Əlaqə Arxiv
news Image
2017.05.16
09:40
| A A A
ÜAK bağlı Rusiyada gedən müəmmalı oyun
Elşən Manafov: “Rusiya iqtidarı ÜAK bağlı yaşanan problemin gərginləşməsi istiqamətində növbəti addımları atmaq istiqamətindən vaz keçəcək” İsmayıl Ağayev: “Kreml həmişə olduğu kimi Azərbaycanı incik salacaq bu addıma getməyəcək”

Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini sənədləşdirmədəki nöqsanlarla əsaslandırır. Əslində isə bu prosesin arxasında əsasən siyasi maraqlar durur ve daha çox antiazərbaycan qüvvələrin işi sayılır. Belə vəziyyətdən Rusiya da ciddi itkilərlə çıxa bilər. Moskva bunu nəzərə alacaqmı? 

Politoloq Elşən Manafovun fikrincə, Rusiya iqtidarı mövcud problemin gərginləşməməsi üçün müəyyən addımlar atacaq: “Düşünürəm ki, Rusiya Azərbaycanla qardaşlıq münasibətlərinin mövcud vəziyyətindən çıxış edərək ÜAK-ın yenidən fəaliyyətinə imkan yaradacaq. Məsələ Milli Məclisdə də müzakirə olunmuşdu. O zaman da  Azərbaycan iqtidarı bu məsələnin üzərinə getməmiş, sayğı ilə yanaşmış və qeyd etmişdi ki, problemin qanunvericilik müstəvisi üzərində həlli mümkündür. Bu, o zaman Azərbaycan hakimiyyəti tərəfindən baş vermiş həmin insidentlə bağlı məsələyə münasibətdə bir mesaj kimi qəbul olunmalı idi. 
Əslində, Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarət oldu ki, Bakı münasibətləri qarşılıqlı anlaşma və hörmət müstəvisi üzərində qurmaq istəyir. Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində addımlar atılması ölkəmizin xeyrinə deyil. Düşünürəm ki, Rusiya da Azərbaycanın bölgədəki mövqeyini və Bakı ilə ikitərəfli münasibətlərin inkişafına olan marağı nəzərə alaraq müvafiq addımlar atmalıdır. Rusiya prezidenti Vladimir Putinin keçən il bildiyiniz kimi Bakıya səfəri olmuşdu. Moskva anlayır ki, hazırda bölgədə, regional, həm də qlobal təhlükəsizlik problemlərinin həllində Azərbaycanla əməkdaşlıq bütün hallarda Rusiyanın maraqlarına cavab verir. Fikrimcə, bu istiqamətdə fəaliyyət göstərən antiazərbaycan qüvvələrinin fəaliyyəti birmənalı şəkildə Rusiyanın Prezident Aparatı tərəfindən istiqamətləndirilmir. Ancaq bu qüvvələr Rusiya Dövlət Duması və hökumətdə təmsil olunublar. Hətta bu tendensiyanı Rusiya siyasi sistemin tərkib hissəsi olan ayrı-ayrı partiyaların fəaliyyətində də izləmək olar. Hər halda Azərbaycanla münasibətlərin indiki məqbul forma və məzmununu, regional təhlükəsizlik amillərini nəzərə alaraq Rusiya iqtidarı ÜAK bağlı yaşanan bu problemin daha da gərginləşməsi istiqamətində növbəti addımları atmaq istiqamətindən vaz keçəcək”. 
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev də düşünür ki, Moskva Azərbaycanla münasibətləri nəzərə alaraq ÜAK-la bağlı sonda düzgün qərar verəcək: “Rusiya Azərbaycanla əlaqədar həm Dağlıq Qarabağ, həm də müxtəlif ictimai-siyasi  məsələlələrə baxışda konkret olaraq mövqe nümayiş etdirməyib. Demək olar ki, Moskva həmişə Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq üçün zaman-zaman müəyyən addımlar atıb. 
Azərbaycanın hazırda Rusiya ilə hərtərəfli sıx əlaqələri mövcuddur. Xüsusi olaraq dövlətimiz tərəfindən düzgün və ağıllı siyasət aparılır. Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Bu ölkə azərbaycanlılar üçün böyük bir bazardır. İki ölkə arasında qonşuluq siyasəti də düzgün qurulub. Amma Rusiyanın apardlğı siyasət I Pyotrun vəsiyyətinin davamıdır. Onlar hər zaman çalışıb ki, Azərbaycana hansı formada olursa-olsun, basqı göstərib onu özlərindən asılı vəziyyətdə saxlasınlar. Düşünürəm ki, bütün bunlara baxmayaraq, Rusiyanın hakimiyyət dairələri ÜAK-la bağlı son olaraq müsbət istiqamətdə qərar verəcəklər. ÜAK qeydiyyata alınacaq. İndiki halda görünür, Rusiya bu addımı ilə siyasi manipulyasiya edir. Bununla da bir müddət erməni lobbisinin mənafeyinə xidmət edən böyük güclərinin marağını təmin edir. Ancaq son həddə, məsələ dövlət marağına dirənəndə, Kreml təbii ki, həmişə olduğu kimi Azərbaycanı incik salacaq bu addıma getməyəcək”.
Rüfət NADİROĞLU 

 

 

Sizin Reklam Yeriniz