılış mərasimində çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev! İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin! İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri! İslam aləminin idmançıları! Xanımlar və cənablar! Hörmətli qonaqlar! Azərbaycana xoş gəlmişsiniz! Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına xoş gəlmişsiniz!

Əziz həmvətənlər! Biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara “Xoş gəlmişsiniz!” deyirəm. Bütün uğurlar münasibətilə gözəl vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Azərbaycanı qorusun!

Əziz dostlar! Əllidən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan sizi məmnuniyyətlə salamlayır.

Mən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm".

Birinci vitse-prezident bildirib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir: "İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur.

Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi".

Mehriban Əliyeva vurğulayıb ki, ölkəmizin multikultural tarixi açıq tolerant cəmiyyətimizin ən ülvi hissəsidir: "Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq. Odlar Diyarı Azərbaycan həm də büllür sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarmız, şəlalərimiz və bulaqlarımız Xəzər dənizinin əsrlər boyu həyatının mənbəyi olub. Ortaq İslam irsimiz, həmçinin yer tutan və həyat mənbəyi olan bu element Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırmaqdadır. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəmzi olan su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi. Hər kəsə sülh və dostluq müjdəsini gətirərək insanları ilhamlandırdı.

Əziz dostlar, mən gözəl, gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm!"

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri əlavə edib: "İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm.

Xalqımızın tərəqqiyə bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə Birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin - İslam dünyasının insanlarını Bakıda IV İslam Hərməyliyi Oyunlarında birləşdiririk".

Mehriban Əliyeva xatırladıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib: "Bakı-2017 və idmanın qüdrəti xalqlarımızın İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirir. Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.

İslam aləminin atletləri! Xanımlar və cənablar! Əziz dostlar! Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına xoş gəlmişsiniz! Azərbaycana xoş gəlmişsiniz!"

Sizin Reklam Yeriniz