news Image
2017.05.16
10:30
| A A A
Ermənistan yeni destruktiv mövqedən çıxış edir
Məhəmməd Əsədullazadə: “Azərbaycan Ermənistanın substantiv danışıqlarda maraqlı olmamasını bir daha gördükdə işğalçıya zərbə endirməyi masada saxlayır” Akif Nağı: “Ötən ilin aprel döyüşləri də göstərdi ki, xalq döyüşə hazırdır”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Şuşanın “DQR”in paytaxtı elan edilməsi ilə bağlı niyyəti barədə məlumatı Ermənistanın Dağlıq Qarabağı işğal etmək cəhdinin bariz nümunəsi hesab edir. XİN mətbuat katibi Hikmət Hacıyevin verdiyi məlumata görə bu, Ermənistanın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində destruktiv mövqeyini göstərir: “İrəvanın bu cür hərəkətləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlar prosesinə çox mənfi təsir göstərə bilər”.

Qeyd edək ki, Rusiyanın ermənipərəst “Regnum” saytının məlumatına görə, Dağlıq Qarabağın oyuncaq rejimi “DQR” parlamentinin Şuşa şəhərinə köçürülməsi layihəsini müzakirə edir. Bundan sonra Şuşanın Xankəndi ilə birləşdirilməsi yolu ilə “DQR”in paytaxtının da Şuşaya köçürülməsi baş tuta bilər. Siyasi şərhçilərin sözlərinə görə, Ermənistan bu hərəkəti ilə destruktiv mövqedən çıxış etdiyini bir daha göstərir. Bu cür hallar isə müharibəyə doğru atılmış növbəti addımdır. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın işğalçı siyasəti, 23 ildən artıq davam edən atəşkəs rejimi bu illərdə aparılan danışıqlar prosesini nəticəsiz qoyub: “Ötən ilin avqustundan başlayaraq, Ermənistan hakimiyyətinin  Qarabağ münaqişəsinin nizamlanması danışıqlarından çəkilməsi, qeyri-konstruktiv siyasəti nəticəsində münaqişə ətrafında vəziyyət mürəkkəbləşib. Mart ayında Minsk qrupunun həmsədrlərinin regiona səfəri nizamlanma prosesinə heç bir müsbət təsir etmədi. İrəli sürülən üç maddəlik həll variantı konfedensial olaraq, Azərbaycanın suverenliyini təhdid etdiyi üçün qəbul edilmədi. 
Həmsədrlərin səfəri rəsmi İrəvanın aprelin 2-də Qarabağda keçirdikləri "referendum" öncəsi baş tuturdu. Təəssüf ki, Ermənistanın bu şantaj siyasətinə Minsk qrupu ciddi etiraz etməyərək, növbəti dəfə İrəvanın sülh danışıqlarına vurduğu zərbəni görməməzlikdən gəldi. Ermənistan Dağlıq Qarabağın adını "Artsax" etməklə, beynəlxalq hüquq normalarını pozub və bir daha münaqişənin sülh yolu ilə tənzimlənməsində səmimi olmadığını göstərdi. Aprelin sonunda Moskvada xarici işlər nazirlərinin görüşünün də nəticəsiz olması Ermənistanın avantürasını daha da qabartdı. Şuşanın işğalının 25 illiyində Ermənistan prezidentinin qanunsuz Qarabağ səfəri və Şuşanı Xankəndi ilə birləşdirib  paytaxt etmək planı Ermənistanın növbəti dəfə danışıqlarda maraqlı olmamasını göstərir. 
Baş verənlər birbaşa Rusiyanın təlimatı ilə idarə olunur. Çünki münaqişədə əsas moderator rəsmi Moskvadır. Məhz Moskvanın inhisarına keçdiyindən sonra danışıqlar fiaskoya uğradı. Ermənistanın təcavüzkar siyasəti daha da qabardı”. 
Politoloq əlavə etdi ki, Şuşanın “paytaxt” elan edilməsi fonunda Azərbaycan işğalçı ölkəyə qarşı təzyiqləri artmalıdır: “Gələn ay Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.  İşğalçı ölkənin “paytaxt” avantürası həmsədrlərin diqqətinə çatdırılmalı və bu kimi təxribatların qarşısı alınmasa, birbaşa müharibəyə gətirib çıxaracağı bəyan edilməlidir. Azərbaycanın XİN öz etirazını bildirməsi, bir daha Azərbaycanın sərt siyasəti ilə nəticələnəcəyindən xəbər verir. Rusiyanın Ermənistan ərazisində hərbi bazasını möhkəmləndirməsi, işğalçıya verdiyi dəstək danışıqlarda Ermənistanın destruktiv mövqeyini gücləndirir. Düzdür, Azərbaycan işğal olunmuş ərazilərin boşaldılmasını əvvəlki illərdən fərqli olaraq, daha sərt və təzyiq yolu ilə tələb edir. Minsk qrupu və Ermənistanın havadarı olan Rusiya isə bu münaqişənin tezliklə həll edilməməsi nəticəsində növbəti müharibənin baş verməsini anlayırlar. Buna görə də yenidən danışıqlar prosesini sürdürmək istəyirlər. Təbii ki, Azərbaycan Ermənistanın substantiv danışıqlarda maraqlı olmamasını bir daha gördükdə işğalçıya zərbə endirməyi masada saxlayır. Qarşıdakı aylarda Azərbaycan mövqeyini daha da qətiləşdirəcək”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistan tək bu hərəkəti ilə yox, ümumiyyətlə, tarixində konstruktiv olmayıb: “Yəni ondan konstruktiv mövqe gözləməməliyik. Bunun ancaq bir yolu var. Azərbaycan Ordusu güc hesabına Şuşanı da, Xankəndini də azad etməlidir. Yəni analiz etməyin, fikir bölüşməyin mənası yoxdur. Ötən zaman bunu göstərdi. 
Bu il Şuşanın işğalından 25 il keçdi. Bundan artıq nə qədər gözləməliyik ki?! Ancaq ötən ilin aprel döyüşləri də göstərdi ki, xalq döyüşə hazırdır. Artıq diplomatiyanın vaxtı deyil. Ermənilərin bu hərəkəti diplomatiyanın üstündən xətt çəkir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs